Venesuelada iğtişaşlar zamanı 17 yaşlı yeniyetmə güllələnib
20-06-2017, 09:10

Venesuelanın paytaxtında polislə etirazçılar arasında baş verən qarşıdurmada 17 yaşlı yeniyetmə güllələnərək öldürülüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə özünün “Tvitter” səhifəsində ölkə parlamentinin deputatı Xose Manuel Olivares yazıb.
“Bu gün milli qvardiyaçıların odlu silahdan açdığı atəş nəticəsinə 17 yaşlı Fabian Urbina həyatını itirdi”, Olivares yazıb. Venesuela prokurorluğu ölüm faktını təsdiqləyib. Həmçinin bu gün Karakasda polislə etirazçılar arasında baş verən toqquşmalarda azı 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində azı 70 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, 2600 nəfər saxlanılıb.