Fransa Ukraynaya ilk Mirage 2000 qırıcılarını təhvil verib
Bu gün, 16:44
![Fransa Ukraynaya ilk Mirage 2000 qırıcılarını təhvil verib](/uploads/posts/2025-02/1738876276_1.jpg)
Fransa “Mirage 2000” qırıcılarının ilk partiyasını Ukraynaya təhvil verib. Bu barədə Fransanın müdafiə naziri Lekornü bəyan edib. Onun sözlərinə görə, ilk təyyarə artıq ölkəyə çatıb.
"O, artıq bir neçə ay Fransada hazırlıq keçmiş ukraynalı pilotlarla birlikdə Ukraynanın keşiyində dayanacaq" - deyə, Lekornü bildirib, lakin ümumilikdə neçə qırıcı təhvil verildiyini dəqiqləşdirməyib. Əvvəllər Avions Legendaires nəşri Fransa hakimiyyətinin Ukraynaya 20-yə qədər təyyarə verəcəyini bildirmişdi.
2024-cü ilin iyun ayında Fransa prezidenti Emmanuel Makron Parisin ilin sonuna qədər Kyivə Mirage 2000 təyyarələrini verəcəyini və ukraynalı pilotların hazırlığını öz üzərinə götürəcəyini elan etmişdi.
Oktyabr ayında Fransanın xarici işlər naziri Jan-Noel Barro Ukraynanın qırıcıları 2025-ci ilin əvvəlində alacağını vəd etmişdi.
Lekornü bildirib ki, bu təyyarələr yeni texnologiyalarla, "hava-yer" sinfindən olan raketlərlə və radioelektron mübarizə sistemləri ilə təchiz olunacaq.
Mirage 2000 Fransanın Dassault şirkəti tərəfindən istehsal olunan dördüncü nəsil çoxməqsədli birmotorlu reaktiv qırıcıdır. Ukraynanın alacağı Mirage 2000−5F modifikasiyası SCALP-EG və "Storm Shadow" qanadlı raketlərini daşıya və buraxa bilir.