Məhkəmə qərar verdi: vətəndaşlar siyasətçiləri söyə bilər
2-03-2018, 20:45
Avstriyada məhkəmə vətəndaşların siyasətçiləri söymək hüququ olduğuna qərar verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, radikal sağ cinah təmsilçilərindən olan Azadlıq Partiyasının sədri Haynz Kristian Ştraxe məhkəməyə müraciət edərək sol yönümlü etirazçıların hazırladıqları videoda təhqir olunduğunu bildirib. Lakin Vyana məhkəməsi şikayəti qəbul etməyib. Məhkəmə təxribatçı və şoka salan siyasi fikirlərin də söz azadlığının tərkib hissəsi olduğunu vurğulayıb.
Solçu “Linkswende Jetzt” qrupu Ştraxenin Avstriya hökümətinin tərkibinə daxil olmasına görə narazılıqlarını ifadə etmiş və orta barmaqlarını göstərərək bu mövqelərini göstərmişdi.
Digər tərəfdən, dövlət televiziyası ORF, kanalı və bir aparıcını yalan danışmaqda ittiham edən Ştraxeni məhkəməyə verib.
Qeyd edək ki, siyasətçinin daxil olduğu Azadlıq Partiyası koalisiya hökümətinin tərkibindədir.