Hindlilər ayağa qalxdı
3-09-2015, 11:21
Hindistanın bütün ərazisində keçirilən bir günlük ümummilli tətildə azı 150 milyon insan iştirak edib.
Bu barədə ölkənin ən böyük 10 həmkarlar ittifaqının keçirdiyi aksiyanın təşkilat komitəsindən bildiriblər.
Aksiyaya bank sahəsinin, sənaye, tikinti, dağ-mədən və kənd təsərrüfatı sektorunun işçiləri qatılıb.
Əməkdaşların gündəlik vəzifələrinin icrasından imtina etməsi bank sektorunun iflicinə gətirib çıxarıb, tikinti işləri və şəhər nəqliyyatının fəaliyyəti dayanıb, mağazaların çoxu bağlanıb.
Kütləvi etirazlara əmək barədə əsas qanunlara riayət etməyi və tariflərə yenidən baxmağı tələb edən həmkarlar ittifaqlarının hökumətlə apardığı danışıqlarının nəticəsiz qalması səbəb olub.
Təşkilatçılar hökumətin 12 bənddən ibarət tələblər paketinə müsbət münasibət bildirməyəcəyi təqdirdə müddətsiz tətillərə başlayacaqlarını bildiriblər. Tələblərə, həmçinin qiymətlərin və işsizliyin artmasını dayandırmaq, iş şəraitini yaxşılaşdırmaq, minimum əməkhaqlarının ayda 15 min rupiyə (230 dollar) qaldırmaq və pensiyaları artırmaq da daxildir.