Almaniyadakı səfirliyimiz bəyanat yaydı

10-06-2015, 11:39           
Almaniyadakı səfirliyimiz bəyanat yaydı
Azərbaycanın Almaniyadakı səfirliyi bəzi alman KİV-lərinin yazdıqlarına qarşı bəyanat yayıb.

ANS PRESS-in məlumatına görə, iyunun 9-da yayılmış bəyanatda Almaniya mətbuatında ilk Avropa Oyunları kontekstində Azərbaycan haqqında yayılmış “qərəzli məlumatlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası” adlandırılıb.

Bəyanatda “Frankfurter Allgemeine Zeitung” qəzetinin müxbiri Kristof Beker, “Der Tagesspiegel” qəzetinin müxbiri Klaudia fon Zaltsen, “Deutschlandradio” şirkətinə məxsus olan radio-kanalları bu kampaniyanın “fəal daşıyıcıları” adlandırılır. Azərbaycan haqqında qeyri-obyektiv xəbərlər yayan mətbuat nümayəndələri sərt tənqid olunub.

Bəyanatda diqqətə çatdırılır ki, bu mətbu orqanlarında Azərbaycanın ünvanına səsləndirilən tənqidi fikirlər faktlara deyil, uydurma və ya natamam məlumatlara əsaslanır və müsbət məqamlar isə gözardı edilir.

“Azərbaycanda insan hüquqları və mətbuat azadlığının vəziyyəti haqqında səsləndirilən tənqid əsassızdır, çünki o, dərin jurnalist araşdırmaları və obyektiv siyasi analizə söykənmir” deyə bəyanatda qeyd olunur.

Səfirlik bəyanatda Avropa Oyunlarının əhəmiyyətini şübhə altına almağa çalışan “qarayaxma kampaniyası”na sərt şəkildə etiraz edib: “Avropa idman ictimaiyyətinin Avropa Oyunlarına böyük əhəmiyyət verdiyi halda, mətbuatda Oyunları qərəzli şəkildə tənqid edən məlumatların yayılması heç cür başa düşülmür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.