Yaşıl soyqırım davam edir - İndidə Yeni Günəşlidə

23-04-2015, 17:10           
Yaşıl soyqırım davam edir - İndidə Yeni Günəşlidə
Prezident İlham Əliyev ağac kəsməyi vicdansızlıq sayır. Ölkə başçısı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərdə dəfələrlə bu məsələyə toxunub və yaşıllıqları məhv edənlərə xəbərdarlıq edib. Xatırlayırsınızsa, ötən il Nazirlər Kabinetinin iclası zamanı ölkə rəhbəri ağac kəsənlərə sərt etirazını bildirmişdi:

"Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. "Ekologiya ili" hər il olmalıdır. Çünki ekoloji mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir. Azərbaycanda artıq 200 ilə yaxındır ki, neft hasilatı aparılır ki, bu neftlə çirklənmiş gölməçələrin əmələ gəlməsinə səbəb olub. Ağac kəsənlər məsuliyyətə cəlb edilməlidir. Bu, mənim son xəbərdarlığımdır". Prezidentin məlum xəbərdarlığından sonra paytaxtda, eləcə də bölgələrdə "yaşıl soyqırımı" prosesi bir qədər səngiyib. Lakin buna baxmayaraq, bəzi rayon və qəsəbələrdə ağaclara qarşı biganə münasibət hələ də davam edir. Dünən redaksiyamızla əlaqə saxlayan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "AB" yaşayış sahəsi 157 nömrəli binanın sakinləri bəzi şəxslərin "ağac qətliamı"na hazırlıq gördüyünü bildirdilər: "Son bir neçə gündür ki, yaşadığımız binanın qarşısındakı əraziyə qalstuklu şəxslər gəlib-gedir. Deyilənə görə, ağaclarla əhatə olunan ərazi hansısa iş adamına satılıb. Artıq sahənin hasara alınması və tikintiyə hazırlanması üçün bir sıra işlər görülüb. Bu isə bizi narahat edir. Çünki sizə göndərdiyimiz şəkillərdəki ağaclara biz qulluq etmişik. Həmin ağacların kəsilməsinə ölsək də, icazə verən deyilik. Bizə deyirlər ki, ərazidə tikinti işlərinin aparılmasına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sərəncam verib. Hacıbala müəllimi bura dəvət edirik. Gəlsin, görək o həqiqətən də tikintiyə icazə verib, yoxsa onun adından istifadə edirlər. Eşitdiyimizə görə, bu ərazidə hündürmərtəbəli yaşayış binası tikmək istəyirlər. Belə olan halda bütün rahatlığımız əldən çıxacaq. Uşaqlarımızın oynaması, yaşlı insanların istirahəti üçün park yoxdur. Ağacları kəsməkdənsə, yerli icra orqanının nümayəndələri burda istirahət parkı salsın. Sizin vasitənizlə Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edib, onların məsələyə münasibət bildirməsini istəyirik. 157 nömrəli binada yaşayan bütün sakinlər ərazidə hansısa tikinti işlərinin həyata keçirilməsinin əleyhinədir. İndidən xəbərdarlıq edirik, sonra hansısa xoşagəlməz hadisə qeydə alınsa, bizi qınamasınlar. Ərazini alan şəxslərə də sözümüzü demişik. Xeyir ola, kimsə gəlib binamızın həyətindəki ağacları kəsməlidir? Yeni Günəşlidə bir qarış boş torpaq qalmayıb. Halbuki, prezident İlham Əliyev şəxsən özü də bu cür halları kəskin tənqid edib, ağacları kəsərək yerində ticarət obyekti tikməyi vəhşilik, vicdansızlıq adlandırıb. Prezidentin bu çıxışının bəzi şəxslərə sanki heç bir təsiri yoxdur. Xahiş edirik səsimizi yuxarılara çatdırın". Sakinlər "Gündəlik Bakı"nın çəkiliş qrupunu qəsəbəyə dəvət etdi. Vətəndaşların xahişini nəzərə alıb, yaxın günlərdə qeyd olunan ərazidən reportaj hazırlayacağıq. Suraxanı Rayon İcra Hakimiyyətindən isə məsələdən xəbərsiz olduqlarını bildirdilər. Ümid edirik ki, rayon rəhbərliyi tezliklə məsələyə müdaxilə edəcək və "yaşıl soyqırım"ının qarşısı alınacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.