Putin sanksiyalar barədə: “Sərhədlərimizi dövr etməyə onların, sadəcə olaraq, benzini yetməz”
12-10-2016, 23:20
“Rusiya çağırır” adlı forumda çıxış edən prezident Vladimir Putin Qərb dövlətlərinin bu ölkəyə tətbiq etdikləri iqtisadi sanksiyalar məsələsinə toxunub. Virtualaz.org “Dojd” telekanalına istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu barədə belə deyib:
“Sanksiyaların Rusiyaya zərər vermədiyi barədə deyilənlər doğru deyil. Burada əsas problem texnologiyaların ötürülməsindəki məhdudiyyətlərdir. Bundan nəinki Rusiyanın, həmçinin bütün dünyanın iqtisadiyyatı əziyyət çəkir. Sanksiyalar – şantaj və təzyiq alətidir. Əgər Rusiya buna görə güzəştə gedərsə, kiminsə iqtisadi törəməsinə çevrilər”.
Putin qeyd edib ki, sanksiyalar vasitəsilə Rusiyanın təcrid olunmasına nail olmaq mümkün deyil: “Bizim sərhədlərimizi dövr etməyə onların, sadəcə olaraq, benzini yetməz. Rusiya kimi ölkəni necə təcrid etmək olar?”
Sanksiyaların nə qədər davam edəcəyi ilə bağlı sualı isə Vladimir Putin belə cavablandırıb: “Rusiya bununla bağlı mövqeyini çoxdan ifadə edib. Siyasi görüşlərdən asılı istənilən iqtisadi məhdudiyyətlər bütün ölkələrin ziyanınadır”.