NASA bu il tarixin ən soyuq qışının olacağını deyir, alimlər isə...
9-10-2018, 10:46

Telman Zeynalov: “Kəskin soyuqlar 25-30 ildən sonra ola bilər”
“Qarşıda tarixin ən soyuq qışı yaşanacaq”. Bu barədə NASA xəbərdarlıq yayıb. Qurumun nəşr etdiyi yeni iqlim araşdırması hesabatına görə, yaz fəslini rekord istilərlə bağlayan dünya tarixi bir soyuq hava şəraiti yaşayacaq. Hətta bu soyuqlar içində olduğumuz Kosmos Çağının “Buzlaq Çağı” olaraq xatırlanmasına gətirib çıxaracaq qədər təsirli ola biləcək. Mütəxəssislər Günəşin ən xarici layındakı Günəş ləkələrini və dünyanın ən üst atmosfer təbəqəsi Termosferi araşdırıb. Nəticədə Termosferin soyuyub daraldığı, Günəş ləkələrinin qeyd edilmiş ən aşağı hərəkətlilikdə olduğu təyin olunub. 11 illik dövrlər halında azalıb çoxalan bu ləkələr, iqlim şəraitində təyinedici rol oynayır. Ləkələrin az və ya heç olmaması Yerin temperaturuna təsir göstərir. Məlumata görə, Termosfer Günəşdə olan ləkə hərəkətliliyi yüksək olduqda temperatur isti, az olduqda soyuq olur. Mütəxəssislər Günəşdə bənzər bir yuxu mərhələsinə 18-ci əsrdə rast gəlindiyini, o dövrün tarixdə “Mini Buzlaq Çağı” olaraq yadda qaldığını xatırladaraq proses belə davam edərsə, bir neçə ay ərzində Kosmos Çağının rekord soyuğuna hazırlıqlı olmağımızı qeyd ediblər.
Xatırladaq ki, ötən il isə dəhşətli istilərin olacağı ilə bağlı proqnozlar verilirdi. Bu proqnozlar özünü bir qədər doğrultdu. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Dünya Meteorologiya Komitəsi (WMO) 2017-ci ilin qeydə alınan ən isti 3 il arasında yer aldığını bildirdi. Eyni zamanda 2016-cı ilin bütün dünyada bu günədək qeydə alınan ən isti il olduğunu elan edilib.
Ümumiyyətlə, mütəxəssislər də qeyd edir ki, son 15 il ərzində anomal isti və soyuq dövrlər üstünlük təşkil edir. Bildirilir ki, bu, qlobal iqlim dəyişmələrinin regional təzahürləri ilə bağlıdır.
Bəs NASA-nın son xəbərdarlığı nə dərəcədə reallığı əks etdirir?
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq alim Telman Zeynalov bu barədə “Yeni Müsavat”a danşıb. Ekoloq qeyd edib ki, NASA-nın proqnozlarına inanmaq olmaz:
“NASA Amerikanın həm hərbi, həm də elmi ocağıdır. O qurum hərbi cəhətdən atmosferlə bağlı prosesləri öyrənir, süni surətdə qasırğa, tufan yaradır, meşə yanğınları törədir, sonra isə söndürür. Beləliklə, insanların bu cür təbiət hadisələrinə necə uyğunlaşdığını öyrənir. Bunun üçün də vaxtaşırı proqnozlar verir. Halbuki, bu proqnozları heç kimsə dəqiq bilməz. Yəni, NASA-nın verdiyi proqnozlara inanmaq olmaz.
Qeyd edim ki, hər 70 ildən bir dünyada hava iqlimi dəyişir. Biz hazırda bu 70 ilə yaxınlaşırıq. Əgər əvvəlcə havalar isti keçirdisə, indi artıq yavaş-yavaş, tədricən soyumağa başlayır. Təsəvvür edin ki, indi oktyabrın ilk günləridir, insanlar artıq pencək geyinməyə başlayır. Təbii ki, havalar soyuyur, isinir, bu təbiətin qanunudur. Kəskin soyuqlar 25-30 ildən sonra ola bilər.
Azərbaycana gəldikdə isə, ölkəmizdə olan iqlim qurşaqlarına görə bizdə heç vaxt nə kəskin soyuqlar, nə də istilər müşahidə olunur. Havaların isinməsi və yaxud soyuması mülayim şəkildə özünü büruzə verir”.
Xatırladaq ki, oktyabrın əvvəllərindən başlayaraq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda gözlənilməz soyuq hava şəraiti müşahidə olunmaqdadır. Belə ki, oktyabrın 6-dan havanın temperaturu 5-6 dərəcə aşağı enib, bəzi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Quba rayonunun Xınalıq, Dalıqaya, Zıxır və digər yüksək dağlıq kəndlərinə isə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti təşkil edəcək.