Makron və Starmer Trampla görüşəcək, Ukrayna üçün təhlükəsizlik qarantiyalarını müzakirə edəcəklər

Bu gün, 12:24           
Makron və Starmer Trampla görüşəcək, Ukrayna üçün təhlükəsizlik qarantiyalarını müzakirə edəcəklər
Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Avropada ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sərtləşən mövqeyi və üç ildir davam edən münaqişə ilə bağlı Moskva ilə təmas yaratmaq cəhdləri ilə əlaqədar narahatlıqlar fonunda gələn həftə Vaşinqtona səfər edəcək.

Avropanın iki nüvə dövlətinin ayrı-ayrılıqda səfər edəcək liderlərinin Trampı nəyin bahasına olursa olsun Vladimir Putinlə atəşkəs razılaşması əldə etməyə tələsməməyə, Avropanı prosesə cəlb etməyə və Ukraynaya hərbi qarantiyalar verməyə inandırmağa çalışacaqları gözlənilir.

Trampla onun ilk prezidentliyi dönəmində qurduğu münasibətlərdən yararlanmağa çalışan Makron Ukraynanın təslim olmasına bərabər olacaq pis razılaşmanın qəbul edilməsinin ABŞ-ın Çin və İran da daxil olmaqla rəqiblərinə zəiflik siqnalı göndərəcəyini bildirib.

“Mən ona deyəcəyəm: siz prezident (Putin) qarşısında zəif ola bilməzsiniz. Bu, siz deyilsiniz, bu, sizin xarakteriniz deyil və bu, sizin maraqlarınıza uyğun deyil”, o, bazar ertəsi Ağ Evə səfərindən öncə sosial mediada bir saat davam edən sual-cavab zamanı deyib.

Səfərlər Tramp və onun “diktator” kimi təsvir etdiyi Ukrayna prezidenti Volodimir Zelenski arasında fikir ayrılığı fonunda həyata keçirilir.

Bu, Kyivin artıq ticarət, diplomatiya və hətta Avropanın daxili siyasəti ilə bağlı ABŞ-ın daha aqressiv mövqeyi ilə qarşılaşan avropalı müttəfiqlərini təşvişə salıb.

Müharibənin sona çatmasının “Putinin yenidən hücumlarından əvvəl müvəqqəti fasilə” ola bilməyəcəyi barədə xəbərdarlıq edən Starmer cümə axşamı Vaşinqtonda olacaq.

Cümə günü Fox News kanalının podkastında danışan Tramp Makron və Starmerin müharibəni bitirmək üçün “heç nə etmədiyini” bildirib. “Rusiya ilə danışıqlar yoxdur!” o deyib. Bununla belə o, Makronu “mənim dostum”, Starmeri isə “çox yaxşı insan” kimi təsvir edib.

Hər iki ölkə Trampa Avropanın təhlükəsizliyi üçün daha böyük yük götürməyə hazır olduqlarını göstərmək istəyir.

Qərb rəsmiləri bildirirlər ki, Britaniya və Fransa Ukraynaya hərbi qarantiyaları müzakirə etmək üçün müttəfiqlərlə işləyir və hər iki ölkənin liderləri Trampı atəşkəsdən sonrakı istənilən razılaşmada ABŞ-ın qarantiyalar verməsinə inandırmağa çalışacaqlar.

Rəsmilərin bildiridyinə görə, Britaniya və Fransa həmçinin avropalılar razılıq əldə olunarsa və sülhməramlıl qüvvələrə ehtiyac olarsa, nə etməyə hazır olacaqlarını müzakirə etdikləri vaxt bir sıra variantlar üzərində işləyən Danimarka və Baltikyanı ölkələr kimi ölkələri dəstəkləyir.

Qərb rəsmiləri bildiriblər ki, həm Britaniya, həm Fransa dərhal Ukraynaya hərbi qüvvə göndərməyi istisna etsə də, hələ konseptual mərhələdə olan planlar Rusiyanın gələcək hücumlarının qarşısını almaq üçün hava, dəniz, quru və kiber dəstəyin təmin edilməsinə yönəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.