SƏUDİYYƏ ƏRƏBİSTANINDAN QÜDS XƏYANƏTİ
18-12-2017, 20:17

Vəliəhd Salman: “Bizim ABŞ-la əlaqələrimiz ABŞ-İsrail münasibətlərindən daha əvvəl yaranıb”
ABŞ prezidenti Donald Trampın Qüds qərarını sərt şəkildə tənqid etməkdən yayınan Səudiyyə Ərəbistanı rəhbərliyi ABŞ və İsrail ilə münasibətlərini inkişaf etdirmək planları qurur.
“Foreyn Polis” jurnalında dərc edilmiş bir məqalədə vəliəhd şahzadə Salmanın müsəlmanların ilk qibləsi olan Qüdsə qarşı xəyanəti bir daha aşkara çıxmış olub.
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına ən sərt şəkildə reaksiya verməsi gözlənilən Səudiyyə Ərəbistan iqtidarının cılız etirazları belə azalıb səngiməkdədir. Məqalə müəllifi Robert Satloff ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı elan elədiyi zaman özünün, vəliəhd şahzadənin 2030-cu il planları ilə bağlı çıxış elədiyi tədbirdə iştirak etmək üçün Riyad şəhərində olduğunu yazır və bildirir ki, şahzadə Salman Qüdsün İsrailin paytaxtı olmasına kəskin etiraz etməyib, gələcəkdə İsraillə xoş münasibətlər qura biləcəkləri istiqamətində açıqlamalar verib.
Rəhbəri olduğu analitik mərkəzlə birlikdə bir çox Səudiyyə naziri ilə görüşlər keçirdiyini bildirən Satloff ölkədə heç bir yüksək səviyyəli məmurun Tramın Qüds qərarı ilə bağlı sərt bir açıqlama verməməsinə mat qaldıqlarını bildirib.
İsrailə qarşı müsbət münasibət
Satloff vəliəhd şahzadənin Səudiyyə-ABŞ və Səudiyyə-İsrail münasibətlərində keçmiş rəhbərliklərdən daha müsbət bir mənzərə yaratdığına diqqət verib. Satloff Salmanın ABŞ-Səudiyyə Ərəbistanının təhlükəsizlik sahəsindəki əməkdaşlığının ABŞ-İsrail münasibətlərindən də daha əvvəl olduğunu qürurla dilə gətirdiyini yazır. Vəliəhd şahzadənini İsrailə qarşı müsbət münasibəti də diqqəti cəlb edib. Satloff Salmanın çıxışında İsrailin Fələstinə qarşı işğalçı siyasətinə və Qüdsdə müsəlmanlara qarşı edilən təzyiqlərə qarşı heç bir münasibət göstərilmədiyini, bunun əvəzinə İsrail ilə Fələstin arasında sülh olacağı təqdirdə, Səudiyyə Ərəbistanı ilə İsrail arasında inkişaf etdiriləcək münasibətlərdən danışdığını xüsusilə vurğulayır.
Nüvə əməkdaşlığı ərəfəsində
ABŞ-ın Qüds qərarına reaksiya verməyən Səudiyyə Ərəbistanı nüvə sahəsində ABŞ ilə əməkdaşlığa hazırlaşır.
Ağ Ev işçiləri prezident Trampın Səudiyyə Ərəbistanı ilə milyardlarla dollarlıq nüvə reaktoru tikintisi müqaviləsinin imzalanmağa hazırlandığına dair Konqres üzvlərinə məlumat verib.
Səudiyyə Ərəbistanı cümə axşamı günü də Rusiya nüvə enerjisi şirkəti “Rosatom” ilə nüvə enerjisi stansiyasının inşası üçün müqavilə imzalamışdı.