Qərbi Azərbaycan vilayətinin 7 şəhəri su qıtlığı böhranı ilə üzləşib
27-01-2025, 15:24
Qərbi Azərbaycanın Su və Kanalizasiya Şirkətinin rəhbəri Məhəmməd Əşrəfi bildirib ki, "bölgədə su qıtlığı təhlükəsi ilə bağlı siqnallar artıq çalınıb."
İLNA xəbər agentliyinin məlumatına görə, Qərbi Azərbaycanın 7 şəhristanında, o cümlədən Urmiyə, Xoy, Salmas, Şot, Makı, Bukan, Piranşəhr və Sərdəştdə su qıtlığı problemi mövcuddur. Bu vilayətdə ümumilikdə 20 şəhristan var və bu sayda su çatışmazlığı ilə üzləşmiş bölgə bu vilayətdə su böhranının nə qədər ciddi olduğuna işarə edir.
Su qıtlığı bölgə əhalisi üçün bir çox problemlər yaradıb. Bu problemlər arasında kəndlərdə suyun tez-tez kəsilməsi, quyuların, bulaqların və kəhrizlərin quruması, kənd əhalisinin su qıtlığı səbəbindən qonşu şəhərlərə köçməsi, içməli su və kənd təsərrüfatı üçün su çatışmazlığı xüsusi olaraq vurğulanır.
Urmiyə gölü İran hökumətinin kənd təsərrüfatı siyasətinin qurbanıdırmı?
Məsələn, Şot şəhristanının Sufi Kəndi kəndində 35 ildən artıqdır ki, sakinlər daimi içməli suyun olmamasından əziyyət çəkirlər. Kənddə su yalnız gündə 1-1,5 saat təmin olunur. Bu kəndin əhalisi 2980 nəfər təşkil edir və Su və Kanalizasiya Şirkəti tərəfindən bir neçə quyu qazılsa da, kəndlilərin ehtiyacları ödənilməyib.
Su qıtlığı bölgədə uzun illərdir ki, kritik vəziyyətə gəlib çıxsa da, tənqidçilər hesab edirlər ki, su resurslarının idarə olunması ilə bağlı zəruri tədbirlər görülməyib. Ən çox su sərfiyyatı olan kənd təsərrüfatı sektorunda suyun səmərəsiz istifadəsi və köhnə suvarma üsullarından istifadə suyun israfına və resursların qeyri-effektiv istifadəsinə səbəb olur.
Bundan əlavə, yağıntının azalması vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, bu il bölgədə yağıntı miqdarı ötən ilə nisbətən 32 faiz azalıb. Yağıntıların azalması yeraltı və yerüstü su ehtiyatlarının tükənməsinə səbəb olub və artan su sərfiyyatı yeraltı su səviyyəsinin daha da azalmasına gətirib çıxarıb. Bu şərait Urmiyənin Kəhriz kəndi, Xoy və Salmas düzənliyi kimi bölgələrdə torpağın çökməsinə səbəb olub.
Mehr xəbər agentliyinin məlumatına görə, 2023-cü ilin statistikalarına əsasən, Qərbi Azərbaycanın yeraltı sularının səviyyəsinin azalması orta hesabla 0,43 metr təşkil edib. Bu azalma səthaltı su təbəqələrinin ümumi həcminin 116,4 milyon kubmetr azalmasına gətirib çıxarıb. Yeraltı su resurslarının tükənməsi nəticəsində torpaq çökməsi təkcə Qərbi Azərbaycan vilayətində deyil, həm də Şərqi Azərbaycan vilayətində ciddi böhran səviyyəsinə çatıb.
İran mediası, o cümlədən İRNA, vilayətin mövcud vəziyyətinin səbəbini yağıntının azalması və yeraltı su ehtiyatlarının hədsiz dərəcədə istifadəsi ilə əlaqələndirir. Rəsmi dövlət mənbələrində qeyd edildiyi kimi, Qərbi Azərbaycanda istehlak olunan suyun 90 faizdən çoxu kənd təsərrüfatına ayrılıb. Yanlış əkinçilik modeli və suya yüksək tələbatı olan məhsulların əkilməsi bu vəziyyəti daha da ağırlaşdırıb.
Bir vaxtlar İranın ən çox su ehtiyatına malik ikinci əyaləti kimi tanınan Qərbi Azərbaycanda, indi sakinlərinin içməli su təminatında çətinliklər yaşayır.