Suriyada daimi sülh üçün şərtləri irəli sürdülər - müxaliflər Əsəd hökuməti ilə yox, Rusiya ilə danışıq aparırlar
5-07-2018, 00:25

Suriyanın cənubunda, Derada olan müxalifətçilər həmin ərazilərdə daimi sülhüm bərqərar olması üçün başlanan müzakirələrdə öz şərtlərini Rusiya nümayəndələrinə təqdim ediblər.
“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə şərtlər və təkliflərin əks olunduğu sənəddə ölkənin cənubundakı atışmaların dərhal ikitərəfli şəkildə dayandırılması tələb edilib.
Hökumət ordusu və təhlükəsizlik qüvvələrinin cənubda müxalif bölgələrə daxil olmaması üçün təminat tələb edilir, ərazinin asayişinin yerli qüvvələr tərəfindən təmin ediləcəyi bildirilir. Müxalifətçilər həbs edilənlərin azadlığa buraxılmasını tələb etməklə yanaşı, evlərindən didərgin düşən dinc vətəndaşların geri qayıtmağa başlaması ilə eyni zamanda əllərindəki ağır silahları mərhələ-mərhələ təslim edəcəklərini vəd ediblər.
Ötən ay ölkənin cənubunda əməliyyata başlayaraq bəzi rayonlarda irəliləmiş hökumət qüvvələrinin geri çəkilməsi şərti irəli sürülən sənəddə, razılaşma əldə ediləcəyi təqdirdə, dövlət dairələrinin rəsmi olaraq işə başlayacağı məlumatı verilib.
Sənəddə İordaniya sərhədindək Nusayb sərhəd məntəqəsinin Rusiyanın himayəsində, mülki məmurlar tərəfindən idarə edilməsi təklif edilib.
Daimi atəşkəsin Dera və Kuneytra ərazilərini əhatə edəcəyi bildirilir.
Suriyanın hökumət qüvvələri iyunun 20-də ölkənin cənub-qərbindəki Derada hərbi müxaliflərin nəzarətindəki rayonları ələ keçirmək üçün Rusiyanın havadan dəstəyi ilə hərbi əməliyyata başlamışdı.
BMT-nin Dünya Qida Proqramının (WFP) mətbuat nümayəndəsi Bettina Luesçer dünən verdiyi açıqlamada Derada 270-330 min nəfərə yaxın dinc vətəndaşın didərgin salındığı barəsində məlumat paylaşmış, əhalinin Golan təpələri və İordaniya sərhədi kimi daha əmin ərazilərə qaçdığını bildirmişdi.
Dera və Kuneytra, Astana prosesinin təminatçıları olan Türkiyə, İran və Rusiyanın 2017-ci ilin may ayında elan elədikləri 4 gərginliyi azaltma bölgəsinə daxildirlər. İki ay sonra Rusiya, ABŞ və İordaniya Dera və Kuneytra ilə bağlı xüsusi razılaşma əldə eləmişdilər. ABŞ isə bölgədə dəstəklədiyi müxaliflərə olan yardımını kəsmişdi.
Derada 750 min nəfər əhalinin həyatı daimi təhlükə altındadır.
Hurriyyet.org