''Ali təhsilə əlçatanlıqda zənginlərlə yoxsullar arasındakı fərq 4 dəfəyə yaxındır''

15-12-2018, 09:53           
''Ali təhsilə əlçatanlıqda zənginlərlə yoxsullar arasındakı fərq 4 dəfəyə yaxındır''
“Azərbaycan ali təhsillə ümumi əhatə əmsalına görə Cənubi Qafqazın hər 2 ölkəsindən təxminən 2 dəfə geri qalır”

Dünya Bankı ekspertlərinin Azərbaycanda ali təhsillə bağlı tədqiqatlarının nəticələri açıqlanıb.

Məlum olub ki, Azərbaycanda Bakı da daxil olmaqla şəhər ərazilərində yaşayan zəngin 20 faiz əhalinin 40 faizinin, əsasən kəndlərdə məskunlaşan ən yoxsul 20 faiz əhalinin isə 11 faizinin ali təhsil almaq imkanı var.


İqtisadçı Rövşən Ağayev deyir ki, ali təhsilə əlçatanlıqda ən zənginlərlə ən yoxsullar, kəndlə şəhər arasındakı fərq 4 dəfəyə yaxındır:
“Bir müddət öncə Dünya Bankı səhiyyə ilə bağlı olan araşdırmasının nəticələrini açıqlamışdı. Həmin tədqiqatda isə göstərilirdi ki, Azərbaycanda ən zəngin 10 faiz əhali ən yoxsul 10 faizlə müqayisədə sağlamlıqlarına 8 dəfə artıq vəsait xərcləyir. Bu iki fakt onu göstərir ki, ölkədə həm yoxsulluğun gerçək miqyasının, həm də qeyri-bərabərlik əmsalının (Gini) ölçülməsi ilə bağlı rəsmi strukturlar öz fəaliyyətlərinə ciddi düzəlişlər etməlidirlər. Nəticəsi gələcəyə ünvanlanan və keyfiyyətli sosial-iqtisadi siyasət ölçmənin və diaqnostikanın düzgün qurulmasından başlayır. Məşhur misalda deyildiyi kimi, getdiyin yol yanlışdısa, hansı sürətlə getməyinin (bizim misalda hansı miqdarda pul xərcləməyinin) əhəmiyyəti yoxdur. Hərçənd ki, bençmarkinq göstəricilərlə müqayisə edəndə, elə də böyük pul xərclənmir”.
İqtisadçının sözlərinə görə, daha bir diqqətçəkən məqam odur ki, Azərbaycan ali təhsillə ümumi əhatə əmsalı 23 faiz olmaqla Cənubi Qafqazın hər 2 ölkəsindən təxminən 2 dəfə geri qalır:
“Dünya Bankı sıradan bir təsisat deyil, faktlarının mötəbərliyi şübhə altına alına bilməz”.
R.Ağayev deyir ki, Dünya Bankının tədqiqatında o da deyilir ki, Azərbaycanda özəl sektorla universitetlər arasında əməkdaşlıq yoxdur və biznes universitetlərdən innovativ təşəbbüslər ala bilmir. Bunun nəticəsidir ki, ölkədə fəaliyyət göstərən şirkətlərin cəmi 1 faizi yeni məhsul və ya xidmətlər təqdim edə bilir:
“Tədqiqatı aparan ekspertlər bu göstəricinin Avropada 27 faiz təşkil etdiyini vurğulayırlar.
Azərbaycanda bütün müəssisələrin cəmi 33 faizinin (Avropada 62 faiz) internet saytı var və təkcə elə bu fakt biznes sektorunun innovativ baxımdan nə qədər geri qaldığının canlı nüminəsi kimi vurğulanır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.