BNA da bunu bacarmadı... - Bakının dərdi var...

5-04-2019, 09:53           
BNA da bunu bacarmadı... - Bakının dərdi var...
Bakının nəqliyyat sistemini problemsiz təsəvvür etmək mümkün deyil.

Şəhərdə tikililərin, əhalinin sayı artdıqca problemlər daha kəskin xarakter alır.Tıxaclar, ictimai nəqliyyatda sıxlıq, marşrut avtobuslarında intervalının böyük olması, parkinq problemi, ictimai nəqliyyatda sürücülərin qeyri-peşəkarlığı ilə bağlı mövzulara ölkə mətbuatında müntəzəm toxunulur.

Əgər əvvəllər tıxaclar zamanı yol polisinin müdaxiləsi qısa bir zamanda baş verirdisə, indi uzunmüddətli tıxaclar zamanı nadir hallarda yol polisi hərəkətin tənzimlənməsi prosesinə qatılır.Parkinq məsələləri Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərində idi. İndi bu da BNA-nın səlahiyyətlərin daxildir. Agentlik həm hərəkətin təşkilini təmin edir, həm də nəzarətçi qurum rolunu oynayır.Əksər səlahiyyətlərin bir əldə - Bakı Nəqliyyat Agentliyində (BNA) cəmlənməsinin effektiv üsul olmadığı ortaya çıxır.İstər səlahiyyətlərin Nəqliyyat Nazirliyinin, istərsə də BNA-nın əlində cəmlənməsi mövcud vəziyyətin dəyişilməsinə təkan vermir.

Bəs, səlahiyyətlərin bölüşdürülməsinin problemlərin həllində effektiv üsul ola bilərmi? Məsələn, hərəkətin təşkilinin bir quruma verilməsi, nəzarətin isə başqa bir qurum tərəfindən həyata keçirilməsi mövcud problemləri azalda bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, zaman-zaman nəqliyyat sisteminin ayrı-ayrı qurumlar vasitəsilə idarə olunması, eləcə də bir əldə cəmlənməsi təcrübə olaraq baş verib:

“Amma ortada köklü bir dəyişiklik olmayıb. Hazırda avtobusların yenilənməsi, intervalın azaldılması istiqamətində müəyyən dəyişikliklərin şahidi oluruq, amma problemlər hələ də qalır.Həmçinin, sıxlıq müəyyən qədər azalıb, dayanma-durma qaydaları ilə bağlı sürücülərdə məsuliyyət yaranıb.Buna baxmayaraq, nəzər yetirsək görərik ki, dayanma-durma qaydalarına riayət edilməsi üçün şəhərdə kifayət qədər yer yoxdur. Qiymətlər isə çox bahadır.300-400 manat əmək haqqı alan adam orta hesabla maaşının 1/3 hissəsini parkinq üçün verməlidir. Kimsə deyə bilər ki, Londonda qiymətlər daha bahadır, amma orada əmək haqları da yüksəkdir”.

Ekspert deyir ki, taksilərə nəzarət məsələsi də nə Nəqliyyat Nazirliyinin, nə də Bakı Nəqliyyat Agentliyinin zamanında öz həllini tapmır:

“Amma taksi sürücülərinin haqlı olduqları məqamlar da çoxdur. Bütün ticarət mərkəzləri yol kənarına çıxıblar, avtobus dayanacaqları dönərxanalarla əhatə olunub.Bəs, taksilər harada dayanmalıdır?Digər tərəfdən yaranan şirkətlər taksi sürücülərini istismar edir.Ötən ilin dekabrında prezident İlham Əliyev “Yol Hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı” təsdiqləyib.Bu 5 illik proqramdır.Sənəddə nəzərdə tutulur ki, nəqliyyat idarəedilməsinədə cavabdeh olan qurumlar bir mərkəzdən idarə olunsun. Proqrama əsasən vahid bir sistem yaradılacaq ki, bütün qurumların - Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), Dövlət Yol Polisi (DYP), Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC-nin bu mərkəzdən informasiya almaq, informasiya mübadiləsi aparmaq imkanları olacaq. Bu bir sıra problemlərin aradan qalxmasına şərait yaradacaq.Məsələn, mövcud vəziyyətdə “Babək” prospektində yolu AAYDA təmir edir, təhvil veriləndən sonra məlum olur ki, piyada keçidləri qoyulmayıb, svetaforlar çatışmır. BNA gəlib yenidən iş görməyə başlayır, bu da hələ DYP-ni qane etmir. Amma qanunla tikinti müddətində aiddiyəti qurumların nümayəndələri orda müşahidə aparmalıdır, təhvil verilənə yaxın bir daha müayinə olunmalıdır.Amma AAYDA-nın əməkdaşları hesab edir ki, ən savadlı kadrlar onlardır və başqalarının fikrinə ehtiyacları yoxdur.Bütün qurumlar bir-birini bəyənmir.Bu problemlərin olmaması üçün vahid mərkəzdən idarəetmə olmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.