ABŞ məhkəməsi AzadlıqRadiosunun USAGM-ə qarşı iddiasına baxacaq
Dünən, 16:44

Azad Avropa/Azadlıq Radiolarının (RFERL) ABŞ Qlobal Media Agentliyinə (USAGM) qarşı qaldırdığı iddiaya martın 24-də baxılacaq. İddia USAGM-ın AzadlıqRadiosuna Konqresdən təsdiqlənmiş qrantın verilməsini dayandırması səbəbindən yayımçının “bərpaolunmaz zərər” görməsinin qarşısını almaq məqsədi daşıyır.
ABŞ Kolumbiya Dairə Məhkəməsi yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 22:00-da) iş üzrə hər iki tərəfin arqumentlərini dinləyəcək.
AzadlıqRadiosu USAGM-dən martın 1-dən martın 15-dək olan dövrü əhatə edən 7.5 milyon dolların ödənilməsini tələb edir. USAGM martın 15-də elan edib ki, Konqresin təsdiqlədiyi qrant çərçivəsində AzadlıqRadiosunun maliyyələşdirilməsi dayandırılır.
İddiada qeyd olunur ki, AzadlıqRadiosu üçün ayrılmış vəsaitə çıxışın məhdudlaşdırılması federal qanunları və ABŞ Konstitusiyasını pozur, çünki federal xərclər üzərində yekun qərarvermə səlahiyyəti Konqresə məxsusdur. Həmçinin, məhkəmədən yayımçıya dəyən ziyanı məhdudlaşdırmaq üçün mart ayı vəsaitlərinin ödənilməsi ilə bağlı müvəqqəti məhkəmə qadağası qərarının çıxarılması xahiş olunur.
AzadlıqRadiosunun hüquqi addımları habelə sentyabrın 30-da başa çatacaq 2025-ci maliyyə ili üçün nəzərdə tutulmuş qrant vəsaitlərinin qalan hissəsinin alınmasına yönəlib. Qalan məbləğlə bağlı ilkin dinləmələr aprelin ortalarına təyin edilib.
USAGM məhkəməyə təqdim etdiyi sənəddə bildirib ki, Dairə Məhkəməsi bu iş üçün uyğun yer deyil və Konqres USAGM-ə “qrant alanlara nəzarət etmək üçün geniş səlahiyyətlər verib”. “Hətta bu məhkəmənin iddiaçının USAGM-in qərarını ləğv etmək tələbini təmin etmək yurisdiksiyası olsaydı belə, bu, ictimai maraqlara cavab verməzdi “, – həmin sənəddə vurğulanır.