Kral Çarlz dəmir yolu səfərlərindən imtina edir – Kral Qatarı "təqaüdə" göndərilir

Bu gün, 12:14           
Kral Çarlz dəmir yolu səfərlərindən imtina edir – Kral Qatarı "təqaüdə" göndərilir
Böyük Britaniya kral ailəsinin uzun illər simvoluna çevrilmiş kral qatarı 2027-ci ilə qədər istismardan çıxarılacaq.
İqtisadiyyat.az CNN-ə istinadla xbər verir ki, bu qərar Bukingem Sarayının illik maliyyə hesabatında təsdiqlənib və qənaət tədbirləri çərçivəsində atılıb.

Kral qatarı ilk dəfə Kraliça Viktoriya tərəfindən 1842-ci ildə istifadə olunub və hazırkı versiyası 1977-ci ildə mərhum Kraliça II Yelizavetanın Gümüş Yubileyi münasibətilə təqdim edilmişdi. Lakin hesabatda göstərilir ki, qatarın saxlanma və səfər xərcləri son illərdə sürətlə artıb. Təkcə kral Çarlzın bu ilin fevralında Staffordşirə səfəri 44 min funt sterlinqdən baha başa gəlib.

Kral ailəsinin səfərləri üçün alternativ nəqliyyat vasitəsi kimi iki hökumət helikopterindən istifadə ediləcək. Məlumata görə, keçən il bu helikopterlərlə 140-dan çox səfər həyata keçirilib, hər səfərin orta xərci isə təxminən 3,370 funt sterlinq təşkil edib.

Bununla yanaşı, Kral Evi Suveren Qrant çərçivəsində 86,3 milyon funt sterlinq (təxminən 118,5 milyon dollar) məbləğində maliyyələşməni davam etdirəcək. Bu vəsait kral saraylarının saxlanması və kral ailəsinin rəsmi fəaliyyətlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulur. Qrant müqabilində kral ailəsi Crown Estate-dən əldə olunan bütün gəlirləri hökumətə təhvil verir.

Kral ailəsinin rəsmi açıqlamasında həmçinin bildirilib ki, Bukingem Sarayının müasir tələblərə cavab verməsi üçün əsaslı təmir layihəsi həyata keçirilir. Elektrik sistemlərinin yenilənməsi, boru kəmərləri, liftlər və əlçatanlıq imkanları bu modernləşdirmənin əsas hissəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.