İntiharın “yoluxucu” effekti - “qara xəbər”ləri dərc edək, etməyək...

11-04-2019, 08:36           
İntiharın “yoluxucu” effekti - “qara xəbər”ləri dərc edək, etməyək...
Faciəvi olaylarda media necə davranmalıdır - rəylər; Avropa təcrübəsi
İntihar edən məktəbli qızın yeni videolarının sosial şəbəkədə və onlayn mediada yayılması bir çox ekspertlərin, hüquq müdafiəçilərinin etirazına səbəb olub. Hadisəni əks etdirən görüntülərin yayınlanması, azyaşlının üzü açıq fotolarının verilməsi, intihar anının anbaan verilməsi ciddi həyəcan siqnalı yaradıb.

Psixoloqlar bildirir ki, intihar yoluxucu bir haldır və hər zaman cəmiyyətdə sensasiya yaradan bir olayın ardından silsilə intiharlar baş verir. Səbəb isə medianın və sosial şəbəkə istifadəçilərinin bu məsələdə etik çərçivələri aşmasıdır. Digər tərəfdən, intihar edən azyaşlının qəhrəmana çevrilməsi də onun yaşıdlarının psixologiyasına birmənalı təsir etmir.

Artıq Qərb mediası intihar xəbərlərini tirajlamamaqla bağlı birmənalı qərara gəlib. Bu cür hadisələrin detallarına, şəxslərin kimliyinə, ailə məsələlərinə qətiyyən yer ayrılmır. Lakin Azərbaycan mediası diqqəti problemə yönəltmək yerinə, olayı dərin qatlarına qədər bütün çılpaqlığı ilə açmağa çalışır.

Digər bir məsələ isə hadisə ilə bağlı cavabdeh şəxslərin məsuliyyət daşımasıdır ki, bu məsələdə də media öz rolunu oynadı, bir çox gizli məqamlar, cinayət xarakterli faktlar üzə çıxdı.

Bəs görəsən, bütün bunlar mediada necə işıqlandırılmalıdır ki, həm intihar təşviq olunmasın, həm də hadisə ilə bağlı cinayət tərkibli mühüm faktlar ictimaiyyətdən kənarda qalmasın? Bu məsələdə qızıl orta necə tapılmalıdır?

Media eksperti Zeynal Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu tipli olayı çılpaqlığı ilə vermək qətiyyən olmaz: “O özünü necə atdı, hansı hərəkəti elədi, bütün bunları təsvir etmək olmaz. Dramatizm yaratmaq üçün, oxucu qazanmaq, tamaşaçı qazanmaq üçün belə üsullara əl atmaq yolverilməzdir. Biz dəfələrlə bu haqda danışmışıq ki, bu tipli olaylarda, intihar olayında, özəlliklə məktəblilər arasında baş veribsə, media problemin kökünə baxmalıdır. İntiharın detalları ilə bağlı, ailəsi ilə bağlı, özü ilə bağlı təfərrüatlar yox, bütövlükdə bu problemin nədən baş verməsi diqqətdə saxlanılmalıdır. Bir ümumiləşdirmə aparılmalıdır. Yəni intihar edən şəxsin özü və ya ailəsi haqqında təfərrüatlar yox, bu olayların qarşısının alınması üçün görülən profilaktik işlər işıqlandırılmalıdır. Məktəb, ailə, cəmiyyət səviyyəsində hansı profilaktik işlər getdiyi haqqında məlumat verilməlidir. Uşağın dışlanması ilə bağlı problem varsa, məktəb psixoloqu faktoru, məktəbdə tərbiyə işləri önə çəkilməlidir. Müəllim-şagird münasibətləri, şagirdlərarası münasibətlərdə pedaqoji kollektivin rolu, ailənin rolu önə çəkilməlidir. Bu olaydan çıxan nəticəyə diqqət edin, dəfələrlə məlumat verilib, hər iki tərəf özünü doğruldacaq arqumentlərlə çıxış edib. Ancaq nəticə düzgün çıxarılmayıb. Məktəb dəyişən uşaqlarda dışlanma kimi problemlər olur. Əksər kollektivlərdə yeni gələni dışlayırlar. Qəribə bir qəzəb var, bu, təkcə şagirdlər arasında deyil, əmək kollektivlərində də yeni gələnə münasibət başqadır. Uşaqlarda alışdığımız bu şeylər böyüyəndə daha dərin əlamətlərlə davam edir”.

Z.Məmmədlinin sözlərinə görə, burada media detallardan qaçaraq məsələni araşdırmalıdır: “Cəmiyyətdə elə bir ictimai rəy yaratmalıdır ki, bu tipli olaylar üçün yol xəritəsi hazırlansın. Burada istər pedaqoji kollektiv, istər ailə, istərsə də mütəxəssislər, psixoloqlar bu məsələyə daxil olmalıdırlar. Yalnız bu cür olmalıdır, çox sadədir”.

Ekspertin fikrincə, intihar edən şəxsi qəhrəmana çevirmək də doğru deyil: “Xüsusən də intihar edən yeniyetmənin öz yaşıdları arasında bu cür rəy yaranması qorxulu haldır. Onlar hələ yetkin deyillər, aralarında birdən-birə məşhurlaşmaq istəyən, qəhrəmana çevrilmək istəyən uşaqlar bu addımı ata bilər. Media bu baxımdan məsələni yayanda çox diqqətli olmalıdır. İntihar edən şəxsin şəxsiyyəti üzərində deyil, səbəb üzərində dayanmaq lazımdır. Ümumiləşdirmək, şərti adlardan istifadə etmək lazımdır. Hər addımda düşünməlisən ki, bu mənim balam olsaydı, onu necə yazardım. Media etikasının ən ciddi prinsipi birbaşa özünə aid etməkdir. Məktəblinin valideynləri, müəllimləri ilə müsahibə necə olacaq? Bu olay hamını üzür, hər kəs olmamasını istərdi. Ancaq cavabdeh şəxslər də var ki, onlar öz borclarını necə yerinə yetirməli idilər. Bu çox ciddi məsələdir. Bu məktəbdə psixoloq ştatı həqiqətən varmı, onun hansı fəaliyyəti var. Digər məktəblərdə vəziyyət necədir. Təhsil Nazirliyinin də bununla bağlı araşdırmaları olmalıdır. Lazım gəlsə, Səhiyyə Nazirliyinin də köməyindən istifadə olunmalıdır. Çox təəssüf ki, biz bunların heç birini görmədik. Sadəcə, məmur reaksiyası görürük, eyni zamanda medianın özündə də olayın dalınca qaçmaq, hadisənin özünü çatdırmaq var, reytinq dalınca qaçmaq var, ancaq bunun kökü ilə bağlı, incəlikləri ilə bağlı məsələni ictimai müzakirəyə çıxarmaq yoxdur. Mən bu hadisədə medianın günahından çox, məktəblərin , problemlə birbaşa əlaqəsi olan adamların, o cümlədən ailələrin günahını görürəm. Ailələr də övladı ilə baş vermiş problemləri bu və ya digər səbəbdən ümumiləşdirmirlər. Bizdə məktəb-müəllim-təhsil mütəxəssislərinin iş birliyi yoxdur. Bu da özünün mənfi nəticələrini belə hallarda mütləq göstərir, yenə də göstərəcək. Mən inanmıram ki, bu hadisə bizə ciddi şəkildə dərs oldu. Hər halda, əlamətləri görünmür”.

Məsələyə dair redaktorlar da münasibət bildiriblər.

Vüsalə Mahirqızı, ONA Agentliyinin təsisçisi deyib ki, bütövlükdə bu hadisə sözün həqiqi mənasında Təhsil Nazirliyi, müvafiq strukturlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üçün də siqnal olmalıdır. Ailələrin, məktəblilərin, müəllimlərin psixoloqla işləməsi üçün işlər aparılmalıdır: “Amma ümumiyyətlə, bu video və hadisə ilə bağlı medianın indiki formada apardığı işi mən heç bir formada təqdir eləmirəm. Düşünürəm ki, məktəblinin intihar videosunu paylaşanlarla bağlı Mətbuat Şurası, hüquq-mühafizə orqanları tərəfindən çox sərt, ciddi cəza tədbiri həyata keçirilməlidir. Bu videonun, hadisənin bu formada yayılması sosial şəbəkələrdə olan yeniyetmələr, uşaqların həyatı üçün ciddi təhlükədir. Düşünürəm ki, Təhsil Nazirliyi bununla bağı hüquq-mühafizə orqanlarına müraciət etməli və sosial şəbəkədən yığışdırılmalıdır".


Elşad Məmmədli, “Yeni Müsavat” qəzetinin redaktoru hesab edir ki, şagirdin intihar anını əks etdirən videonu yaymaq qətiyyən doğru deyil: “Bu, həm qanunla, həm də mənəvi-psixoloji baxımdan yolverilməzdir. Bunu yayanlar başa düşmür ki, sosial şəbəkələrdə olan məktəblilər depressiyaya, vahiməyə düşür və hətta affekt vəziyyətinə gəlib, bunu təkrarlamaq istəyənlər ola bilər? Ümumiyyətlə, məncə, media zorakılıq, intihar, piyada vurulmalarını əks etdirən videoları, fotoları yaymamalıdır. Avropa ölkələrində media ”qara xəbərləri" yaymaqdan imtina edib. Bu, peşəkar yanaşma ilə yanaşı, həm də cəmiyyəti gərginliyə sürükləməmək baxımından vətəndaş borcudur. Lakin əgər hansısa intihar hadisəsində, yaxud digər faciəvi olayda sövqetmə, cinayət əməli varsa, əlbəttə, media bunların üzərinə getməlidir, etik çərçivələri aşmadan, intihar anı, ölüm anı görüntülərini verməməklə. Hər bir halda, son hadisə bütün aidiyyəti qurumların nəticə çıxarmalı olduğu məsələdir. Əsas məsələ intiharların, bu kimi xoşagəlməz halların baş verməməsi üçün önləyici tədbirlər görməkdir".


Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə hesab edir ki, medianın və jurnalistlərin işi çətin olmaqla bərabər, məsuliyyət tələb edir: “Media bu olayla bağlı xəbərləmə funksiyasını əsas götürərək bu hadisəni xəbərlədi, sonra da ictimai müzakirəyə çıxardı. Müzakirələr zamanı öz ifadələrini doğru seçə bilməyən və daha həyatının başında bir uşağı itirmənin üzüntüsünü ifadə etmək əvəzinə, ”lazımsız" və “başqasını hədəf alan ittihamedici” ifadələr işlədən direktor da ictimai qınağa tuş gəldi və müvəqqəti də olsa işindən uzaqlaşdırıldı. Lakin bu gün mediada gördüyüm intihar anının videosu və onun ucdantutma tirajlanması barədə mediaya və jurnalistlərə yönəlik iradımı deməliyəm. Jurnalistlər xəbərləmə funksiyasını həyata keçirərkən hüquq və etik davranış qaydalarının çərçivəsində qalmalıdırlar. Əks halda, onların peşəkarlıqları ciddi sorğulana bilər. İntihar hadisələrinə dair xəbərlər yayılarkən xüsusi diqqət edilməlidir. Bu zaman hökmən əməl edilməli çərçivələr var. İntihar hadisələrinə dair informasiyalar daha çox nəticələrinin yaratdığı üzüntülər aspektindən ələ alınmalıdır. Çünki intiharın “yoluxucu” effekti də var. Başqaları bu nəticələri görərək intihara meylli olsalar belə, bu yola getməsinlər deyə".

Ə.Məmmədli vurğuladı ki, intihar anının videosunu paylaşmaq etik deyil: “Nadir istisnalar ola bilər, məsələn, şəxsin intihar etməyib, öldürüldüyü və bu məqsədlə bir başqasının suçlanması halında, gerçək intihar anının görüntüsü ictimai əhəmiyyət kəsb edə bilər. O zaman da yenə başqa məhdudiyyətlər nəzərə alınaraq yayıla bilər. Ayrıca, intihar edən şəxsin azyaşlı olmasını nəzərə aldıqda, onun adı, şəxsiyyətini eyniləşdirən digər informasiyalar, görüntüsü, şəkli paylaşılmamalıdır. Amma bizim bəzi media qurumları və bəzi jurnalistlər, habelə sosial mediada ictimai paylaşımlar edən bəzi şəxslər bu çərçivələrə əməl etmədən bu görüntüləri yayır.

Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 3.11 bəndində birbaşa intiharla bağlı informasiya paylaşan jurnalistin necə davranacağı göstərilib: “... İntihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməli”. “KİV haqqında” Qanunun 11-ci maddəsinin 4-cü bəndi də yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol vermir. Jurnalistlərdən və ictimai informasiyaları paylaşan hər kəsdən xahişim, intihar hadisələrinin açıq görüntülərini yaymamaları və hadisə zamanı zərərçəkən şəxsin 18 yaşından az olmasını nəzərə alaraq, onun şəxsiyyətinə daha həssas yanaşmalarıdır".

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.