Tramp administrasiyası USAID-in 2000 işçisini işdən çıxarır və minlərlə işçini inzibati məzuniyyətə göndərir

Bu gün, 15:44           
Tramp administrasiyası USAID-in 2000 işçisini işdən çıxarır və minlərlə işçini inzibati məzuniyyətə göndərir
Tramp administrasiyası bazar günü ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dünya boyu çalışan işçilərinin əksəriyyətini məzuniyyətə göndərdiyini və ABŞ-dakı 2,000 iş yerini ləğv etdiyini elan edib.

Bu addım Prezident Donald Tramp və onun xərcləri azaltmaqda müttəfiqi olan İlon Maskın federal hökumətin miqyasını kiçiltmək məqsədilə, altmış illik tarixə malik bu yardım və inkişaf agentliyini ləğv etmək üçün atdığı ən böyük addımlardan biridir.

Bu qərar cümə günü federal hakimin administrasiyanın ABŞ və dünya üzrə minlərlə USAID işçisini işdən kənarlaşdırmaq planını həyata keçirməsinə icazə verməsindən sonra verilib. ABŞ Dairə Hakimi Karl Nikols hökumətin bu planının müvəqqəti dayandırılmasını tələb edən işçilərin iddiasını rədd edib.

"23 fevral 2025-ci il bazar günü, saat 23:59-dan etibarən, əsas vəzifələr, əsas rəhbərlik və/və ya xüsusi təyin olunmuş proqramlar üçün məsul olan heyət istisna olmaqla, USAID-in birbaşa işə götürülən bütün işçiləri qlobal miqyasda inzibati məzuniyyətə göndəriləcək", Associated Press-in əldə etdiyi USAID işçilərinə göndərilən bildirişlərdə deyilir.

Agentlik eyni zamanda ABŞ-da 2,000 iş yerini ləğv edəcək işçi sayının azaldılması prosesinə başlayıb. Bu o deməkdir ki, USAID-in hazırda məzuniyyətə göndərilən Vaşinqtondakı işçilərinin çoxu tezliklə işlərini itirəcək.

Tramp tərəfindən təyin edilən və hazırda USAID-i idarə edən administrator müavini Pit Marokko hazırda xaricdə olan USAID işçiləri və onların ailələrinin səyahətlərini təşkil etmək məqsədilə, əsasən ABŞ-da çalışan təxminən 600 işçinin hələlik işdə saxlamağı planlardırdığını bildirib.

USAID və Dövlət Departamenti şərh vermək üçün müraciətlərə dərhal cavab verməyib.

Bununla da, Vaşinqtondakı qərargahını bağlamaq və bütün xarici yardımları dondurmaq cəhdindən sonra bütün dünyada minlərlə yardım və inkişaf proqramlarına son qoymaq da daxil olmaqla agentliyin ləğvi yolunda bir aydır davam edən səylər güclənir. Tramp və Mask USAID-in fəaliyyətini israfçılıq hesab edir və onun liberal gündəmi irəlilətdiyini iddia edirlər.

Dövlət qulluqçularının həmkarlar ittifaqları, USAID podratçıları və digər maraqlı tərəflər tərəfindən açılan məhkəmə iddialarında deyilir ki, Konstitusiyaya görə, administrasiya qanunvericilərin təsdiqi olmadan müstəqil bir agentliyi və ya Konqres tərəfindən maliyyələşdirilən proqramları ləğv etmək səlahiyyətinə malik deyil.

Tramp administrasiyasının bu səyləri, ABŞ-ın uzun illərdən bəri xaricdə yardım və inkişaf işlərinin regional sabitliyi və iqtisadiyyatı gücləndirməklə milli təhlükəsizliyə xidmət etdiyi və beynəlxalq nüfuz qazanmaq üçün "yumşaq güc" vasitəsi olduğuna dair siyasətini alt-üst edir.

AP-nin əldə etdiyi nüsxələrə görə, işdən çıxarılma və inzibati məzuniyyət bildirişlərindən əlavı, ötən həftə yüzlərlə USAID podratçısına adları qeyd edilməyərək, işdən çıxarıldıqlarına dair məktublar göndərilib.

İşçilər qeyd edirlər ki, USAID podratçılarına göndərilən bu ümumi bildirişlərdə ad və vəzifələrinin qeyd edilməməsi, işdən çıxarılan işçilərin işsizlik müavinəti almasını çətinləşdirə bilər.

USAID ilə bağlı ikinci məhkəmə işində isə başqa bir hakim xarici maliyyələşdirmənin dondurulmasını müvəqqəti dayandırıb və ötən həftə administrasiyanın onun məhkəmə qərarına baxmayaraq yardımları saxladığını bildirib. Hakim administrasiyaya dünya üzrə proqramlara maliyyənin ən azı müvəqqəti bərpa olunmasını əmr edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.