Qətər böhranının bilinməyən tərəfləri – Bu ölkənin əlini gücləndirən 6 faktor hansılardır?
13-06-2017, 20:29

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn başda olmaqla bir neçə ərəb ölkəsinin terrora maliyyəyə yardımı etdiyi iddiası ilə əlaqələrini kəsdiyi Qətərin qonşularının tətbiq etdiyi embarqoya qarşı əlini gücləndirən 6 faktor olduğu bildirilir.
Avropa.info xəbər verir ki, ABŞ prezidenti Donald Trampın terrora dəstək verməkdə ittiham etdiyi Qətər qurudan, havadan və dənizdən tətbiq olunan embarqoya qarşı bir sıra üstünlüklərə malikdir.
Bu faktorları aşağıdakı kimi sıralamaq olar:
1-Milli Varlıq Fondu
Paytaxt Dohada 2005-ci ildə qurulan və təxminən 335 milyard dollar məbləğində mal varlığını idarə edən Milli Varlıq Fondundan əlavə ehtiyatların 43,6 milyard dollara çatması Qətərin iqtisadi böhranı önləyə biləcək gücdə olduğunu sübuta yetirir.
Qətər İnkişaf Planlaması və Statistika Nazirliyinin aprel ayı ilə bağlı məlumatları, əhalinin 2 milyon 700 min olduğunu nəzərə alsaq ölkə ehtiyatlarının böyük olduğunu deyə bilərik.
Qətərin dövlət xəbər agentliyi QNA-nın yaydığı məlumata görə Mərkəzi Bankın rəsmiləri maliyyə sektorunu yaxından təqib etdiklərini, ölkə bazarında tam nəzarətin təmin edildiyini deyirlər.
Dövlət rəsmiləri Qətər riyalının ABŞ dolları qarşısında yaşadığı enişin spekulyasiyadan qaynaqlandığını və ölkənin pulunu dəstəkləmək üçün istifadə edə biləcəyi çox böyük beynəlxalq ehtiyatlara sahib olduğunu bildirir.
2-İdxal alternativləri
Bir qrup ərəb ölkəsinin 5 iyun tarixində Qətərlə əlaqələrini kəsdiklərini açıqlamasından bir neçə saat sonra İran Dohaya qida maddələri göndərməyə hazır olduqları ilə bağlı açıqlama verdi.
İran Kənd Təsərrüfatı Məhsulları İxracatçıları Birliyinin rəhbəri Rza Nurani, ölkəsinin Qətərə 3 liman vasitəsilə qida başda olmaqla müxtəlif məhsulları ixrac etməyə hazır olduğunu bildirmişdi.
Nurani bundan başqa Qətərə ən yaxın dəniz sərhədi olan ölkənin İran olduğunu və məhsulların 12 saat içərisində çata biləcəyini qeyd etmişdi.
3-Qətərin boykot edən ölkələrlə ticarət həcmi zəifdir
Körfəz Əməkdaşlıq Şurası ölkələrinin iqtisadiyyatlarının qaz və neft ixracına əsaslandığı səbəbilə Qətər ilə aralarındakı ticarət əlaqələri və investisiyaların zəif olduğu bilinir. Bu da böhranın iqtisadi təsirlərinin məhdud olacağını göstərir.
Qətər İnkişaf Planlaması və Statistika Nazirliyinin məlumatları Qətərin şura ölkələrilə ticarət həcminin ümumi ticarət həcminin 12 %-nə bərabər olduğu, bunun da 2016-cı ildə 10,5 milyard dollar olaraq göstərildiyi bildirilir.
4-Təbii qaz ehtiyyatı və limanlar
Dünyada ən böyük maye qaz (LNG) ixracatçısı olan Qətər keçən aprel ayında xarici ticarət artığını 2,7 milyard dollara çatdırmışdı. BU ölkə sahib olduğu hazır limanlardan LNG ixracatına başlaya və bundan əvvəl Səudiyyə Ərəbistanı vasitəsilə idxal etdiyi məhsulları dəniz yolu ilə əldə edə bilər.
Qətər neft və təbii qaz ixracatı üçün əhəmiyyət kəsb edən paytaxt Doha və sənaye şəhəri Ras Laffanda olan limanlardan başqa neft və təbii qaz nəqliyyatında istifadə olunan nəqliyyat vasitələrinə də sahibdir.
5-Küveyt və Omanın tərəfsiz qalması
Doha hökumətinin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn tərəfindən Qətərə qarşı başladılan blokadada iştirak etməyən və Körfəz ölkələri arasında yaşanan böhranı aradan qaldırmaq üçün vasitəçi rolunu boynuna götürən Küveyt və Omandan da qida məhsullarını idxal etmək imkanı var.
Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Körfəz ölkələri arasındakı anlaşılmazlıqları aradan qaldırmağın, onun üçün imtina edə bilməyəcəyi bir vəzifə olduğunu söyləmişdi.
6-ABŞ-ın əl-Udeyd hərbi bazası
Paytaxt Dohanın 30 kilometr qərbində yerləşən ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası əl-Udeydde təxminən 11 min Amerika əsgəri xidmət edir. Körfəz bölgəsində ən uzunu 3.8 kilometrlik eniş zolağına sahib bu hərbi hava bazası 120 təyyarəyə xidmət etmək gücünə sahibdir.
Pentaqon rəsmisi mayor Adrian Rankin Gallovey jurnalistlərə açıqlaması zamanı bölgədəki bütün müttəfiqləri təzyiqi salma və bölgənin təhlükəsizliyi üçün məsələnin müştərək həllini tapmağa səsləyib.
“ABŞ və koalisiya, oradakı varlığımıza uzun zamandır verdiyi dəstəyə və bölgədəki təhlükəsizliyə dərin bağlılığından dolayı qətərlilərə minnətdardır. Qətərdəki vəziyyətimizi dəyişdirmək kimi bir planımız müzakirə mövzusu deyil.”