“Dini etiqad azadlığı haqqında” Qanunun yenilənməsinin arxasındakı səbəblər... - İLGİNC

7-12-2018, 09:33           
“Dini etiqad azadlığı haqqında” Qanunun yenilənməsinin arxasındakı səbəblər... - İLGİNC
Azərbaycanda dini sferada münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. “Report”un məlumatına görə, “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinin yaxın zamanlarda ilk oxunuşda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılması gözlənilir.

Xəbərdə o da qeyd olunur ki, yeni qanun layihəsi hazırda qüvvədə olan, 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” Qanunu əvəz edəcək. Yeni qanun layihəsinin MM-in 2019-cu ilin yaz sessiyasında plenar müzakirəyə çıxarılması nəzərdə tutulur.

Azərbaycanda yeni dini qanun hazırlanması ilə xəbərlər bir neçə ay əvvəl mediaya sızdırılıb. Əslində son illərdə baş verənlər bir mənada bunu labüdləşdirirdi. Çünki 26 il əvvəl qəbul olunmuş dini qanunvericilik son illərdə dəfələrlə dəyişikliklərə məruz qalıb. Bütün bunlar isə həm zaman, həm də siyasi və dini şərtlərlə əlaqəli olub.

Qeyd edək ki, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun müstəqillikdən dərhal sonra 1992-ci il avqustun 20-də prezident Əbülfəz Əliyevin (Elçibəy) imzaladığı 281 saylı fərmanla qüvvəyə mindi.

Qanun demokratik, azadlıqları təmin edir, ölkədəki bütün dinlər, məzhəblər, təriqət və cərəyanlara fəaliyyət azadlığı tanıyır, dini təbliğat, təhsil müəssisələri yaratmaq hüququ verirdi. Məhz bu qanundakı “həddən artıq” azadlıq dünyada fəaliyyət göstərən xristian, müsəlman və az qala bütün qeyri-ənənəvi din, təriqət və cərəyanların Azərbaycana gəlib yerləşməsinə səbəb oldu. İlk illərdə Ermənistanla müharibə aparan və yüz minlərlə qaçqın və məcburi köçkünün olduğu Azərbaycanda əksəriyyəti humanitar yardım təşkilatı kimi gələn qeyri-ənənəvi cərəyanlara hökumət də göz yumurdu. Ancaq 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində situasiya dəyişməyə başladı və bu zaman artıq hökumət xarici missionerlərin fəaliyyətindən narahat olmağa başladı. Və təbii ki, bu zaman dini qanunvericilik yada düşdü. Hökumət “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişiklik etməyə başladı. Beləcə, dini qanunda dəyişiklik silsiləsinin əsası qoyuldu.

Yaranmış dini-siyasi vəziyyətlə əlaqədar olaraq “Dini etiqad azadlığı haqqında” Qanun 1996-cı il 7 iyun, 5 noyabr və 27 dekabr, o cümlədən 1997-ci il 10 oktyabr, 2001-ci il 23 noyabr və eləcə də 2009-cu, 2011-ci və 2015-ci illərdə bir neçə dəfə dəyişdirilib və ya belə demək olarsa, daha da sərtləşdirilib, məhdudiyyətlər yaradılıb. 1990-cı illərin sonları və 2000-ci illərin əvvəllərində dini qanundakı dəyişikliklər əsasən xaricdən gələn missioner fəaliyyətlərin qarşısının alınması, xarici vətəndaşların dini fəaliyyətlər, təbliğat işlərini qadağan edib.

Ancaq 2010-cu ildən sonrakı məhdudiyyətlərin əsas hədəfi yerli dini qruplar və dindarlar olub. Son illərdə mütəmadi olaraq aparılan dəyişikliklər xaricdə dini təhsil almış şəxslərin dini vəzifə tutmasını qadağan edir. Həmçinin dini əşya və kitabların satışı üçün xüsusi lisenziyaların tələb olunması, dini atributların məscidlərdən kənar yerlərdə istifadə olunması və sair qadağalar əlavə olundu. 2015-ci il dekabrın 4-də təsdiqlənmiş dəyişikliklərə əsasən dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması kimi məhdudiyyətlərin pozulmasına görə cəzalar daha da sərtləşdirildi.

İndi isə hökumət qanunu tamamilə yeniləmək qərarına gəlib. Maraqlıdır ki, yeni qanunda dini etiqad azadlığı ilə yanaşı “dini qurumlar” ifadəsi də yer alıb. Bu isə həm də yeni şərtlərin diktəsidir. Bilindiyi kimi, hökumət son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yanaşı bu sahədə çalışan yeni qurumlar yaradıb. Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb, onun nəzdində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis olunub. Eləcə də DQİDK yanında Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu kimi yeni və birbaşa dövlətin nəzarətində olan dini qurumlar yaradılıb. Digər tərəfdən, dövlət dini fəaliyyətləri, məscidlərin inşası və təmiri, icmaların maddi və texniki təchizatı kimi məsələləri himayəsinə götürüb. Və əlbəttə ki, bu vəziyyətdə qanunvericilikdə yaranmış boşluqlar aradan qaldırılmalıdır. Bu səbəbdən də indi hökumət, görünür ki, son illərin şərtlərini özündə əhatə edən yeni dini qanun hazırlayır. Bu qanun həm də hökumətin dinlə bağlı siyasətinin əsas konturlarını ortaya qoyacaq.

Qeyd edək ki, yeni qanun layihəsi ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri, deputat Siyavuş Novruzova telefon açdıq. Ancaq deputat sualımıza birmənalı cavab vermədi. MM-in komitə sədri bildirdi ki, qanun layihəsi hazır olanda müzakirəyə çıxarılacaq.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.