ABŞ və Belarus siyasi məhbuslar və sanksiyalarla bağlı razılığa gəlməyə çalışır
Bu gün, 15:44

ABŞ və Belarusun Belarusda xeyli sayda siyasi məhbusun azad edilməsi üçün danışıqlar apardığı bildirilir. Bunun müqabilində ABŞ Rusiya ilə sıx bağlı olan ölkəyə qarşı bəzi sanksiyaları yumşaltmağı nəzərdən keçirir. Maksim Adamsın reportajında.
Bu yaxınlarda dövlət katibi Marko Rubio açıqlama verərək, Belarus hökumətinin üç siyasi məhbusu – AzadlıqRadiosunun Belarus xidmətinin jurnalisti Andrey Kuzneçik və 56 yaşlı ABŞ vətəndaşı Nikolay Şuqayevi azad etməyə razılaşdığını elan edib.
Onlar sərbəst buraxılandan sonra ABŞ Dövlət Departamentinin rəsmisi Kristofer Smit bildirib ki, ABŞ daha çox məhbusun azad edilməsinə nail olmaq üzərində çalışır.
Ancaq ABŞ-ın Belarusdakı keçmiş səfiri Kennet Yalovitz onların sərbəst buraxılmalarının Belarusun siyasətində hər hansı böyük dəyişikliyin bir hissəsi olduğunu düşünmür.
"Humanitar müstəvidə, Belarus həbsxanalarından istənilən siyasi məhbusun azad edilməsini görmək çox xoşdur - bu, irəliyə doğru bir addımdır. Ancaq Belarusda mindən çox siyasi məhbus qalır. Avtoritar diktatura çox möhkəm şəkildə yerində qalır," Vilson Mərkəzindən Kennet Yalovitz deyib.
Yalovitz bildirir ki, Belarusun avtoritar lideri, prezident Aleksandr Lukaşenkonun qərarları Ukraynadakı vəziyyətlə bağlıdır. O hesab edir ki, Belarus Ukraynada müharibənin dayandırılması və ABŞ-Rusiya münasibətlərinin yumşalması ehtimalına reaksiya verir.
“The New York Times” qəzetində dərc olunan xəbərdə deyilir ki, Tramp administrasiyasının rəsmiləri məhbusların azad edilməsi müqabilində ABŞ-ın insan haqlarının pozulmasına görə Belarusa tətbiq etdiyi sanksiyaları yumşaldacağı razılaşmaya açıqdır.
Belaruslu siyasi analitik Vadim Mojeiko deyir ki, ABŞ və Belarus arasında razılaşma sanksiya siyasətinin məntiqinə uyğundur.
“İnanıram ki, bu, sanksiyaların necə işlədiyinin bariz nümunəsidir. Əgər Minsk güzəştə getməyə, sanksiyaların yumşaldılması müqabilində siyasi məhbusları azad etməyə hazırdırsa, bu, uğurlu təzyiqin nəticəsidir,” o deyib.
Tarixçi və siyasi analitik Aleksandr Fridman sanksiyaların işə yaradığı ilə razılaşır, eyni zamanda isə o, ABŞ-la hər hansı razılaşmanın Belarusu Qərbə yaxınlaşdıra biləcəyinə şübhə edir.
"Lukaşenko ABŞ-la razılaşmaya qətiyyən etiraz etməzdi. Amma təbii ki, Rusiya faktoru var - hətta Lukaşenko ABŞ-la razılaşmaq istəsə belə, Rusiya buna icazə verəcəkmi?" o deyib.
Belaruslu jurnalist və keçmiş siyasi məhbus Olqa Loiko deyir ki, o, məhbusların azad edilməsi xəbərinə sevinir, amma bundan sonra nələrin baş verə biləcəyini də dəqiq bilir.
"Biz hamımız bilirik ki, Lukaşenko sövdələşmələri yerinə yetirməməklə tanınır. Və sonda hamının azadlığa buraxılması heç də hamının deyil, daha sonra isə heç kimin buraxılmamasına çevriləcək….Sonra repressiyalar davam edəcək və heç nə dəyişməyəcək," o söyləyib.
Bu yaxınlarda bir qrup Nobel mükafatı laureatı ABŞ prezidenti və Avropa İttifaqı liderlərinə müraciət edərək, onları Belarusdakı bütün siyasi məhbusların azad edilməsi üçün “təcili və qətiyyətli addımlar atmağa” çağırıb.