QARABAĞ DANIŞIQLARI: Moskva təşəbbüsü ələ alır

10-04-2019, 11:31           
QARABAĞ DANIŞIQLARI: Moskva təşəbbüsü ələ alır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Moskvada keçirilməsi danışıqlar prosesində Rusiyanın fəallığını artıra bilər.

Qeyd edək ki, Rusiyanın təşkilatçılığı ilə danışıqlar sonuncu dəfə 2016-cı ilin iyun ayında Sankt-Peterburqda baş tutub. Prezident Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşü baş tutsa da, sonra proses dayanıb. Yalnız bu il martın 29-da ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan müzakirələrdən sonra ən yüksək səviyyədə bərpa edilib.

Lakin Ermənistanın politoloqları və müxalifətçiləri Paşinyanı həmin danışıqlarda 2016-cı ilin aprel döyüşlərindən sonra Vyanada və Sankt-Peterburqda əldə edilmiş razılaşmaları güdaza verməkdə ittiham edir. Bu baxımdan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə Sergey Lavrovun iştirakı Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyindən sonra müzakirələrdəki mövqeyini gücləndirə bilər. Xatırladaq ki, Azərbaycanın xartici işlər naziri Elmar Məmmədyarov danışıqların Sergey Lavrovun iştirakı ilə üçtərəfli formatda keçiriləcəyini bildirib.

Politoloq Elşən Manafovun sözlərinə görə, danışıqlar ərəfəsində Azərbaycanın hərbi və diplomatik mövqeyi güclü olduğunu Rusiya nəzərə alır. Ona görə də Moskvanın danışıqlarda fəallaşması Azərbaycana problem yarada bilməz:

“Rusiya ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr dövlətlərdən biridir. Danışıqların harada keçirilməsi məsələsi təbii ki, həmsdrlər arasında müzakirə olunub. Növbəti müzakirələrin Moskvada keçirilməsi ciddi problem deyil. Düşünmürəm ki, danışıqların Moskvada baş tutması Rusiyanın bu prosesdə vasitəçilik missiyasının gücləndirilməsi ilə bağlı hansısa amilləri özündə ehtiva edir. Məsələyə bu kontekstdən yanaşsaq, Ermənistanın müdafiə naziri David Tonoyanın Vaşinqtonda Azərbaycan ərazilərinin işğalına çağıran bəyanatını ABŞ-ın mövqeyi kimi də dəyərləndirə bilərik. Əslində, belə deyil. Birləşmiş Ştatlar çalışır ki, tədricən Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarsın. Yaxud Ukraynada yaşanan hadisələr Rusiyanın MDB məkanındakı təsir imkanlarını azaltmağa xidmət edir.

Rusiya da bunu bilir. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, ev sahibinin danışıq aparan tərəflərlə görüşərək vasitəçilik etməsi ATƏT-in Minsk Qrupunun nizamnaməsi ilə Rusiyaya verdiyi səlahiyyətlərə zidd deyil. Doğrudur, Ermənistanın hazırkı rəhbərliyi Rusiya ilə münasibətlərin də qayğısına qalır. Paşinyan hökuməti zaman-zaman Qərbə boylandıqca, Rusiya tərəfindən ciddi təzyiqlərə məruz qalmamağın vacibliyini anlayır. Azərbaycanın da Rusiya ilə münasibətləri çox rəvan şəkildə inkişaf edir. Həmçinin, Türkiyə ilə Rusiya arasında strateji yaxlınlaşma Azərbaycanın maraqlarına cavab verir. Prezident İlham Əliyevin Azərbaycanın yaxın perspektivdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq planlarının olmadığı barədə açıqlamasından sonra Rusiya qoşunlarının sülhməramlı qüvvələr adı altında münaqişə bölgəsinə yerləşdiriləcəyinə dair narahatlıqlara birmənalı şəkildə son qoyulub. Azərbaycan Ermənistan deyil. Rusiya iqtidarı başa düşür ki, Ermənistandan fərqli olaraq, Azərbaycanla təzyiqlə danışmaq mümkün deyil. Ermənistan ekspertlərinin iddialarına gəlincə, onlardan soruşmaq lazımdır ki, “Vyana və Sankt-Peterbur görüşlərinin nəticələri dəfn olunub” deyəndə nəyi nəzərdə tuturlar. Əksinə, Vyana görüşünə qədər Paşinyan başda olmaqla Ermənistan tərəfi danışıqların formatını dəyişdirmək istəyirdi. Azərbaycan prezidenti və beynəlxalq ictimaiyyət bu cəhdi rədd etdilər. Bu isə Azərbaycan diplomatiyasının uğurudur.

Minsk Qrupunda təmsil olunan dövlətlər bəyan etdilər ki, danışıqların formatının dəyişdirilməsindən söhbət belə gedə bilməz. Ermənistan da anlamalıdır ki, Azərbaycan separatçılarla danışıqlara getməyəcək. Azərbaycan müdafiə naziri Zakir Həsənovun David Tonoyana “Lazım gələrsə biz İrəvanda görüşərik”-deyə cavab verməsi o deməkdir ki, rəsmi Bakı danışıqlar ərəfəsində daha sərt mövqe nümayiş etdirir və müharibə ritorikası güclənir. Hərbi əməliyyatların bərpa olunacağı təqdirdə bunun Ermənistana nəyin bahasına başa gələcəyini Rusiya və digər həmsədr dövlətlər yaxşı bilir. 2016-cı ilin aprel ayında baş vermiş hərbi əməliyyatlar bunu bir daha sübut etdi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.