Azərbaycanda vəkillərin özlərinin müdafiə zərurəti yaranıb

5-05-2019, 18:23           
Azərbaycanda vəkillərin özlərinin müdafiə zərurəti yaranıb
“Yalçın İmanov tanıdığım ən yaxşı vəkillərdən biridir. Onun vəkillikdən kənarlaşdırılmasına səs verənlərin vəkil olmalarına şübhəm var!”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Adil İsmayılov sosial şəbəkədə yazıb. O, qeyd edib ki, bu fikirləri 2017-ci ildə paylaşıb və o vaxt Penitensiar xidmətin şikayəti əsasında Yalçın İmanov vəkillikdən uzaqlaşdırıldı: “De yure vəkil statusu saxlanılsa da, de fakto artıq iki ildir ki, vəkillik edə bilmir. Bəziləri deyir ki, VK vəkillikdən çıxartmır, sadəcə təklif verir, vəkillikdən məhkəmə çıxarır. İki ildir Yalçının işi məhkəmələrdədir, belə getsə bir iki il də məhkəmə bitməyəcək. Heç kim də narahat olmayacaq ki, bu illər adamın ömründən, kisəsindən gedir, özü də təkcə onun kisəsindən yox, bu illər ərzində adam neçə-neçə günahsız insana vəkillik edə, kömək göstərə bilərdi…”.

A. İsmayılov qeyd edib ki, indi VK və onun rəhbərliyi eyni situasiya ilə üz-üzədir. Bu dəfə Pentensiar Xidmətin hədəfində digər vəkil Fariz Namazlııdır: “Eşitdiyimə görə bir-iki ay olar ki, Fariz Namazlı PX-nın qara siyahısına salınıb. Vəkillik fəaliyyətinə qadağa qoyulmasa da, onun həbsxanalara girişinə qadağa qoyulub. Yəqin Yalçının işindən sonra PX əmindir ki, VK bu dəfə də onun sözünü yerə salmayacaq”.

A.İsmayılov qeyd edib ki, F.Namazlı barəsində intizam işi başlanılması barədə xəbər onu çox kədərləndirir çünki bu onun vəkillikdən uzaqlaşdırılması prosesinin başladığı deməkdir: “Dostlar, sonralar müdafiəsiz qalmaq istəmiriksə, gəlin nə qədər gec deyil Farizi müdafiə edək. Mənə münasibətdə göstərdiyiniz ilginin ikiqatını Farizə göstərin, ona mənə olduğunuzdan ikiqat artıq dayaq olun.

Hörmətli VK üzvləri, məni bəyənməsəniz də, hərəkətlərimdən xoşlanmasanız da, guya kölə, mağmın dediyimə görə məndən incisəniz də, üzümə deməyə cəsarət tapmayıb arxamca danışsanız da bunları unudun, özünüzü vahid vəkil ailəsi hesab edəirsinizsə, cəsarətinizi göstərin, ailə üzvünüzə qarşı yönələn haqsızlığa yox deyin. Həmkarınıza dayaq olun, inanın özü deməsə də buna ehtiyacı var. Haqqın yanında olun ki, haqq da sizin yanınızda olsun”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.