HƏMAS 4 israilli girovun cəsədini təhvil verib

Dünən, 11:24           
HƏMAS 4 israilli girovun cəsədini təhvil verib
Cümə axşamı HƏMAS silahlı qruplaşması atəşkəs razılaşması çərçivəsində Qəzzada girov saxladığı dörd israillinin cəsədini İsrailə təhvil verib.

Cənubi Qəzzanın Xan Yunis şəhərində yüzlərlə insanın toplaşmışdığı məkanda HƏMAS dörd qara tabutu Qırmızı Xaç Komitəsinə təhvil verdi. Qurum bu tabutları müşayiət edən avtomobil karvanı ilə İsrail ordusuna çatdırdı. Bir neçə saat sonra cəsədlər şəxsiyyətlərinin təsdiqi üçün Təl-Əvivdə yerləşən Milli Məhkəmə Tibbi Ekspertizası Mərkəzinə gətirildi.

Cümə axşamı təhvil verilənlər arasında ən gənc girovlar – oğurlananda 9 aylıq olan körpə Kfir Bibas və onun 4 yaşlı qardaşı Ariel Bibas, eləcə də onların anası Şiri Bibas var idi.

Onlar 7 oktyabr 2023-cü ildə HƏMAS tərəfindən Nir Oz kibutsundan qaçırılmışdılar. Girovların götürülmə anını əks etdirən videoda Şiri Bibasın uşaqlarını yorğana bükərək silahlı şəxslər tərəfindən aparıldığı görünürdü.

HƏMAS-ın məlumatına görə, oğlanlar və anaları 2023-cü ilin noyabr ayında İsrailin hava hücumu nəticəsində həlak olublar. Onların atası, Yarden Bibas isə ayrıca girov götürülmüş və bu ayın əvvəlində sağ olaraq geri qaytarılmışdı.

Həmçinin Nir Oz kibutsunun 83 yaşlı sakini Oded Lifşitsin cəsədi də azad edildi.

Şənbə günü daha altı sağ girovun azad edilməsi və qarşılığında İsrail qüvvələri tərəfindən saxlanılan yüzlərlə fələstinlinin buraxılması planlaşdırılır.

İsrail və HƏMAS yanvarın 19-da başlayan atəşkəsin birinci mərhələsini həyata keçirməkdədirlər. İsrail Xarici İşlər naziri Gideon Saarın sözlərinə görə, ikinci mərhələ ilə bağlı danışıqlar bu həftə başlanacaq.

HƏMAS rəsmisi AFP xəbər agentliyinə bildirib ki, növbəti mərhələdə qalan girovlar birlikdə azad edilə bilər.

HƏMAS-ın hələ də 66 girovu saxladığı güman edilir, onların təxminən yarısının sağ olduğunu deyilir.

Qruplaşma bildirib ki, qalan girovları yalnız döyüşlərin tam dayandırılması və İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılması müqabilində azad edəcək.

Bu arada, İsrail ABŞ-ın dəstəyi ilə HƏMAS-ın Qəzzada hərbi və siyasi nəzarətini tamamilə məhv etməyi əsas məqsəd olaraq saxlayır.

ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS 2023-cü ilin oktyabr ayında həyata keçirdiyi hücumda təxminən 1200 nəfəri öldürüb və təxminən 250 nəfəri girov götürüb. Girovların yarısından çoxu atəşkəs razılaşmaları və digər sazişlər çərçivəsində azad edilib, səkkizi isə hərbi əməliyyatlar nəticəsində xilas olunub.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava və quru əməliyyatları nəticəsində əsasən qadınlar və uşaqlar olmaqla 48,200-dən çox fələstinli həlak olub. Nazirlik ölənlərin arasında neçə nəfərin döyüşçü olduğunu açıqlamır. İsrail ordusu isə 17,000 militantın öldüyünü iddia edir. Hücumlar Qəzzanın geniş ərazilərini dağıdıb və 2,3 milyonluq əhalinin əksəriyyətini didərgin salıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.