Avropa İttifaqı Çindən asılılığ azaltmaq üçün Hindistandan bəzi məhsullara olan tarifləri kəsməyini istəyəcək
Bu gün, 17:24

Çindən asılılığını azaltmağa çalışan Avropa İttifaqı ticarəti artırmaq məqsədilə Hindistana avtomobillər və şərablar üzrə yüksək tarifləri azaltmaq üçün müraciət edəcək. Bu barədə Avropa Komissiyasının prezidentinin Yeni Dehliyə səfəri ərəfəsində Aİ-nin yüksək vəzifəli rəsmisi məlumat verib.
ABŞ prezidenti Donald Trampın qarşılıqlı tariflər tətbiq edəcəyi ilə bağlı xəbərdarlığını xatırladan rəsmi, Aİ-nin Hindistana bəzi mallara qoyulan tarifləri azaltmaq və öz məhsulları üçün bazara çıxışı genişləndirmək istiqamətində təzyiq göstərəcəyi, əvəzində isə azad ticarət sazişi danışıqlarını sürətləndirmək üçün kənd təsərrüfatı məsələlərində müəyyən güzəştlər təklif edəcəyini bildirib.
“Hindistan bazarı nisbətən qapalıdır, xüsusən Avropa İttifaqı və onun üzv dövlətlərinin sənaye maraqları üçün əsas kommersiya məhsulları olan avtomobillər, şərablar və spirtli içkilər baxımından,” – deyə məxfi müzakirələrin xarakterinə görə anonim qalmaq istəyən rəsmi bildirib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin cümə axşamı başlayacaq iki günlük səfəri, Aİ üzv dövlətlərinin liderlərinin müşayiəti ilə, geosiyasi gərginliyin artdığı bir dövrə təsadüf edir. Brüssel və Yeni Dehli strateji tərəfdaşlıq çərçivəsində daha dərin əməkdaşlıq sahələrini müəyyən etməyi planlaşdırır.
Fon der Leyen cümə günü Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcək, daha sonra isə ticarət naziri Piyuş Qoyal ilə müzakirələr aparacaq.
Növbəti ticarət danışıqları raundu 10-14 mart tarixlərində Brüsseldə keçiriləcək.
Aİ-nin tariflərin azaldılması çağırışı Trampın aprel ayının əvvəlindən qarşılıqlı tariflər tətbiq edəcəyi ilə bağlı təhdidləri fonunda səslənir ki, bu da Hindistanın ixracatçıları üçün narahatlıq yaradır. Citi Research təhlilçilərinin hesablamalarına görə, Hindistan illik təxminən 7 milyard dollar dəyərində itkilərlə üzləşə bilər.
Çindən asılılığın azaldılması
Aİ “risklərin azaldılması” strategiyası çərçivəsində Hindistan ilə iqtisadi və təhlükəsizlik sahəsində əlaqələri gücləndirmək, təchizat zəncirlərini şaxələndirmək və Çindən əsas məhsullar üzrə asılılığı azaltmaq istəyir.
Aİ eyni zamanda Hindistanı kibertəhlükələr, Cənubi Çin dənizi və Hind-Sakit okean regionundakı gərginliklər də daxil olmaqla, təhlükəsizlik problemlərinin həllində vacib tərəfdaş kimi görür.
Fon der Leyenin, həmçinin, Hindistanın Ukraynanın təhlükəsizliyi üçün “sülh və ədalətli razılaşma”nı dəstəkləməsini istədiyi bildirilir.
Aİ və Hindistan kibertəhlükələr və terrorizmlə mübarizə kimi ortaq təhdidlərlə mübarizə aparmaq üçün məxfi təhlükəsizlik məlumatlarının paylaşılmasını nəzərdə tutan razılaşma imzalaya, eyni zamanda müdafiə avadanlıqlarının ticarətini araşdıra bilərlər.
Bütün bu potensial faydalara baxmayaraq, ticarət təhlilçiləri səfərin konkret nəticələr verməyə bilər deyə ehtiyat edirlər.
Yeni Dehlidə yerləşən Global Trade Initiative adlı beyin mərkəzinin təsisçisi və Aİ ilə ticarət danışıqlarında Hindistanın keçmiş danışıqlarçısı Acay Srivastava bildirib ki, əhəmiyyətli əməkdaşlıq üçün Aİ Hindistanı “məlumat təhlükəsizliyi təmin edən ölkə” kimi tanımalıdır.
“Hər iki tərəf Çinə dair narahatlıqlar keçirir, lakin heç biri bunu əsas prioritet kimi görmür,” – deyə Srivastava qeyd edib. Onun sözlərinə görə, Hindistanın əsas diqqəti Çinlə sərhəd gərginliyinə yönəlib, Aİ isə daha çox Ukrayna-Rusiya münaqişəsi və NATO məsələlərindən narahatdır.