Banklar Milli Məclisi də, ... Nəzarət Palatasını da saymadı...

12-04-2019, 18:37           
Banklar Milli Məclisi də, ... Nəzarət Palatasını da saymadı...
Yüksək bank faizlərinin sahibkarılığın inkişafına iflicedici təsiri davam edir...

Məlum olduğu kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsini azaltmağı təklif edir. Bundan başqa, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən "Banklar haqqında" qanuna təklif edilən dəyişiklik də bu prosesdə mühüm rol oynamaq iqtidarındadır.

Qeyd edək ki, “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komissiya haqlarının və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılmasına görə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur. Yəni artıq bankların verdikləri kreditlər üçün müəyyən yuxarı hədd müəyyən olunması gündəmdədir və belə vəziyyətdə banklar daha yüksək kredit faizlərindən istifadə edə bilməyəcək. Gözlənir ki, faizlərə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarət olunsun. Qanun yaxın tezlikə parlamentin plenar iclasına çıxarılacaq. Ekspertlər isə ölkədə həyata keçirilən yeni islahatlar fonunda bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Ən azı o baxımdan ki, kredit faizləri aşağı olduğu halda bundan faydalanan sahibkarların sayının daha da artması mümkün hala gələcək. Məhz bu vəziyyətdə ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisinin daha da artması gözlənir.

Düzdür, indilikdə banklar özləri könüllü şəkildə faiz endirimlərinə getməyə tələsmirlər. Belə görünür ki, məsələnin qanunvericlik formasında əksini tapması olduqca vacibdir. Eyni zamanda, faizlərin aşağı salınması üçün digər iqtisadi addımların atılması da önəmli sayılır. Məsələn, ekspertlər bildirir ki, bu gün kommersiya banklarının kredit faizləri ilə depozit faizləri arasında kəskin fərq var. Belə ki, kommersiya bankları orta hesabla depozitləri manatla 7 faizlə, xarici valyuta ilə 1 və daha aşağı faizlə cəlb edir, ancaq manatla kreditləri 30 faizlə, xarici valyuta ilə kreditləri isə 12-16 faizlə təklif edirlər. Bu da kreditlərlə bank faizləri arasında kəskin fərqdən xəbər verir. Məhz bu fərqin aradan qaldırılması olduqca önəmli sayılır. Çünki belə olan halda bank faizlərinin aşağı düşməsi qaçılmaz sayılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili isə bununla yanaşı digər iqtisadi addımların da işə salınmasını zəruri sayır: “Bu gün Azərbaycanda kredit faizlərinin, xüsusən sahibkarlıq üçün kredit faizlərinin yuxarı olması sahibkarlığın inkişafı üçün müəyyən qədər maneələr yaradır. Kredit faizləri nə qədər aşağı olarsa, sahibkarlıq daha çox investisiya cəlb edə bilər və yaxud daha çox iş görə bilər. Bu gün bütövlükdə kredit portfelinin ümumi daxili məhsulda həcmi, təxminən 12 faizə yaxındır. İqtisadiyyatın sürətli inkişaf etməsi üçün kredit portfelinin ümumi daxili məhsulda payı 60 faizdən yuxarı olmalıdır. Bu o deməkdir ki, Azərbaycanda kredit portfelinin həcmi xeyli aşağıdır. İqtisadiyyatın sürətli inkişafı üçün kreditlərə ehtiyac var, bu kreditlərin həcmi artmalıdır. Amma istənilən halda kredit faizləri də sahibkarlara daha çox iş görməyə imkan verməlidir“. Onun sözlərinə görə, bu gün Avropa ölkələrində kredit faizləri aşağı olduğu halda, bizdə bir çox hallarda 15 faizin üzərindədir: “Böyük həcmdə fərqin olması bizim sahibkarların rəqabət qabiliyyətini aşağı salır. Azərbaycan sahibkarları ixrac zamanı bazarlarda Avropa şirkətləri ilə üzləşir. Sahibkarlarımızın ucuz pul kütləsinə asan çıxışının olmaması rəqabətdə ciddi problemlər yarada bilir.

Amma məsələnin ikinci tərəfi var ki, kredit faizlərini hansı formada aşağı salmaq mümkündür. Çünki banklar özəldir və onlar da sahibkarlığın bir formasıdır. Bu gün bankların hər hansı bir formada kredit faizlərini aşağı salması iki istiqamətdə mümkündür. Bir istiqamət ondan ibarətdir ki, istənilən halda bankların daha çox ucuz pul kütləsinə çıxışı olmalıdır. Bir çox ölkələrdə müəyyən dərəcədə məhdudiyyətlər tətbiq edirlər ki, banklara yuxarı faizli kredit verilməsi iqtisadi cəhətdən sərf etməsin. Məsələn, banklara yuxarı faizlə kredit verilirsə, bu kreditlərin qaytarılması üçün banklar daha çox özlərində ehtiyat yaratmalıdır. Bankın daha çox ehtiyat yaratması bir çox hallarda ona sərf etmir. Ona görə də bank daha az ehtiyat yaratmaq üçün aşağı faizlə kredit verməkdə maraqlı olur. Bu, məsələnin mühüm bir hissəsidir.

Biz də düşünürük ki, bu gün ölkəmizdə iqtisadi alətlərlə banklara kredit faizlərinin aşağı salınması ilə bağlı iqtisadi təsir mexanizmləri yaratmaq mümkündür. Amma eyni zamanda, daha ucuz kreditə və yaxud da pul kütləsinə çıxışı təmin etmək üçün banklara köməklik göstərmək lazımdır. Son nəticədə kredit faizlərinin aşağı düşməsində hamımız maraqlıyıq. Çünki kredit faizlərinin yuxarı həddə olması sahibkarlıq fəaliyyətinin inkişafı üçün maneədir“. Bununla yanaşı, digər iqtisadçılar hesab edir ki, faizlərin bank sektorunda rəqabətin gücləndirilərək tənzimlənməsi də məqsədəuyğun olardı. Hesab edilir ki, bank sektorunda rəqabətin gücləndirilməsi, bankların likvidliyinin artırılması və sağlamlaşdırılması istiqamətində fəaliyyətlər güclənərsə, bu, kredit faizlərinin tənzimlənməsinə imkan verəcək. Məhz belə vəziyyət bankların sahibkarlığın inkişafına daha böyük töhfə verməsinə gətirib çıxara bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.