Prezident iradəsi - İlham Əliyevin atdığı hər bir addımın...

21-10-2015, 11:16           
Prezident iradəsi - İlham Əliyevin atdığı hər bir addımın...
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi, investisiya iqliminin yaxşılaşdırılması, biznes mühitinin daha da sağlamlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər haqqında danışıb. Prezident icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını bəyan etmiş və problemlərin aradan qaldırılmalı olduğu haqda son xəbərdarlıq etmişdi.

Dövlət başçısı bu istiqamətdə əsas problemlərin yoxlamalar, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını göstərmişdi: “Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur... Əgər ölkə daxilində mane olanlar olmasaydı, gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”. Qeyd edək ki, prezident İlham Əliyev əvvəlki dövrlərdə də bu cür xəbərdarlıqlar etməklə ölkənin inkişafının qarşısını alan subyektiv və bürokratik amillərin aradan qaldırılmalı olduğunu qeyd etmişdi. Bu isə əlbəttə ki, dövlət qurumları üçün ciddi xəbərdarlıq olmalı idi. Çünki cənab Prezident tərəfindən edilən xəbərdarlıqların icrası və bu istiqamətdə tədbirlər planının hazırlanıb həyata keçirilməsi icra strukturlarının birbaşa vəzifəsidir.

Digər tərəfdən, ölkə rəhbəri bu istiqamətdə verdiyi bəyanatlarda sahibkarlığın işinə əngəl törədilməsinin ölkənin inkişafına ziyan vurduğunu bildirməklə bu işlərdə heç kimə güzəştə gedilməyəcəyini bildirmişdi. Sahibkarlığın inkişafına törədilən süni maneələr nəticə etibarilə iş yerləri, sahibkarlıq və istehsal müəssisələrinin bağlanmasına, insanların işsiz qalmasına gətirib çıxarır. Bu isə, dövlət başçısı tərəfindən aparılan iqtisadi və soaial siyasətə kölgə salır. Məhz bu kimi amillərə görə dövlətin imicinə ziyan vuran, insanları incidən, ümumi inkişafa mane olan vəzifəli şəxslər mütləq şəkildə cəzalandırılmalı idi ki, bu da baş verdi.

Beynəlxalq Bank ətrafında baş verən proseslərdə də, yəni bankın vəsaitlərinin bir sıra şəxslər tərəfindən kredit şəklində götürülərək qaytarılmasının ləngidilməsi ilə əlaqədar olaraq da ölkə başçısı qətiyyətlilik nümayiş etdirmişdi və hətta vəzifə səlahiyyətlərini aşmış bank rəhbərliyi də istefa ərizəsi yazmalı olmuşdu.

Bütün bunlar dövlət başçısının ölkədə hüquqi dövlət quruculuğu prosesində güzəştsiz mövqe tutduğunun, dövlət əmlakına xəyanəti, ölknin inkişafına mane olan qüvvələri bağışlamadığının göstəricisidir.

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından sonra qəbul edilmiş qərarlar və atılan addımlar əyani şəkildə sübut etdi ki, Azərbaycan Prezidenti ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər görüləcəkdir.

Məlum olduğu kimi, dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilmişdir ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olması və onlara qarşı qanunsuz tələblər irəli sürməsindən narazıdırlar. Milli Təhlükəsizlik Nazirliyinin bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmuş, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləmiş və bundan öz məqsədləri üçün istifadə etmişlər. Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq surətdə aşaraq ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırmış, onların qanuni mənafelərinə zərbə vurmuş, bununla da ümumilikdə cəmiyyəti və dövlətin maraqlarını tapdamışlar.

Milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması, sahibkarlığın inkişafına maneə törədən amillərin aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü cənab İlham Əliyevin öz qərarında qəti olduğunu və heç kimə güzəşt olmayacağını əyani şəkildə nümayiş etdirdi.

Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib və dünən layihə təsdiqlənib. Qanun layihəsinə əsasən, noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Yersiz yoxlamaların dayandırılması sahibkarlar təbəqəsinin dövlətə inamının daha da artmasına səbəb olacaq, biznes sahəsinin genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq yeni iş yerləri yaratmasına, yeni investisiyalar qoymasına və beləliklə də, vergi ödənişlərinin çoxalmasına stimul olacaq.

Cənab Prezident tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının azaldılması, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıqla bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulur.

Bütün bu addımlar onu göstərir ki, ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.

Dövlət başçısı ölkədə qeyri-neft sektorunun inkişafını prioritet elan edib. Bu istiqamətdə əsas fəaliyyət sahibkarlığın inkişafına şərait yaradılması olmalıdır. Bu mənada dövlət başçısı tərəfindən qəbul edilmiş qəti qərarlar bu sahənin sürətli inkişafına gətirib çıxaracaq.

Azərbaycan vətəndaşları, ziyalılar, tanınmış şəxslər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri dövlət başçısının qətiyyətini və atdığı addımları alqışlayırlar. Çünki Prezident İlham Əliyevin atdığı hər bir addımın xalqın, vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyinə cəmiyyətdə böyük inam var. Xüsusilə də harınlamış bəzi məmurlarla bağlı atılan addımlar, dünyada baş verən iqtisadi böhran şəraitində neft gəlirlərinin azalmasına baxmayaraq, sosial sahədə həyata keçirilən işlərin davam etdirilməsi, ölkə iqtisadiyyatında artım tempinin saxlanması ölkə əhalisi tərəfindən dövlət başçısına inamı bir qədər də artırır və onun qətiyyətli qərarlarının dəstəkləməsinə gətirib çıxarır. Bu isə xalq-prezident tandeminin anoloqsuz nümunəsidir. Xarici ölkələrin sosioloji mərkəzlərinin bu yaxınlarda ölkədə keçirdiyi rəy sorğularının nəticələri də dövlət başçısına xalqın, cəmiyyətin inamını, dəstəyini bir daha təsdiqlədi.
\\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.