Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
24-12-2019, 03:23

- Cənab Prezident, istərdik bir məqama da toxunaq. Ümumiyyətlə, düşünürük ki, ilin ən yaddaqalan hadisələrindən biri Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən mərasimdə Sizin çıxışınız idi. Həmin çıxış ölkə ictimaiyyəti tərəfindən çox böyük rəğbətlə qarşılandı. Siz faktiki olaraq, professor, müəllim və tələbə heyəti qarşısında Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərə, strateji vəzifələrə toxundunuz və bir fikriniz xüsusilə ictimaiyyət tərəfindən geniş müzakirə olundu. Bu, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələ idi. Siz birmənalı şəkildə bildirdiniz ki, Azərbaycan heç yerə inteqrasiya etmək fikrində deyil, bizim öz milli-mənəvi dəyərlərimiz, milli prinsiplərimiz var. Ümumiyyətlə, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı ortaya qoyduğunuz bu konkret mövqeni şərtləndirən əsas səbəblər, əsas qaynaqlar nədən ibarətdir?
-Bilirsiniz, Avrointeqrasiya haqqında artıq bəzi dairələrdə çox danışılır. Ancaq əsas məsələ ondadır ki, Avrointeqrasiya deyəndə nəyi nəzərdə tuturlar. Mən hesab edirəm ki, biz artıq Avrointeqrasiya istiqamətində öz addımlarımızı atmışıq və gələcək addımlara həm ehtiyac yoxdur, həm də o addımlar nəticəsiz olacaq. Misal üçün biz ATƏT-in üzvüyük. ATƏT Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Biz 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq və artıq 20 ilə yaxındır ki, bu təşkilatda fəaliyyət göstəririk. Bu, Avrointeqrasiyanın bir növüdür. Eyni zamanda, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsil olunur. Belə olan halda, hesab edirəm ki, bu istiqamətdə mümkün olan addımlar atılıbdır və həm gələcək addımların atılmasına ehtiyac yoxdur, həm də bunun nəticəsi olmayacaq. Çünki əgər biz Avrointeqrasiya deyəndə Avropa İttifaqına üzvlük haqqında danışırıqsa, bu, tamamilə qeyri-mümkündür. Bunu həm tarix göstərir, həm Avropa məkanında gedən proseslər göstərir, həm də onu Brexit göstərir. İndi əksinə, necə deyərlər, Avropada mərkəzdənqaçma tendensiyaları göz önündədir. Eyni zamanda, Avropa İttifaqının genişləndirilməsi ilə bağlı Avropanın aparıcı ölkələrinin rəhbərlərinin çıxışlarına fikir vermək kifayətdir görək ki, artıq genişlənmə ilə bağlı heç bir perspektiv yoxdur. Hətta namizəd olan ölkələr - Balkan ölkələri, hesab edirəm ki, onlar da indi bir qədər çətin vəziyyətdədir. Çünki vaxtilə onlara vəd verilmişdi ki, siz bu məsələləri həll etməklə Avropa İttifaqına üzv ola bilərsiniz və onlar da bu addımları atıblar. Bəziləri çox ağrılı addımlar atmalı oldular. Mən indi o ölkələrin adlarını çəkmək istəmirəm, amma biz hamımız bilirik söhbət nədən gedir. Bəziləri üçün bu addımlar çox baha başa gəldi, bu, ölkələrdə daxili qarşıdurmaya, böyük etirazlara gətirib çıxardı. O ölkələrin cəmiyyətləri parçalandı. Nəyə görə onlar bu addımı atdılar? Onlara söz verildi ki, sizin gələcəyiniz var, siz bunu, bunu, bunu etsəniz biz sizi qəbul edəcəyik. Amma indi Avropanın aparıcı ölkələrinin liderləri deyirlər ki, artıq heç kimi qəbul etməyəcəyik. Hesab edirəm ki, hətta uzunmüddətli perspektivdə Avropa ölkələri üçün belə imkan yoxdur.
Digər misal bizim qardaş Türkiyə ilə bağlıdır. Görün nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox və bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox. Əgər belədirsə, onda biz öz işimizi bəri başdan elə tutmalıyıq ki, reallaşdırıla bilməyən vədləri verməyək və lazım olmayan addımları da atmayaq. Bu, birincisi.
İkincisi, lap tutaq ki, sabah bizə dedilər, bax, Azərbaycan belə ölkədir ki, biz Azərbaycanı filan tarixdə qəbul edəcəyik. Bu, bizə lazımdırmı? Avropada gedən proseslərə hər bir vətəndaş nəzər yetirəndə görür ki, hansı hadisələr baş verir, o cümlədən dini zəmində, milli-mənəvi dəyərlər zəminində. Bu proseslər bizə uyğundurmu? Əlbəttə ki, yox və bunu açıq deməliyik. Ona görə bəzi hallarda Avropa İttifaqının bayraqları ilə küçələrə çıxmaq istəyən dırnaqarası müxalifət nümayəndələri bilməlidirlər ki, onlar nə istəyirlər? İstəyirlər ki, Azərbaycanın taleyi Brüsseldəmi həll olunsun? İstəyirlər ki, bizim əsrlərboyu qoruduğumuz dəyərlər məhv olsun? Biz bu dəyərləri əsrlərboyu qorumuşuq, hətta müstəqil olmayan dövrdə. Başqa ölkələrin, imperiyaların tərkib hissəsi olan dövrdə dilimizi də, dinimizi də, dəyərlərimizi də, ənənələrimizi də, həyat tərzimizi də qorumuşuq. İndi belə olan halda müstəqillik dövründə biz özümüz öz taleyimizi kiməsə əmanət edə bilərik? Qətiyyən yox və qətiyyən biz buna gedə bilmərik. Bizim öz tariximiz, öz mədəniyyətimiz, öz dəyərlərimiz var. Ona görə onlar bizə təklif versə belə, buna qətiyyən getmək olmaz.
İndi Avropada miqrantlarla bağlı vəziyyət göz önündədir. Bunu bəziləri demək istəmir, amma mən hesab edirəm ki, biz deməliyik. Niyə biz bu həqiqəti deməməliyik, niyə bunun üstündən keçməliyik? “Stop İslam”, “İslam miqrantlara yox” şüarları ilə artıq siyasi qüvvələr hakimiyyətə gəlir. Populist vədlər indi islamofob prinsiplər əsasında qurulur. Ona görə daha çox səs toplamaq istəyən siyasi qüvvə mütləq bu mövzunu istismar edir. Belə olan halda, müsəlman ölkəsi Azərbaycan hansı formada orada təmsil oluna bilər? İkinci dərəcəli ölkə kimi? Yaxud da ki, hansısa bir imtiyaz diləyən ölkə kimi? Qətiyyən yox! Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik, heç kimə də bizim ehtiyacımız yoxdur, heç kimdən də asılı deyilik!
Ona görə Bakı Dövlət Universitetində Avropa inteqrasiyası ilə bağlı dediyim fikirləri bu gün mən daha geniş formada ictimaiyyətə çatdırıram, hesab edirəm ki, yeganə düzgün yoldur. Biz indi Avropa qurumlarının bəzilərinin üzvüyük, mən bunu qeyd etdim. Avropa İttifaqı ilə əməkdaşlıq zəminində əlaqələr qururuq və gələcəkdə də həm ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bu əsaslar üzərində öz işimizi qurmalıyıq.
-Cənab Prezident, mənim növbəti sualım xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Münaqişənin həlli ilə bağlı danışıqlar prosesi nə yerdədir?
-Bilirsiniz, deyə bilərəm ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olubdur. Bunun da yeganə səbəbi odur ki, Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər. Məhz buna görə 2019-cu ildə, deyə bilərəm ki, danışıqlar trekində hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb.
Eyni zamanda, Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini təkzib edən bəyanatları da əlbəttə ki, həm təəccüb, həm də təəssüf doğurur. Biz hamımız yaxşı xatırlayırıq ki, Ermənistanın yeni rəhbərliyi ilkin mərhələdə ortalığa belə bir məsələ atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır, Dağlıq Qarabağ “müstəqil dövlətdir” və Ermənistan bu dırnaqarası müstəqil dövlətin işlərinə qarışa bilmir. Bunların hamısı cəfəng fikirlərdir. Çünki bu gün Dağlıq Qarabağda yerləşən hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından təşkil edilir. Hər il Ermənistan büdcəsindən Dağlıq Qarabağ büdcəsinə böyük vəsait transfert edilir. Ona görə buna müstəqil dövlət demək tam yalandır. Sadəcə olaraq, danışıqları uzatmaq, yaxud da ki, öz məsuliyyətini boynundan atmaq üçün belə ifadələr işlədilir.
Biz qətiyyən bu ifadələrlə razı ola bilmərik. Öz fikirlərimizi bildirmişik və eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri də oxşar bəyanatlar vermişlər. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Hesab edirəm ki, bu, bizim diplomatik nailiyyətimizdir. Yəni, Ermənistan rəhbərliyinin cəhdləri və təklifləri qəbul edilmədi. Bunu təsdiqləyən həm də o amildir ki, mənim Ermənistanın baş naziri ilə görüşlərim olubdur. Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri görüşürlər, danışıqlar aparırlar. Sonuncu görüş bu ayın əvvəlində olmuşdur.
Digər tərəfdən, Azərbaycan dırnaqarası Dağlıq Qarabağ respublikası ilə danışıqlar aparmalıdır fikri baş tutmayandan sonra növbəti bir cəfəng tezis ortalığa atıldı, bunu indi hər kəs eşidib, - Ermənistanın baş naziri dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni, bu, əvvəlki tezisi tam təkzib edir və bu, növbəti yalandır. Çünki Qarabağ nə müstəqil ölkədir, - bunu heç kim tanımır, heç bir ölkə tanımır, - və bayaq qeyd etdiyim məsələlər - böyük beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar və yekun bəyannamələr onu göstərir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Qarabağ Ermənistan deyil və bunu sübut etmək üçün heç səy göstərmək də lazım deyil.
Ona görə birinci dəfə də, ikinci dəfə də yalan söylənildi. Amma həqiqət ondan ibarətdir ki, - mən bunu canlı efirdə demişəm, - Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim danışıqlar prosesində mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Tarixi həqiqət bizim tərəfimizdədir. Biz bunu dünyaya sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb. Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya-İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər də uzaq tarix deyil. Yəni, ermənilər bizim tarixi torpaqlarımıza köçürülmüşlər, ona görə ki, burada xristian əhali çoxalmalı idi. Ona görə bu, bizim tarixi torpağımızdır və bunu indi bütün dünya bilir. Bu, birincisi.
İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan həmişə buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik.
Ona görə bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bundan əlavə, beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələri var. Qeyd etdiyim kimi, keçən il Avropa İttifaqı bizimlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən sənəd imzalayıbdır.