Kosta Rika ABŞ tərəfindən deportasiya edilən miqrantları qəbul edəcək
Dünən, 16:44

Kosta Rika bazar ertəsi günü Panama və Qvatemala kimi ABŞ tərəfindən deportasiya edilən miqrantları qəbul edəcəyini açıqladı.
"Kosta Rika hökuməti ABŞ ilə əməkdaşlıq edərək 200 qanunsuz miqrantın öz ölkələrinə qaytarılmasına razılaşıb" - deyə, Kosta Rika prezident administrasiyasının bəyanatında bildirilib. Həmçinin əlavə edib ki, "bu insanlar Mərkəzi Asiya və Hindistandan olanlardır."
Kosta Rika ABŞ prezidenti Donald Trampın 20 yanvarda vəzifəyə başlamasından sonra ölkəyə deportasiya edilən miqrantların repatriasiyasında iştirak edən Mərkəzi Amerika bölgəsindəki üçüncü ölkədir.
Bəyanata görə, deportasiya edilən ilk qrup çərşənbə günü kommersiya reysi ilə Kosta Rikaya çatacaq və daha sonra Panama sərhədinə yaxın Müvəqqəti Miqrant Qayğı Mərkəzinə aparılacaq.
Bəyanatda qeyd olunub ki, "bu proses tamamilə" ABŞ hökuməti tərəfindən maliyyələşdiriləcək və Beynəlxalq Miqrasiya Təşkilatının nəzarəti altında həyata keçiriləcək.
Panama və Qvatemala da ABŞ dövlət katibi Marko Rubionun Latın Amerikasına son səfəri zamanı oxşar razılaşma əldə etmişdi.
Panama keçən həftə Çin, Pakistan, Əfqanıstan və digər ölkələrdən olan 119 miqrantı daşıyan ilk repatriasiya reysini qəbul edib. Qvatemalaya isə hələ heç bir miqrant göndərilməyib.
Latın Amerikası ABŞ-da olduğu təxmin edilən 11 milyon sənədsiz miqrantın böyük əksəriyyətinin vətənidir.
Onların çoxu daha yaxşı həyat naminə çətin keçidlər, vəhşi heyvanlar və cinayətkar qruplaşmalarla qarşılaşaraq təhlükəli yollar qət ediblər.
Lakin Tramp keçən il ABŞ seçki kampaniyasında sənədsiz miqrantlara qarşı sərt mövqe nümayiş etdirmişdi.
Tramp keçən ay vəzifəsinin ilk günündə ABŞ-ın cənub sərhədində milli fövqəladə vəziyyət elan edərək, "milyonlarla" miqrantı deportasiya edəcəyini vəd edib.