Xamneyi İraq Kürdistanının müstəqilliyi üçün referendum keçirilməsinə qarşı çıxıb

22-06-2017, 10:07           

GünAzTV: İranın dini lideri Əli Xamneyi iyunun 20-də yüksək rütbəli bir nümayəndə heyətin müşayiəti ilə Tehrana səfər edən İraqın baş naziri Heydər əl-İbadi ilə görüşərək Amerikanın bu ölkədəki rolundan və İraq Kürdistanının müstəqilliyi üçün keçiriləcək referendumdan danışıb.

Vaşinqtonun İŞİD-ə müxalif olmadığını vurğulayan Xamneyi deyib ki, İraq xalqı və onun hökuməti Amerikaya inanmamalı, ona etimad göstərməməlidir: “Heç vaxt amerikalılara etimad etməyin. Çünki onlar sizə zərbə vurmaq üçün fürsət axtarırlar. Bu fürsət nəinki amerikalılara verilməməli, hətta onların hər hansı bir bəhanə ilə İraqa gəlişinin qarşısı alınmalıdır. Bu gün amerikalıların İraqdakı xalq qüvvələrinə, o cümlədən də “Həşdi-Şəəbi”yə qarşı çıxması ona görədir ki, onlar bu ölkədə öz nüfuzlarını itirməkdən ehtiyatlanırlar.

Amerikalıların və onlara tabe olan bir sıra region ölkələrinin guya İŞİD-ə qarşı çıxması həqiqi deyil. Onlar bölgədə İŞİD-in kökünün kəsilməsini və onun məhv olunmasını istəmirlər. Çünki İŞİD onların birbaşa dəstəyi və pulu ilə meydana çıxıb. Onlar, özlərinin yaratdığı İŞİD-in İraqda qalıb fəaliyyət göstərməsinin tərəfdarıdırlar.

İraqda məlum referendum məsələsinə gəlincə, İran İslam Respublikası İraqın müəyyən bir hissəsinin ölkədən ayrılması üçün referendum keçirilməsinə müxalifdir. Hesab edirik ki, bu məsələni qaldıranlar və onu gündəmə gətirənlər, İraqın istiqlalına və onun kimliyinə müxalif olanlardır. İraq ərazisi bütöv olaraq qalmalıdır”.
Xamneyi İraq Kürdistanının müstəqilliyi üçün referendum keçirilməsinə qarşı çıxıb
Məsud Barzani

Xatırladaq ki, İraq Kürdistan muxtariyyətinin başçısı Məsud Barzani iyunun 7-də öz “Twitter” səhifəsində xalqa müraciət edərək Kürdistanın müstəqilliyi üçün referendum keçiriləcəyindən danışmışdı: “Mən tam sevinc hissi ilə bildirirəm ki, 2017-ci il sentyabrın 25-i, Kürdistanın müstəqilliyi üçün referendum keçirilməsi günü elan edilib”.

Barzaninin bu açıqlamasından sonra İraqın mərkəzi hökuməti, eləcə də Amerika və Türkiyə İraq Kürdistanı hökumətinin bu qərarına reaksiya verərək, ona qarşı kəskin etiraz bildirmişdilər.

Bəhram Qasimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə iyunun 12-də jurnalistlərə açıqlamasında İraq Kürdistanının müstəqil olması üçün referendum keçirilməsi məsələsinə münasibət bildirmişdi: “İndiki məqamda bu kimi məsələlərin gündəmə gətirilməsi düşünülməmiş bir addımdır. Belə bir qərar, İraqın ərazi bütövlüyünün qorunub saxlanılmasına zərbə vura bilər. Biz, bütün iraqlıların vahid bir ölkədə bir-birinin yanında və sülh içində yaşamasının tərəfdarıyıq.Əhəmmiyyət daşıyan əsas məsələ, İraqın ərazi bütövlüyünün qorunması, onun vahid bir ana yasaya malik olması və bu ölkədə yaşayan etniklərin demokratik və dinc bir İraqda bir-birinin yanında yaşaya bilməsidir”.

Qeyd edək ki, İraq Kürdistan muxtariyyətinin başçısı Məsud Barzani iyunun 7-də öz “Twitter” səhifəsində xalqa müraciət edərək Kürdistanın müstəqilli üçün referendum keçiriləcəyindən danışmışdı: “Mən tam sevinc içində bildirirəm ki, 2017-ci il sentyabrın 25-i, Kürdistanın müstəqilliyi üçün referendum keçirilməsi günü elan edilib”.

A.M












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.