AİB Şərq-Qərb avtomagistralının Gürcüstan ərazisindən keçən hissəsinə 255,2 milyon ayırdı
6-10-2018, 06:34
Asiya İnkişaf Bankı (AİB) Şərq-Qərb avtomagistralının (E-60) Gürcüstan ərazisindən keçən Xevi-Ubisa bölgəsində çətin dağlıq relyefi olan Rikoti aşırımındakı əsas hissəsinin tikintisinə güzəştli şərtlərlə 255,2 milyon avro maliyyə vəsaiti ayırıb.
Teref.az AZƏRTAC-a istinadən xəbər verir ki, E-60-ın Azərbaycan sərhədindən Türkiyə sərhədinədək olan hissəsindəki Xevi-Ubisa bölgəsində 8,3 kilometr uzunluğunda 35 körpü və 9,4 kilometr uzunluqda 20 tunelin tikintisi nəzərdə tutulur. Yeni yolun tikintisi nəqliyyatın təhlükəsiz və vaxt itkisi olmadan hərəkət etməsində, sərnişin və yük daşınmalarında ləngimələrin aradan qalxmasında mühüm rol oynayacaq.
Məlumat üçün qeyd edək ki, Şərq-Qərb və yaxud E-60 magistralı Avropa tranzit dəhlizində ikinci əsas yoldur. Brest və Fransadan başlanğıcını götürən bu magistral Qırğızıstanın İrkeştam şəhərində başa çatır. E-60 magistralının Azərbaycan sərhədindən başlayaraq Gürcüstan ərazisindən keçən və Qara dənizin sahilindəki Poti limanına qədər olan hissəsi ümumilikdə 392 kilometr təşkil edir.
Gürcüstan hökuməti Şərq-Qərb avtomagistralının tikintisini 2020-ci ilin sonunadək başa çatdırmaq niyyətindədir.