Sülh danışıqlarının imitasiyası yalnız müharibəyə işləyir - TƏHLİL
18-04-2019, 11:01
Azərbaycan və Ermənistan rəhbərləri Vyana görüşündən sonra iki ölkə arasında XİN başçılarının - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın ilk görüşü baş tutdu. Bəllidir ki, Vyana görüşündə bu formatda sülh müzakirələrinin davam etdirilməsi haqda razılıq əldə edilmişdi. Bu, sülh prosesinin permanent olması baxımından önəmli idi. Ancaq danışıq xətrinə danışıqların da prosesə xeyirdən çox zərər vurduğu artıq bütün ciddiliyi ilə qəbul edilməlidir. Çünki zaman gedir və həlli uzanan Dağlıq Qarabağ konflikti daha təhlükəli vəziyyətə gəlir.
Təəssüf ki, işğalçı tərəfdə status-kvonu süni şəkildə uzatmaq və yenə vaxt qazanmaq cəhdləri müşahidə edilir. Bunu bəzi pozitiv notlara rəğmən, son Moskva müzakirələri ilə yanaşı, liderlərin Vyana görüşündən dərhal sonra Ermənistanın müdafiə naziri David Tonoyanın verdiyi məlum təxribatçı bəyanat, ardınca erməni baş nazir Nikol Paşinyanın onu dəstəkləməsi şübhə yeri saxlamadı. Belə qənaət hasil olur ki, düşmən ölkənin yeni rəhbərliyi də “Sülh, yoxsa müharibə daha önəmlidir” sualını özü üçün qətiləşdirə bilməyib. Yaxud buna siyasi iradəsi çatmır.
Yeri gəlmişkən, artıq hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yaz-yay mövsümü başlayıb. Təbii ki, atəşkəs rejimi on illərlə böyük sülh sazişinə gətirmirsə, demək ki, müharibə variantı həmişə aktualdır və atəşkəs geniş miqyasda ilin istənilən fəslində pozula bilər. Bunu ilk növbədə konfliktin dinc həllinə məsul olan həmsədr ölkələr ciddiyə almalıdır. Tibdə belə bir deyim var: “Xəstəliyi önləmək onu müalicə eləməkdən asandır”. Bunu müharibə, konflikt anlayışına da aid eləmək mümkündür.
Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa eləmək kimi beynəlxalq hüquqdan, BMT-nin Qarabağ qətnamələrindən və nizamnaməsindən doğan haqqını heç kim onun əlindən almayıb. Ala bilməz də. Sözü ona gətiririk ki, Dağlıq Qarabağ üçün 2+3 formulu üzrə (2 münaqişə tərəfi və 3 vasitəçi dövlət) yekun və çevik “Yol xəritəsi” hazırlamağın zamanı çoxdan çatıb. Artıq hamı, ələlxüsus da işğalçı Ermənistanın rəhbərliyi və vasitəçilər danışıqların imitasiyası dövrünün bitdiyinin fərqində olmalıdır. Hər halda, müharibə başlayanda heç kimdən soruşmayacaq. Sülh anlaşmasına ümidlər bəsləndiyi 2019-cu il isə yavaş-yavaş gedir. İlin 1/3-i artıq arxada qalmaqdadır.
*****
Bir daha xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri və Rusiya XİN başçısı Sergey Lavrovun iştirakı ilə baş tutmuş 15 aprel Moskva görüşündə Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla həlli üçün səyləri davam etdirmək niyyəti bəyan edilib. Bu barədə XİN rəhbərləri və həmsədrlərin görüşün yekununa dair birgə bəyanatında deyilir. Nazirlər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı sərhəddə vəziyyətin gələcəkdə stabilləşməsində maraqlı olduqlarını ifadə ediblər. Tərəflər həmçinin hər iki ölkədə saxlanılan girovlarla yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəliblər. Nazirlər insanlar arasında əlaqələrin yaranması, o cümlədən media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər. Rusiya xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri regionda dayanıqlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasına sadiqliklərini bəyan ediblər. Görüş iştirakçıları əlaqələri yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.
Lakin əksər siyasi şərhçilər Moskva görüşünün sülh prosesinə əhəmiyyətli təkan vermədiyi qənaətindədirlər. O sırada politoloq Qabil Hüseynli hesab edir ki, Moskva görüşü zamanı ciddi irəliləyişlər əldə edilməyib.
“Monitorinq sistemi Ermənistanın yaralı yeridir və onlar çalışırlar ki, bu sistem vasitəsilə bütövlükdə cəbhədə tam sakitlik bərpa edilsin, Azərbaycan ordusunun əl-qolu bağlansın”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri o, XİN rəhbərlərinin sonuncu görüşünü Axar.az-a şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, görüş zamanı, sadəcə olaraq, təmas xəttində monitorinq sisteminin təkmilləşdirilməsi, əsir düşmüş, girov götürülmüş şəxslərlə onların yaxınları arasında danışıqlar sisteminin təşkili barədə fikir mübadiləsi aparılıb və razılığa gəlinib. “Ermənilər torpaq, sülh əvəzinə, onlara sərf edən məsələlər barədə danışıqlar aparmağa çalışırlar. Humanitar addımlar sisteminə daxil olan ən mühüm məsələlərdən biri kənd təsərrüfatı sistemində çalışan adamların iş prosesi zamanı təhlükəsizliyinin təmin edilməsidir. Bu mövzu müzakirə olunub. Dağlıq Qarabağ bölgəsində bu saat həlli ən vacib olan məsələ sudur. Ermənilər Sərsəng su anbarının ağzını kəsərək, bir neçə rayonun su təchizatını illərdir dayandırıblar. Bu səbəbdən kənd təsərrüfatına, orada yaşayan əhaliyə çox böyük ziyan vurulur. Hətta iki il bundan əvvəl Avropa Şurası bunu müzakirə edərək, ermənilərin azərbaycanlılara qarşı su soyqırımı apardığını bəyan etmişdi”, - deyə ekspert qeyd edib.
Qabil Hüseynliyə görə, Ermənistan, ümumiyyətlə, əsirlərin dəyişdirilməsi məsələsində də hiyləgərlik edir və Qazax rayonundan İcevana keçmiş ruhi xəstə əsirlə özlərinin kəşfiyyatçısını dəyişmək istəyir. Onun fikrincə, Rusiya Qarabağ probleminin həllində aktiv rol oynamır, əksinə, sülh prosesini ləngidir: “Rusiya, sadəcə, məsələni öz inhisarında saxlamaq, bu problemin həlli əvəzinə oradakı status-kvonu və regiondakı əhatə dairəsini qorumaq istəyir. Gözləyirdim ki, gündəmə torpaqların qaytarılması ilə bağlı məsələlər çıxacaq, prosesi sülhə doğru aparan kardinal addımlar atılacaq. Bunların heç biri baş vermədi. Lavrov uzun müddətdir özünün ”Lavrov planı" haqqında danışır. Heç olmasa, o planı gündəmə gətirsəydilər, yaxşı olardı. Moskva Ermənistanı qoruyur və bunu gizlətmir. Danışıqlar prosesindəki status-kvonu dəyişmək istəyi imitasiya xarakterli addımdır. Lazım olmayan və ya Azərbaycanı daha az maraqlandıran məsələləri ortaya atır, problemin həllinə lazım olan məsələləri isə gündəmə gətirmir. Moskvanın budəfəki addımı bundan əvvəlki addımlarından qat-qat zəif idi. Belə təəssürat yaranır ki, Moskva doğrudan da bölgədə sülhə doğru addımlar atılmasını istəmir, buna mane olur".
Demək, zaman müharibəyə işləyir... \\musavat.com\\