Tiflis Saakaşvilinin son dayağını parçalayır
12-01-2017, 10:31

Vahid Milli Hərəkat Partiyasında parçalanma olarsa, Mixail Saakaşvili çox güclənəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gürcü sosioloq Zurab Biqvava söyləyib.
“Bokeriya-Bakradze qrupu Vahid Milli Hərəkatda elita sayılır. Əgər onlar Vahid Milli Hərəkatdan ayrılsalar, öz tərəfdarlarını itirəcəklər. 500 min seçiciyə iddia edən qrup unutmamalıdır ki, bu insanlar onların tərəfdarları deyillər. Onlar Mixail Saakaşvilini ataları və partiya lideri kimi dəstəkləyirlər. Zamanında Şevardnadze və Qamsaxurdiyaya da belə yanaşırdılar. Ümumiyyətlə, böyük elektoratlarda intellektual elitanı çox az adam dəstəkləyir. İctimaiyyətin böyük əksəriyyəti Saakaşvili kimi xarizmatik və aqressiv lider axtarır. Gələcək seçkilər göstərəcək ki, Bokeriya-Bakradze qrupu, yoxsa Saakaşvili güclüdür. Onlardan heç birinin uğur qazanmayacağı və yeni oyunçunun meydana çıxacağı da istisna deyil. Belə olan halda Vahid Milli Hərəkat əsas müxalif qüvvə statusunu itirəcək”, – Biqvava bildirib.
Qeyd edək ki, noyabrın sonunda Vahid Milli Hərəkat Partiyasının qurultayı keçirilib. Burada növbəti qurultayın yanvarın 20-də keçirilməsi qərara alınıb. Üstəlik, Saakaşvili tərəfdarlarının təkidi ilə qurultayda 7 min nümayəndənin iştirakı təsdiqlənib. Məhz bu qurultayda partiyanın yeni rəhbərliyi məsələsinə aydınlıq gətirilməlidir. Saakaşvili tərəfdarları bu vəzifənin boş qalmasını istəyir. Buna etiraz edənlər isə partiyanın liderləri sayılan David Bakradze və Giqa Bokeriyadır.
Saakaşvili artıq İvanişvilinin onu Gürcüstan siyasətindən uzaqlaşdırmaq istədiyini bildirib. O, həmçinin, bu işdə hökumətin onun keçmiş tərəfdarlarından istifadə etdiyini söyləyib. Saakaşvili Tiflisin Vahid Milli Hərəkatı parçalamaq istədiyini də qeyd edib.