Qarabağ separatçılarından Sərsəng su anbarı ilə bağlı məkrli təklif - GƏLİŞMƏ

12-04-2019, 08:50           
Qarabağ separatçılarından Sərsəng su anbarı ilə bağlı məkrli təklif - GƏLİŞMƏ
İşğalçı Ermənistan və Qarabağdakı separatçılar vaxtaşırı Azərbaycana yönəlik absurd çağırışlar edirlər, özlərini “sülhpərvər”, “humanist adamlar” kimi təqdim etməyə çalışırlar. Növbəti sərsəm təklifləri Dağlıq Qarabağdakı qondarma “hökumətin keçmiş rəhbəri Araik Arutyunyan səsləndirib. Arutyunyan facebook səhifəsində yazıb ki, beynəlxalq uçuşlar üçün Qarabağ hava məkanının açılmasını, həmçinin Azərbaycanla birlikdə Sərsəng su anbarının istifadəsini təklif edib.

Onun iddiasına görə, razılıq əldə olunarsa, sərhədyanı rayonlarda minlərlə hektar torpaq suvarılacaq ki, bu da əhalinin həyat səviyyəsini kardinal şəkildə dəyişəcək. Arutyunyan deyib ki, bu təkliflər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin qarşıdakı görüşündə müzakirə oluna bilər. Qarabağ separatçısı onu da bildirib ki, vaxtilə bu təkliflər BQXK və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəsilə Azərbaycan hakimiyyətinə təqdim olunub, lakin Bakı tərəfindən qəbul edilməyib. (“Turan”)

Xatırladaq ki, Qarabağ üzərində hava məkanı Azərbaycan ərazisi sayılır və onun razılığı olmadan orada beynəlxalq aviareyslər mümkün deyil. Bakı dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nizamlanmayınca bu cür uçuşların həyata keçirilməsinə imkan verilməyəcək.

Sərsəng su anbarına gəldikdə, rəsmi Bakı bunu da qəbulolunmaz hesab edir. Hətta Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edilib.

Xatırladaq ki, Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilmiş su anbarıdır. Onun ümumi sututumu 560 mln m2, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər rayonunun erməni işğalında olan (keçmiş Ağdərə rayonu) ərazisində qalıb və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Bir sıra hallarda ermənilər anbarın bəndini dağıdaraq Azərbaycan üçün su fəlakətini yaradacaqları ilə də təhdid edirlər.

Ekspertlərimiz ermənilərin Azərbaycana təklifini qəbulolunmaz sayır.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Sərsəng su anbarı ilə bağlı separatçı qurumun rəhbərlərinin Azərbaycana təklifi təsadüfi deyil: “Bununla onlar yenə də özlərini subyekt kimi göstərməyə çalışırlar. Tək Sərsənglə bağlı məsələni yox, eyni zamanda mülki aviasiyanın da sərbəst hərəkətini gündəmə gətirirlər. Sərsəng su anbarı Azərbaycanda ən hündür bəndli su anbarlarından biridir və hazırda Tərtər rayonunun erməni işğalında olan ərazisində yerləşir. Ərazilərimizin işğalından sonra bu anbardan istifadə etmək mümkün olmayıb. Buna görə də Azərbaycanın 6 rayonunda 100 min hektarlarla ərazi susuz qalıb”. Politoloq qeyd etdi ki, mütəmadi olaraq erməni tərəfi bu məsələni bir təzyiq vasitəsi kimi qabardır: “Maraqlıdır ki, Avropa Şurası Parlament Assambleyasında Sərsənglə bağlı 11 ölkədən olan 27 deputatın imzası ilə sənəd də qəbul edilib və həmişə olduğu kimi icra mexanizmi yoxdur. Yəni ermənilərin mütəmadi olaraq verdikləri belə bəyanatlar əsasən siyasi məqsədlər daşıyır və Azərbaycan-Ermənistan danışıqlarında predmetə çevrilmək məqsədi güdür. Həqiqətən də su ilə terrora məruz qoyma Sərsəng su anbarının bağlanması və ya qəflətən açılaraq təhlükəli vəziyyətin yaradılması məsələsi bu gün ermənilərin mənfur xislətindən başqa bir şey deyil”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bildirdi ki, Azərbaycanın Sərsəng su anbarını işğalçılarla birgə işlətməsindən söhbət gedə bilməz: “Sərsəng su anbarı işğal altındadır. Əgər separatçıların ”birgə əməkdaşlıq" təklifinə razılaşsaq, gərək onda başqa sahələrdə də “əməkdaşlıq” edək. Separatçılar bu yolla özlərini tanıtdırmağa çalışırlar. Yəni sonda desinlər ki, “görürsünüz, Azərbaycan da bizimlə əməkdaşlıq edir”. AŞPA-nın Sərsəng Su Anbarı ilə bağlı qətnaməsi var. Həmin qətnaməyə görə “birgə əməkdaşlıq” yox, Sərsəng su anbarının işğalına son qoyulması tələb olunur. Ermənistan hakimiyyəti və separatçılar AŞ PA-nın bu qətnaməsi ilə hesablaşmadılar. Separatçılar istəyirlər ki, Azərbaycan maliyyəsi hesabına Sərsəng su anbarını bərpa edib ondan daha keyfiyyətli şəkildə istifadə etsinlər. Buna razılaşmaq olmaz! Sərsəng su anbarının birgə istifadəsi yalnız ədalətli sülh sazişinin imzalanmasından sonra mümkündür".

Qeyd edək ki, BMT-dəki tədbirlərdə də Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri Nidal Salim Ermənistanı Azərbaycana qarşı sudan təzyiq kimi istifadəsini dayandırmağa, bu sahədə qəbul edilmiş beynəlxalq hüquqi sənədlərə əməl etməyə çağırıb. O, Azərbaycana qarşı sudan təzyiq vasitəsi kimi istifadəni beynəlxalq cinayət adlandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.