Qətəri Britaniya idarə edir? -Əmirin anası mason lojasında-FOTO
13-06-2017, 09:15

Vəhhabiliyi və onun əsasında Səudiyyə Ərəbistanını da elə ingilislər yaradıb…
Planetdə, xüsusən Yaxın Şərqdə at izinin it izinə qarışdığı bir dövranda Qətər izi də qarışdı olaylara... ABŞ prezidenti Tramp Ər-Riyadda “müsəlman ölkələrini terrora qarşı mübarizədə birləşdirən”dən sonra Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri fürsətdən yararlanaraq İran və Türkiyə ilə yaxınlıq edən Qətəri gözümçıxdıya saldılar. Guya ki, Körfəz ölkələri arasında terrorçu qruplaşmaları maliyyələşdirən ancaq 2 milyon əhalisi olan Qətərdir. Halbuki, müsəlman dünyasının və ayrıca Osmanlı dövlətinin parçalanmasına təkan verən qondarma vəhhabilik təriqəti məhz Səudiyyə Ərəbistanında kök salıb. Və bu gün xərçəng kimi planetin hər yerinə daraşmış “İŞİD”, “Əl-Qaidə” başda olmaqla əksər terror qruplaşmaları məhz vəhhabiliyin bazasında formalaşdırılıb. Düzdü, Qətər də “Müsəlman qardaşları”na dəstək verir. Amma “İŞİD”-lə həmin qurumu müqayisə etmək yersiz olardı...

Belə bir fərziyyə də var ki, guya Səudiyyə Ərəbistanı və ona qahmar çıxan BƏƏ, Misir, Bəhreyn və s. kimi digər ərəb ölkələri məhz “Müsəlman qardaşları”nın həmin ölkələrdə hakimiyyəti dəyişəcəyindən qorxduqlarından Qətərin üstünə cumublar. Amma gerçək budur ki, həmin ölkələr öz başına deyillər və ağaları əllərini çiyinlərindən çəkməyincə onları heç kəs yıxa bilməz. Odur ki, sakitcə ağalarının diqtəsi ilə hərəkət edirlər. Bəs ağaları kimdir? Çoxları deyəcək ki, ABŞ və İsrail. Amma bir az dərinə gedəndə suallar çıxır. Bəs 1713-1750-ci illərdə Ərəbistanda vəhhabiliyi kim yaratdı? Böyük Britaniya Krallığı.
1910-1930-cu illərdə kimin himayəsi altında parçalanmış Osmanlı ərazisində “Səudiyyə Ərəbistanı” adlı müstəqil(?) dövlət yarandı? Böyük Britaniyanın. Qətər və digər əksər körfəz ölkələri XX əsrin ortalarınadək kimin müstəmləkəsi idi?
Britaniyanın. Osmanlının nəzarətində olan Qüdsü kim işğal etdi? Britaniya.
İsrail dövləti kimin himayəsi altında yaradıldı? Briyaniyanın.
Amerikanın özü yüz illərlə əsasən kimin müstəmləkəsi olub? Britaniyanın. Və s.
Qətər də 1971-ci ilədək Brirtaniyanın müstəmləkəsi olub. Amma imperiyanın dağılması hələ yox olması demək deyil. Bəzi imperiyalar, sadəcə, cildlərini dəyişərək keçmiş müstəmləkələrini bu və ya digər vasitələrlə nəzarətdə saxlayırlar. Britaniya XX əsrin sonlarına doğru birbaşa hərbi-siyasi işğaldan iqtisadi-mədəni işğala keçib...

Bu gün beynəlxalq siyasətdə həlledici oyunçular kimi əsasən ABŞ, Rusiya və Çinin adı çəkilir. Halbuki, pərdə arxasında çox məsələləri Böyük Britaniya, Vatikan və İsrail həll edir. ABŞ faktiki olaraq Britaniya Krallığının marioneti, planları həyata keçirmək üçün “maşası” rolunu icra edir. Bu gün Qətərdə ABŞ-ın 10 minlk hərbi bazası yerləşsə də, hakimiyyəti gizli rıçaqlarla Britaniya idarə edir. Həmim Britaniyanın Səudiyyə Ərəbistanında yaratdığı vəhhabi tayfaları Qətər hakimiyyətində də kök salıb. Sadəcə, adları fərqlidir... Artıq İslam düşmənləri müsəlman dünyasında ziddiyyətlər, çaxnaşmalar, iğtişaşlar, vətəndaş qırğınları törətmiş vəhhabi təriqətinin daxilində də ziddiyyətlər yaratmağa nail olub...
Digər bəzi neft ölkələrinin şöhrətpərəst, varlandıqca, vəzifələndikcə gözləri doymayan başçıları, xanımları kimi Qətərin də seyxləri və xanımları müxtəlif gizli və açıq beynəlxalq qurumların üzvüdürlər. Hazırkı Qətər əmiri Şeyx Təmim Bin Həməd əl-Saninin anası, 2013-cü ilədək hakimiyyətdə olmuş Şeyx Həməd bin Əlsaninin ikinci xanımı Şeyx Moza bin Nəsir əl-Misnəd bütövlükdə regionda ən nüfuzlu xanımlardan biri sayılır. Qətər Elm, Təhsil və İctimai İnkişaf fondunun sədri, Ərəb Demokratiya Fondunun rəhbəri, Ailə Məsələləri üzrə Ali Şuranın prezidenti, Ali Təhsil Şurasının vitse-prezidenti və s. vəzifələrini tutub. 2003-cü ildən YUNESKO-nun xoşməramlı səfiri olan Şeyx Moza bin Nəsir həm də Britaniya mason lojasının üzvüdür. Bunu xanımın həmin loja üzvləri ilə çəkdirdiyi foto da sübut edir...

“Forbes” jurnalı xanım Mozanı 100 ən güclü qadından biri elan edib. Sizcə, “Forbes” jurnalı hər yoldan ötəni öz siyahısına salar?
Bir sözlə, bu günədək dünyanı yönləndirməyə çalışan qlobal güclərlə Qətər rəhbərliyinin perpendikulyar isti əlaqələri olub. Bu ilin martında aralarındakı razılaşmaya əsasən Qətər Britaniyaya 5 mlrd. dollarlıq investisiya yatıracaq(Oxu: ödəyəcək). Bundan əlavə, Britaniyanın AB-dən çıxacağı təqdirdə iki ölkə arasında azad ticarət tətbiq ediləcək...
“Əl-Cəzirə” telekanalının yaydığı xəbərləri təhil etsək, onun əslində “Bi-Bi-Si”nin filialı olduğu qənətinə gələrik...
Bu gün zahiri inkişafla, uca göydələnləri ilə, yüksək iqtisadi göstəricilərlə və s. öyünə bilən Qətər əslində Britaniyanın XVIII əsrdən bəri qondardığı vəhhabiliyin girovu olmaqla yanlış yoldadır. Dərindən baxanda digər əksər ərəb ölkələri kimi, Qətər də Britaniyanın xətti ilə yaradılıb və zamanı gələndə onun xətti ilə də dağıdılacaq. Necə ki, Liviya, İraq, Suriya dağıdılır... Burada Rotşildlər, Rokfellerlər kimi, planetin ayrı-ayrı hakim klanlarının maraqları da toqquşur.
Odur ki, Qatarda bu gün çevriliş olub-olmayacağı da onların istəklərinin necə uzlaşacağından asılıdır. Amma bütün hallarda demək olar ki, Qətər ətrafında cərəyan edən olaylar İslam dünyasının qarşı-qarşıya qoyulmaqla tam çökdürülməsi planının tərkib hissəsindən savayı, bir şey deyil. Düzdü, Allahın köməyi ilə İslamı yox etmək, heç kimə müəssər olmayacaq. Amma nə qədər ki, hədsiz tamah, şəhvət, israfçılıq və təkəbbür müsəlman coğrafiyasının bir çox ölkələrinin rəhbərliyini əsarətdə saxlayır- bu xəmir hələ çox su aparacaq...
Politico.az