İran mediası Ərdəbildə İsraillə əlaqədə olmaqda ittiham edilən bir şəxsin həbs edildiyini bildirir

20-02-2025, 16:44           
İran mediası Ərdəbildə İsraillə əlaqədə olmaqda ittiham edilən bir şəxsin həbs edildiyini bildirir
İran mediası İran azərbaycanının Ərdəbil vilayətində "İsraillə əlaqədə olmaq" ittihamı ilə bir şəxsin həbs edildiyini xəbər verib.

İranın rəsmi İRNA agentliyinin məlumatına görə, Ərdəbil vilayətinin Kəşfiyyat İdarəsi həmin şəxsi "İsraillə əlaqə və dinini dəyişmək" ittihamı ilə saxlayıb.

Həbs edilən şəxsin kimliyi açıqlanmayıb, lakin İran mediasının yaydığı xəbərlərdə onun "sosial şəbəkələrdən sui-istifadə edərək" İsraili dəstəklədiyi və İslam kimliyinə qarşı çıxaraq dinini dəyişdiyi, eləcə də "öz sapqın inanclarını təbliğ etdiyi" qeyd olunub.

Həmin şəxsin harada saxlanıldığı və sağlamlıq durumu ilə bağlı məlumat yoxdur.

İran mediası vaxtaşırı olaraq təhlükəsizlik qurumlarına istinadən "İsraillə əlaqədə olmaq" və ya "casusluq" ittihamları ilə insanların həbs edilməsi barədə xəbərlər yayımlayır.

Bu məlumatlarda adətən saxlanılan şəxslərin kimliyi açıqlanmır. Son vaxtlar İran mediası Ərdəbildə daha bir şəxsin "qonşu ölkələrə casusluq" ittihamı ilə saxlanıldığını bildirmişdi.

Bu şəxslərin həbsi və məhkəmə prosesi adətən qeyri-şəffaf olur və onların işi barədə ictimaiyyətə geniş məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru