Amerikalılar Tramp-ın vergi sənədlərini görmək istəyirlər

22-01-2017, 19:45           
Amerikalılar Tramp-ın vergi sənədlərini görmək istəyirlər
“The İndependent” yazır ki, ABŞ prezidenti Donald Trump-ın öz vergi hesabatını açıqlamasını tələb edən petisiya həlledici 100 min imza hüdudunu keçib.

Petisiyaçıların sayı 100 mini keçdikdən sonra qanuna görə Ağ Ev buna çevik bir şəkildə reaksiya verməlidir.

Ağ Evin internet saytında yerləşdirilmiş petisiyada Donald Trump-ın bütün vergi ödənişləri və gəlir sənədlərinin açıqlanması tələb edilir.


Petisiyada deyilir ki, yeni administrasiyanın misli görünməmiş iqtisadi maraq toqquşmalarına görə Amerika xalqının bütün təfərrüatları bilməsi mühümdür.

Ağ Evin petisiyalar barədə qaydalarına görə imzaçıların sayı 100 mini keçdikdə administrasiya 60 gün ərzində rəsmi məlumat verməlidir.

Cənab Trump seçki kampaniyası ərzində jurnalistlər tərəfindən sıxışdırılsa da vergi sənədlərini açmaqdan boyun qaçırırdı. O gah deyirdi ki, Hillary Clinton-un emailləri açıqlananda bunu edəcək, gah da deyirdi ki, hazırda biznesi audit təftişindədir.

Milyarderin inaqurasiyasından əvvəl aparılmış rəy sorğusu göstərirdi ki, amerikalıların 75 faizi Trump-ın vergi sənədlərini görmək istəyir. Onun tərəfdarlarının da tam yarısı bunu tələb edir.

Milyarder sərmayəçi Warren Buffett deyib ki, audit yoxlması vergi sənədlərinin açıqlanması üçün maneə ola bilməz.

Trump-ın vergi sənədlərinin açıqlanması onun vergiləri ödəyib-ödəmədiyini və Rusiya ilə biznes əlaqələrini üzə çıxara bilər.

Seçki kampaniyası zamanı Donald Trump bəyan edirdi ki, onun vergi sənədləri yalnız medianı maraqlandırır.

(bbc azəri)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.