Avropa İttifaqında milyard avroluq superkompüter yaradılır

29-09-2018, 20:35           
Avropa İttifaqında milyard avroluq superkompüter yaradılır
Yaxın vaxtlarda Avropa İttifaqında dəyəri 1 milyard avrodan çox olan superkompüter yaradılacaq.

Teref.az Azərtac-a istinadən xəbər verir ki, Aİ üzvü olan ölkələr bu gün Avropa Komissiyasının müvafiq təklifini bəyəniblər.

Avropa Komissiyasının məlumatına görə, bu il noyabr ayında Lüksemburqda Avropa Hesablama Mərkəzi açılacaq. Həmin mərkəzin yaradılmasında 24 ölkə, o cümlədən Aİ üzvü olmayan Norveç də iştirak edir.

Layihənin həyata keçirilməsi üçün Aİ büdcəsindən 485 milyon avro, Aİ iştirakçıları olan ölkələrdən 400 milyon avro və özəl şirkətlərdən 400 milyon avro məbləğində vəsait daxil olacaq. Bu vəsait hesabına dünyada ən güclü superkompüterlərin ilk beşliyinə daxil olan iki kompüter və dünyada 25 ən güclü kompüter siyahısına daxil olan daha iki kompüter alınacaq. Lüksemburqdakı Hesablama Mərkəzi Avropa ölkələrindəki superkompüterlərlə vahid şəbəkə şəklində birləşdiriləcək.

Dünyada ən güclü superkompüter ABŞ-da, Ouk-Ric milli laboratoriyasında yaradılıb. İyun ayında istifadəyə verilmiş "Summit” adlı bu kompüterin gücü bir saniyədə 200 petaflops və ya 200 min trilyon hesablama əməliyyatı aparmağa imkan verir. Bundan əvvəl dünya reytinqinin birinci sətrində qeydə alınmış "Sunway TaihuLight” kompüterinin (Çin) gücü 93 petaflopsa bərabərdir.

Almaniyanın ən güclü superkompüteri "Juwels” ölkənin qərbindəki Yulix tədqiqat mərkəzində yerləşir. Onun gücü 6,2 petaflopsa bərabərdir. "Juwels” dünya üzrə 500 ən güclü kompüterin reytinqində 23-cü yeri tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru