Hökumətin yeni qərarı: Ucuzlaşma yaradacaq? - TƏHLİL

19-12-2019, 16:47           
Hökumətin yeni qərarı: Ucuzlaşma yaradacaq? - TƏHLİL
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib.

İki hissədən ibarət qərarın birinci hissəsi əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15 faizdən 0 faizə endirilib.

Ölkədə fəaliyyət göstərən 500 müəssisənin istifadə etdiyi xammalın siyahısı müəyyənləşdirilib. Müəyyən edilib ki, ölkəyə xammal olaraq əsasən metallurgiya, kimya, rezin plastmas və qida sənayesinə aid olan məhsullar idxal edilir. İdxalın əvəzlənməsi, daxildə istehsalı dəstəkləmək, ixracı stimullaşdırmaq, istehsalı genişləndirmək, nəhayət, yeni iş yerləri açılmasına şərait yaratmaq məqsədilə bu xammalların idxal rüsumu 0 faizə endirilib. Qərarın 2-ci hissəsi isə ölkədən ferroərintilərin ixracını stimullaşdıracaq. Qərara əsasən ölkədə istehsalına başlanılmış ferroərintilərin ixrac rüsumu 5 faizdən 0 faizə endirilib.

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya sözügedən qərarın bazara təsirlərini şərh edib. O bildirib ki, Azərbaycanda istehsal olunmayan xammalların gömrük rüsumunun azaldılması və ya 0-a endirilməsi daxili bazara müsbət təsir edə bilər:

“Qərar ölkədə istehsal olunmayan xammalların daxili bazarda qiymətinin sabitləşməsinə səbəb ola bilər. İxrac mallarının gömrük rüsumundan azad olunması ölkənin ixrac potensialının stimullaşdırılmasının bir üsuludur. Bunu dəstəkləyirəm. Amma ölkə daxilində istehsal edilən məhsulların idxal rüsumlarını sıfırlanması idxalı stimullaşdırır. Bu isə daxili istehsalı tənbəlləşdirir. Həmin məhsulun analoqunu istehsal etməkdənsə, onu idxal etməyə üstünlük verirlər. Bu tendensiyanı bir qədər gücləndirən məsələ Azərbaycanın daxilində sahibkarlıq fəaliyyətinə olan əngəllərdir. Azad sahibkar başını bəlaya salmamaq üçün istehsalla məşğul olmur, o xammalın xaricdən idxalına üstünlük verir. Onsuz da monopoliya səbəbindən daxili istehsal zəif, daxili məhsullar isə keyfiyyətsizdir. Xaricdən gələn məhsul daha keyfiyyətli olduğu üçün sahibkar həmin məhsulu idxal edir və daxili tələbatı ödəyir. Bizim stimullaşdırıcı saydığımız qərarlar əks təsir göstərir”.

Akif Nəsirli hesab edir ki, ölkənin daxilində istehsal edilən məhsulların gömrük rüsumu heç vaxt azaldılmamlıdır:

“Ölkədə qıtlıq və gərginliyin yaranmaması üçün müxtəlif vasitələrlə daxili istehsalı stimullaşdırmaq lazımdır. Nazirlər Kabinetin gömrük rüsumları ilə bağlı qəbul etdiyi qərarda incə məqamlar var. Hansı ki o məqamların bir hissəsi daxili istehsala müsbət, bir hissəsi isə mənfi təsir edəcək. Ona görə də bu məsələlərin müzakirəsində vətəndaş cəmiyyətinin xidmətlərindən faydalanmaq lazımdır. Bu həm də gələcəkdə məsuliyyətin bölünməsi üçün bir səbəbdir. Vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınsa, problem olacağı təqdirdə hər şeyi hökumətin üzərinə atmayacağıq. Bu zaman tək hakimiyyət deyil, həm də vətəndaş günahkar olur. Bu baxımdan sözügedən məsələ dəqiqləşdirilməli, qərar da necə gəldi verilməməlidir. Çünki bu, taleyüklü məsələdir. Əvvəllər də idxal rüsumunun azaldılması istiqamətində qərarlar qəbul olunub. Bu qərarlar verilərkən hərtərəfli təhlil etmək lazımdır. Daxili istehsala mənfi təsir edən məqamlar mütləq aradan qaldırılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.