Sabiq nazir rəsmi Bakını Rusiya ilə açıq danışmağa çağırdı - GƏLİŞMƏ
8-05-2019, 09:42
Ötən ilin mayında N.Paşinyan hakimiyyətə gələndə bir çoxları onun müharibə partiyasının üzvü olmadığını əsas gətirərək Qarabağ danışıqlarından müsbət nəticə gözləyirdilər. Lakin çox keçmədi ki, Paşinyan hərbi xidmətdə olmasa belə, hərbi ritorikası ilə sələflərini geridə qoydu. Əgər Köçəryan və Sərkisyan Dağlıq Qarabağ ətrafındakı rayonların işğalını “təhlükəsizliyə qarantiya” məqsədilə işğalda saxladıqlarını iddia edirdilərsə, N.Paşinyan bu ərazilərin artıq Dağlıq Qarabağa “birləşdirildiyini” dedi. Onun bu bir ildə sərgilədiyi siyasət danışıqların perspektivinin olmadığına şübhə yeri qoymur.
Politoloq Məhəmməd Əsədullazadə də təsdiqləyir ki, Ermənistan rəhbərliyi ötən il Düşənbədə əldə olunmuş şifahi razılaşmaya əməl etmir, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutur: “Ona görə də rəsmi Bakı Düşənbədə əldə olunan şifahi razılaşmada maraqlı olmamalıdır. Düşənbə razılaşması, görünür, Paşinyana seçki ərəfəsində daxili siyasi stabilliyə nail olmaq üçün lazım imiş. Qeyd edim ki, erməni baş nazir Nikol Paşinyan Moskva ilə sövdələşərək əsasən Kremlin irəli sürdüyü həll formullarını dəstəkləyəcək. İlk əvvəldən Paşinyan Moskvanın münaqişənin həllində moderatorluğunu qəbul etmirdi, bunu özünə təsir kimi qiymətləndirirdi.
Sonradan Moskvanın təzyiqləri fonunda geri çəkildi”. Ekspert hesab edir ki, Vaşinqtonda keçiriləcək növbəti danışıqlar prosesi əsasən Azərbaycanın siyasi maraqlarına cavab verir: “Ermənistan rəhbərliyi Vaşinqton görüşünə Moskvanın təlimatı ilə qatılacaq və istənilən həll variantını qəbul etməyəcək. Absurd şəkildə qondarma separatçıların danışıqlarda tərəf kimi iştirakını irəli sürəcək. Təbii ki, bu təklif Vaşinqton görüşünün iflası ilə nəticələnəcək. Amma, ABŞ bir daha şahid olacaq ki, Ermənistanda inqilab olmasına baxmayaraq proseslərdə heç bir irəliləyiş yoxdur və Paşinyan Rusiyanın vassallığını qəbul edib. Rusiya hazırda Lavrov planını irəli sürməklə əsasən görüntü yaradır və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı deyil. Qeyd edim ki, Rusiyanın iştirakı olmadan Qarabağ danışıqlarının diplomatik həlli mümkündür. Prosesdə Rusiya olduğu üçün davam edən diplomatik danışıqlardan müsbət nəticə gözlənilmir. Bu proses regionda silahlanmaya və müharibə variantının gündəmdə qalmasına xidmət edir”. Politoloq hesab edir ki, Minsk Qrupu arasında həll variantları üzrə konsensus yoxdur: “Moskva və Vaşinqton ayrı-ayrı həll variantlarına malikdir. Ona görə də Minsk formatının Qarabağ konfliktinin həllində fəaliyyəti müsbət dinamika yaratmır.
Azərbaycan hazırkı şərtlər daxilində yalnız güc tətbiqinə üstünlük verməklə, cəbhə bölgəsində lokal şəkildə irəliləməlidir".
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, danışıqlar prosesi mövcud deyil: “Bilmirəm, Amerika mərhələsi gəlir, ya gəlmir, amma erməni tərəfin mövqeyi heç bir ümid yaratmır ki, danışıqlar yolu ilə torpaqlar azad olunsun”. Keçmiş nazir hesab edir ki, indiki durumda rəsmi Bakı Rusiya ilə danışmalıdır: “Danışıqlar olmayan yerdə təbii ki, güc yolu və müharibə məsələsi gündəmə gəlir. Bununla əlaqədar olaraq ilk növbədə Rusiya ilə ciddi danışıqlar olmalıdır, təxminən bu mövzuların ətrafında: siz bəyan etmisiniz və sənədlər var ki, Ermənistan sizin tərəfdaşdır və ona dəstək verəcəksiniz. Amma orada bəyan olunub ki, siz bu ölkəni xarici təhlükələrdən qoruyacaqsınız. Siz onu da bəyan etmisiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunsun və oradakı erməni əhalinin statusu bu və ya digər şəkildə müəyyənləşsin. Lakin Paşinyan hakimiyyətə gələndən sonra bəyan edib ki, Dağlıq Qarabağın ətrafındakı rayonlar və orada etnik təmizləməyə məruz qalan ərazilər indi birmənalı şəkildə ya Ermənistana, ya da qondarma quruma ”birləşdirilib", bu ərazilərin azad olunması mümkün deyil. Yəni biz bu istiqamətdə danışıqlar aparmayaq. İndi biz sizdən soruşmaq istəyirik, siz hərbi qüvvələrinizlə ermənilərin gün-gündən böyüyən və artan ambisiyasının arxasında dayanacaqsınız, ya yox? Bu suala Rusiyanın cavabından sonra bu və ya digər addımlar atılmalıdır".
T.Zülfüqarov bildirdi ki, Paşinyan, ya Sərkisyanın Şuşaya gəlib-gəlməməsindən daha ciddi məsələ var: “Orada Ermənistanın işğalçı ordusu var. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bundan artıq kobud şəkildə pozulması halı baş verə bilməz. Azərbaycan vətəndaşlarının etnik təmizlənməsi siyasəti həyata keçirilib. Ermənilərin heç vaxt yaşamadığı rayonlarda belə, total etnik təmizləmələr aparılıb. Digər məsələlər işğalçının anneksiya siyasətinin davamıdır. Amma mən yuxarıda dediyim məsələlərlə bağlı suallara ciddi şəkildə cavab verilməlidir. Rusiyadan soruşmalıyıq: əgər siz Ermənistanın anneksiya siyasətini dəstəkləyirsinizsə, onda vasitəçi ola bilməzsiniz. Siz onu dəstəkləyirsinizsə və onun hərbi qarantı olursunusa, onda biz öz işimizi bilək. Yəni kiminləsə dostluq edək, kiminləsə müttəfiq olaq. Bu, artıq bizim işimizdir. Biz artıq bilməliyik ki, bizim qarşımızda təkcə erməni əsgəri yox, həm də rus əsgəri dayanır. Əgər belədirsə, onda biz buna uyğun olaraq, Rusiyaya qarşı öz siyasətimizi aparmalıyıq. Hər halda, bu, məntiqi addımdır. Rusiya deyir torpaqlar azad olunmalıdır. Amma Ermənistan deyir azad etmirəm. Onda bu vəziyyətdə biz nə etməliyik? Rusiya özü Çeçenistanda güc tətbiq etdi. Yaxud Fransa öz qoşunlarını Malidə yerləşdirib. Əgər hər şey danışıqlarla həll olunasıydısa, onda siz niyə güc tətbiq edirdiniz? Siz də illərdir deyirsiniz gözləyin, ermənilər ağıla gələcək. Axı ağıla gəlmirlər, torpaqlarımızı azad etmirlər. Açıq şəkildə deyirlər ki, biz torpaqları azad edən deyilik. Azad etmirlərsə, onda danışıqlar nəyin ətrafında gedəcək?”
Paşinyanın Şuşa səfəri ərəfəsində Qarabağ Azadlıq Təşkilatı (QAT) “Danışıqlar dayandırılsın, müharibə başlasın!” adlı yeni kampaniyaya start verib.
Qeyd edək ki, bundan əvvəl deputat, BAXCP sədri Qüdrət Həsənquliyev də Azərbaycan hakimiyyətini Qarabağla bağlı Ermənistanla yox, birbaşa Rusiya ilə danışmağa çağırıb.
QAT-dan verilən məlumata görə, təşkilat bu deviz altında 40 min imza toplama kampaniyasının başladılması barədə qərar qəbul edib. Həmin qərarla Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevə yazılı müraciət ediləcək. “Ali Baş Komandan bilməlidir ki, Azərbaycan xalqı artıq gözləməkdən, nəticəsiz danışıqlardan və boş vədlərin verilməsindən yorulub. Qarabağ Azadlıq Təşkilatı yersiz və qərəzli müharibə çağırışına yox, əsaslı və torpaqlarımızın qaytarılması uğrunda Ali Baş Komandandan ədalətli müharibə əmrini verməsini tələb edir” - deyə, QAT bəyan edib.
“Yeni Müsavat”