ABŞ Ukraynaya müdafiə xarakterli müasir hərbi sistemlər verəcək
5-10-2015, 12:50
ABŞ hökuməti Ukraynaya müdafiə xarakterli müasir hərbi sistemlər vermək barədə qərar qəbul edib.
APA-nın UNİAN və “censor.net” saytlarına istinadən yaydığı məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin televiziya kanallarına müsahibəsində bildirib. O, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin bu barədə xüsusi sərəncam imzaladığını açıqlayaraq qərarın Ukrayna üçün diplomatik sıçrayış olduğunu bəyan edib.
P. Poroşenko BMT Baş Assambleyasında ABŞ prezidenti Barak Obama ilə bir neçə dəfə görüşdüyünü diqqətə çatdırıb: “Putinlə görüşündən əvvəl Obama mənimlə görüşdü və biz əsas yanaşmaları koordinasiya etdik. Görüşdən sonra, eləcə də mənim Baydenlə danışıqlarımdan sonra Obama ilə yenidən bir araya gəldik. Bayden mənə Ukraynaya müasir silah nümunələri verilməsi üçün sərəncam imzaladığını bildirdi, hansı ki, bunlar bizə hava kimi lazımdır. Bu müdafiə sistemləri Ukrayna ordusunun effektiv müdafiə imkanlarını xeyli artıracaq. Bu, sözsüz ki, Ukrayna üçün mühüm diplomatik sıçrayışdır”.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya göndərəcəyi hərbi sistemlər düşmənin ağır artilleriyasının və reaktiv atəş sistemlərinin dəqiq koordinatlarını uzaq məsafədən müəyyən edərək onlara zərbə endirməyə imkan verir.