Tramp medianı özünə düşmən etdi...

14-01-2017, 11:09           
Tramp medianı özünə düşmən etdi...
Mehman Əliyev: “O, əvvəl-axır medianın gücü ilə hesablaşacaq”

ABŞ-ın 45-ci prezidenti seçilən Tramp CNN telekanalına qarşı sərt açıqlamalarına davam edir.

Twitter mesajında o, CNN-in “uydurma xəbərləri ilə bütün bir çöküş içində” olduğunu bildirib. Tramp keçirdiyi ilk mətbuat konfransında da CNN-in stajlı Ağ Ev müxbiri Cim Acostaya söz verməyərək CNN üçün “uyduruk xəbərlər verən televiziya şəbəkəsi” ifadəsini işlətmişdi.

CNN müxbiri isə Trampa deyib: “Siz ki, bizim televiziyaya hücum edirsiniz, heç olmasa imkan verin sualımızı səsləndirək”.

Tramp belə cavab verib: “Sizin medianız yanlış xəbərlər verir, ona görə də sizə sual vermək icazəsi verməcəyəm, sizin qurumunuz dəhşətlidir”.

CNN müxbiri öz xahişini təkrar səsləndirdikdə Trampdan belə cavab alıb: “Sus! Ədəbsiz olma! Sus!”

Bu günə qədər D.Trampın mediaya münasibəti o qədər də isti sayılmayıb. Amma onun prezident seçiləndən sonra davranışlarını korrektə edəcəyi də gözlənilirdi. Xüsusən media siyasətində dəyişiklik edəcəyi təxmin edilən prezident ilk mətbuat konfransında bütün ümidləri öldürüb və sübut edib ki, bu günə qədər media nümayəndələri ilə necə davranırdısa, bundan sonra da elə olacaq. Xüsusən də seçki kampaniyası dövründə onunla bağlı sərt, aqressiv, tənqidi yazan media nümayəndələrindən heyfini bu formada çıxacaq. Halbuki qisasçılıq bir siyasətçi üçün əsla bağışlanmayacaq bir çatışmazlıqdır.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə Trampın media düşmənçiliyi mövzusunu danışdıq. Müsahibimiz dedi ki, Tramp siyasətçi olmayıb və indi də siyasətçi deyil. Müsahibimizin sözlərinə görə, o, biznesmendir. Əsasən şou biznes sahəsində, müsabiqələrin təşkilatçılığı ilə ad qazanıb: “Onun yaşayış tərzi, baxışları indiki tutduğu statusa uyğun deyil. O, rola girə bilməyib. Tramp həm də özünü ərköyün oğlan kimi aparıb. Bu da onun statusu ilə davranışı arasında ziddiyyət təşkil edir. Amma bu, belə davam etməyəcək. Tramp media ilə getdikcə hesablaşmağa məcbur olacaq. Bu qaçılmazdır. Bizim zaman-zaman bu tipli münaqişələrə şahid olacağımız da qaçılmazdır”.


M.Əliyevin sözlərinə görə, Tramp istəsə də, istəməsə də, media ilə lazımi çərçivədə münasibət qurmalı, bununla bağlı mədəniyyəti formalaşmalıdır. Müsahibimizin sözlərinə görə, gələcəkdə onunla bağlı qalmaqallar da ola bilər: “Bu tipli məlumatların getməsi isə ciddi xəbərdarlıqdır ki, ona qarşı nəsə ola bilər. İndiki halda Amerikada bununla bağlı çox maraqlı situasiya yaranıb. Bu sayaq davranışlara Amerikada münasibət birmənalıdır. Jurnalistlər yaradıcı adam, biznesin tərkib hissəsi ola bilərlər. Amma onlar hər zaman azad mövqeləri ilə seçilirlər. Bu ölkədə yaradıcılıq azadlığı yüksək qiymətləndirilir. Onlar vaxtaşırı öz mövqelərini bildirə bilirlər. Bu yaxınlarda "Qızıl Qlobus" mükafatını alanda Hollivud aktrisası Meral Strips Trampla bağlı tənqidi fikirlərini səsləndirdi. Trampın ona cavabı oldu. Amma ondan sonra Hollivud aktyorları həmkarlarını dəstəklədirlər. Yaradıcı təbəqə bu tipli məsələləri bağışlamır. Qərbdə daim bu cür məsələlər özünü göstərir. Həmrəylik göstərə bilirlər. Tramp bununla hesablaşmaldır. Hələ mən onu demirəm ki, rəqibləri də onun bu zəif yerindən hansısa məqamda istifadə edə bilərlər və edəcəklər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.