ABŞ qanunvericiləri 14 mart tarixində hökumət bağlanmasının qarşısını almağa tələsir

Bu gün, 16:24           
ABŞ qanunvericiləri 14 mart tarixində hökumət bağlanmasının qarşısını almağa tələsir
ABŞ qanunvericiləri maliyyələşmənin son tarixi olan 14 martdan sonra hökumətin fəaliyyətini davam etdirmək üçün bir addım irəliləsələr də, Konqres üzvləri bu həftə ölkə paytaxtına qayıtdıqda hələ də həll edilməli olan ciddi məsələlər qalmaqdadır.

Müzakirə olunan əsas məsələlərdən biri 2017-ci il vergi güzəştlərinin necə və nə zaman uzadılması və ABŞ-ın büdcə kəsirinin əsas sosial təminat proqramlarını ixtisar etmədən necə azaldılmasıdır.

Prezident Donald Tramp qanunvericiləri onun daxili siyasət gündəminin əsas hissəsi olacaq “böyük və gözəl bir qanun layihəsi” qəbul etməyə çağırıb.

Tramp Nümayəndələr Palatasının hazırladığı büdcə versiyasına üstünlük verdiyini ifadə etsə də, Senat cümə günü hərbi xərclərə 150 milyard dollar və sərhəd təhlükəsizliyinə 175 milyard dollar ayıran maliyyələşdirmə layihəsini keçirib. Bu tədbir, həmçinin, Nümayəndələr Palatası versiyasında “Medicaid” proqramında nəzərdə tutulan mübahisəli ixtisarları əhatə etmir.

Senat rəhbərliyi vergi güzəştlərinin ayrıca bir qanun layihəsi ilə ilin sonuna qədər qəbul edilməsini təklif edib.

“Respublikaçılar cinayətkar miqrantların deportasiyası səylərini maliyyələşdirmək, həmçinin sərhədimizin təhlükəsizliyini təmin etmək, qeyri-qanuni miqrasiyanı azaltmaq və qanunun aliliyinə hörməti bərpa etmək üçün qanunvericilik üzərində irəliləyirlər,” – Senatda çoxluqda olan Respublikaçıların lideri Con Tun bazar ertəsi çıxışı zamanı bildirib.

Lakin Senat Demokratlarının lideri Çak Şumer bu səsverməni vergi güzəştlərinin uzadılması istiqamətində ilk addım kimi xarakterizə edib.

“Respublikaçılar nə edirlər? Onlar milyonlarla orta təbəqə Amerika ailəsinə xidmət göstərən proqramların dayanmasının qarşısını almaq əvəzinə, vaxtlarını ABŞ-ın ən zəngin insanlarının istəklərinə uyğun siyasət yürütməyə sərf edirlər,” – Şumer bazar ertəsi bildirib.

Senat, Nümayəndələr Palatasının versiyasının uğur qazanacağına dair qeyri-müəyyənlik səbəbindən, öz büdcə layihəsi ilə bağlı səsverməni irəli aparıb. Hər iki versiya qanun kimi imzalanması üçün kompromisə varianta gətirilməsi tələb olunacaq.

Nümayəndələr Palatası çərşənbə axşamı prosedur səsverməsi keçirib. Lakin Nümayəndələr Palatasının spikeri Mayk Conson cəmi bir Respublikaçı üstünlüyünə sahibdir və öz büdcə versiyasını qəbul etdirmək üçün partiya daxilindən səs itirə bilməz.

Respublikaçı nümayəndə Toni Qonzalesin rəhbərlik etdiyi və digər yeddi Respublikaçının da daxil olduğu qrup “Medicaid” səhiyyə proqramı, ərzaq yardımı və digər sosial müdafiə proqramlarının mümkün ixtisarlarına qarşı xəbərdarlıq edib.

““Medicaid”in ixtisar edilməsi, xüsusilə də xəstəxanalar və qocalar evlərinin artıq çətinlik çəkdiyi kənd və əsasən ispandilli icmalarında ciddi nəticələrə səbəb olacaq,” – qanunvericilər keçən həftə Consona göndərdikləri məktubda bildiriblər.

Respublikaçı nümayəndə Tomas Massi və mühafizəkar Azadlıq Qrupu üzvləri də səsverməyə çıxarılan büdcə layihəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bir neçə digər qərarsız Respublikaçı isə hələ öz mövqeyini açıqlamayıb.

Konqres Demokratları da Respublikaçıların vergi güzəştləri təklifinə qarşı çıxır və bunun aşağı gəlirli və orta təbəqə amerikalılar üçün zərərli olacağını, onların yaşayış xərcləri və inflyasiya ilə bağlı narahatlıqları artıracağını bildirirlər.

Bazar ertəsi səhər göndərdiyi “Hörmətli həmkarlar” məktubunda Demokratların lideri Hakim Cefris yazıb: “Radikal sağçı ekstremistlər, varlı Respublikaçı donorlar və əlaqələri güclü korporasiyalar üçün 4.5 trilyon dollarlıq vergi güzəştlərini qəbul etdirmək, borcu artırmaq və “Medicaid”-i ləğv edərək adi amerikalıların yükünü daha da ağırlaşdırmaq istəyirlər. Respublikaçıların vergi fırıldağını dayandırmaq üçün gücümüzü birləşdirməliyik.”

Tramp keçən həftə “Truth Social” platformasında belə yazıb: “Nümayəndələr Palatası və Senat, MÖHTƏŞƏM bir iş görərək, bir vahid və məğlubedilməz KOMANDA kimi birlikdə işləyirlər. Lakin hazırda müzakirə edilən çox vacib qanun layihəsinin Lindsi Qreham versiyasından fərqli olaraq, Nümayəndələr Palatasının qətnaməsi mənim TAM Amerika Birinci Gündəmimi, HƏR ŞEYİ, yalnız bəzi hissələrini deyil, tətbiq edir!”

Əgər qanunvericilər 14 marta qədər kompromis əldə edə bilməsələr, qismən hökumət bağlanması baş verəcək, milyonlarla federal işçi müvəqqəti olaraq maaşsız qalacaq və bəzi qeyri-vacib hökumət xidmətləri dayandırılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.