Trampın ətrafı gedir, bəs özü?
23-08-2017, 09:57

Elçin Mirzəbəyli: “Onun istefa verəcəyi, yaxud impiçment olunacağı indiki şəraitdə az inandırıcı görünür”
Amerika prezidenti Donald Trampın Ağ Evin sahibi olandan sonra formalaşdırdığı hökumət komandası artıq dağılmaq üzrədir. Son olaraq, Tramp qələbəsində əsas rol oynayan baş strateqi Stiv Bennonu vəzifəsindən azad etməsi ABŞ prezidenti ətrafındakı müzakirələri birə-on qat artırıb.
Ağ Ev sahibinin prezidentlik kürsüsündə çox qalmayacağı, tezliklə onu vitse-prezident Maykl Pensin əvəzləyəcəyi ilə bağlı fikirlər durmadan artır. Amerika qanunvericiliyinə görə, prezident vəzifəsindən gedərsə, onu ikinci şəxs kimi vitse-prezident prezidentlik müddətinin sonuna qədər əvəz edir. Ekspertlər nə Amerika cəmiyyətinin, nə də dünyanın Tramp kimi bir biznesmenin prezidentliyini qəbul edə bilmədiklərini qeyd edirlər. Məhz bu səbəbdən vəzifəsinin icrasına başladığı son 7 ayda Ağ Ev sahibinin dünya gündəminin əsas şəxslərin birinə çevrildiyi bildirilir. Onun komandasında heç kəsə inanmadığı və bu səbəbdən qələbəsinin əsas memarı sayılan Stiv Bennonu qovduğu deyilir. Bu gedişlə Trampın impiçmentlə üzləşən ABŞ prezidenti kimi tarixə keçəcəyi vurğulanır.
Politoloq Elçin Mirzəbəyli Trampı ABŞ tarixi üçün bir ilk adlandırdı: “Ötən müddət ərzində gələ bildiyim yeganə qənaət odur ki, ABŞ-ın siyasi sistemi Trampın prezidentliyini hələlik həzm edə bilmir. Tramp yeganə ABŞ prezidentidir ki, seçildiyi gündən ətrafında qalmaqal səngimir. Əslində bu da gözlənilən idi. Keçirilən son sorğular Trampın impiçmentini istəyənlərin sayının artdığını göstərir. ABŞ prezidentinin Virciniya ştatında baş verən qarşıdurmalarda iştirak edən sağ radikalları və ağdərili neomillətçiləri dəstəkləməsi, daha doğrusu, ”onların arasında çox yaxşı adamlar var" deməsi də ona qarşı ittihamları daha da şiddətləndirib. Demokratlar məhz Trampın bu çıxışına istinad edərək, impiçment məsələsini gündəmə gətirmək istəyirlər. Birləşmiş Ştatların nüfuzlu analitiki Eleyn Kamarka görə, Trampın impiçmenti üçün Senatda cəmi 6 səs çatışmır. Analitik hesab edir ki, respublikaçı senatorlardan 12-si Trampın impiçmentini dəstəkləyə bilər. ABŞ qanunvericiliyinə görə, impiçmentin lehinə öncə Konqresin aşağı palatasında səs verilməlidir. Bundan sonra isə 100 senatordan ən azı 2/3-i impiçmentin lehinə səs verməlidir. Hazırda yuxarı palatada 48 senator demokratları təmsil edir. Bunun üzərinə Makkeynin rəhbərli etdiyi 12 “qiyamçı” respublikaçı senatorda əlavə olunarsa, Tramp əleyhidarlarının sayı 60 nəfər edir. Nəticə əldə etmək üçünsə minimum 66 səsə ehtiyac var.
Təbii ki, bütün bunlar ehtimallardır və reallaşması da kifayət qədər çətindir. Trampın komandasına gəldikdə isə onun faktiki olaraq siyasi komandası yoxdur. Tramp biznesdə olduğu kimi siyasətdə də “muzdlu”larla işləməyə üstünlük verir. Tramp üçün təhlükə yarada bilənlər təkcə demokratlar və “qiyamçı respublikaçılar” deyil, onun komandasının sabiq üzvləri də çox güman ki, yaxın dövrlərdə fəallaşacaqlar. Onların arasında ən təhlükəlisi Ağ Evin sabiq baş strateqi Stiven Bennondu. Bennon ölkənin informasiya məkanında güclü təsirə malik olan fiqurdur və o siyasi proseslərdə aktivlik nümayiş etdirərsə, bu zaman Tramp əleyhinə kampaniya indikindən qat-qat çox genişlənə bilər. Bundan başqa, Tramp əleyhidarları onun istefaya göndərilməsi üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin 4-cü müddəasının tətbiq oluna biləcəyini deyirlər. Bu müddəya görə, vitse-prezident və mərkəzi icra hakimiyyəti orqanında təmsil olunanların əksəriyyəti əgər “prezidentin öz səlahiyyətlərini icra edə bilmədiyi” ilə bağlı Konqresə və Senata müraciət edərlərsə, o zaman impiçment məsələsi birbaşa hər iki palatanın müzakirəsinə çıxarıla bilər".
Politoloq dedi ki, Trampın istefa verəcəyi, yaxud impiçment olunacağı indiki şəraitdə az inandırıcı görünür: "Əgər bu baş verərsə belə, onun səlahiyyətlərini Pens icra edəcək və qanunvericiliyə əsasən yeni vitse-prezident təyin olunacaq. Pens isə kifayət qədər təcrübəli siyasətçidir. O, Trampın baxışlarının müəyyən bir hissəsini bölüşsə də daha praqmatikdir. Bu baxımdan, Trampın getməsi ilə dünyada heç nə dəyişməyəcək".
musavat.com