Almaniyada ailə birləşməsi ilə bağlı qanun təsdiqləndi: 29 min qaçqın yaxını gözləyir
13-05-2018, 22:23
Almaniyada qaçqın və miqrantlara şamil edilən “Ailə birləşməsi” haqqında qanun təsdiqlənib. AzEuroNews.com xəbər verir ki, Federal Kabinet qanun layihəsini qəbul edərək avqustun 1-dən icrası ilə bağlı göstəriş verib.
Qanunda göstərilib ki, yalnız 1000 nəfərin Almaniyaya gələrək “Ailə birləşməsi” prosedurundan keçməsinə icazə veriləcək. Əsasən uşaq və ər-arvadlara üstünlük veriləcək. Almaniyaya gələcək olanların seçimini isə, ölkənin Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) edəcək.
Ancaq hazırda 26 min nəfər Almaniyanın müxtəlif ölkələrində olan səfirliklərindən “Ailə birləşməsi” üçün viza istəyib.
Statistik məlumata görə, 2015-ci ildə 21.376 suriyalıya “Ailə birləşməsi” üçün icazə verilib. Bu rəqəm keçən il 40.725 nəfərə yüksəlib.
Almaniya Federal Xarici İşlər Nazirliyi 2013-cü ildən bəri 390 min şəxsə “Ailə birləşməsi” üçün viza verildiyini açıqlayıb.
Məlumat üçün qeyd edək ki, Almaniyada “Ailə birləşməsi” proseduru 2016-ci ildə dayandırılmışdı.