QMİ sədri açıqladı- Allahşükür Paşazadə: “İman gözəldir, amma mikrob öldürmür”
6-03-2020, 10:32
Bu gün cümə günü olsa da, bir çox ölkələrdə məscidlərdə cümə namazları qılınmayacaq. Koronavirusun tüğyan etdiyi dövrdə bir çox müsəlman ölkələrində cümə namazları və kütləvi dini ziyarətlər təxirə salınır. İranda artıq belə bir qərar verilib. Ölkənin bütün əyalətlərində koronavirusa görə qılınması planlaşdırılan cümə namazları ləğv edilib. Bununla bağlı aidiyyəti qurum tərəfindən qərar qəbul olunub. Ötən həftə də paytaxt Tehran daxil olmaqla, 23 əyalətdə cümə namazı təxirə salınıb.
Koronavirusa görə Tacikistanda da məscidlər bağlanıb. Tacikistanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə məscidlər müvəqqəti bağlanıb. Bu barədə ölkənin Dini İşlər üzrə Komitəsi qərar verib. Qeyd olunur ki, bu qərar preventiv xarakter daşıyır.
Azərbaycanda isə COVID-19 virusuna yoluxanların sayı 6-ya çatıb. Belə ki, İran İslam Respublikasından Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bütün bunları nəzərə alaraq, Azərbaycanda da Qafqaz Müsəlmanlar İdarəsi ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ölkə ərazisində yerləşən bütün məscid və ziyarətgahlara tapşırıq verib. QMİ sədri bu məqsədlə keçirilən toplantıda cümə namazlarını müəyyən müddətdə təxirə salmağı, yas mərasimlərini məhdud şəkildə keçirməyi tövsiyə edib: “Bu virusun yayılması bizim üçün bir imtahandır. Koronavirus deyilən bu virus bir çox ölkələrdə yayılıb və bizim ölkəmizdə də var. Bir neçə nəfərin yoluxduğu deyilir. Bu virusun yayılmaması, bütün Azərbaycanı bürüməməsi üçün hökumət tərəfindən bütün tədbirlər görülür. Xüsusi komissiya yaradılıb və yüksək səviyyəli şəxslər ora rəhbərlik edir. Dövlət başçısı hər bir məsələni diqqətdə saxlayır, hətta maska çatışmazlığı ilə bağlı məsələyə də toxundu. Mənə ötən gün baş nazir Əli Əsədov və baş nazirin müavini Şahin Mustafayev zəng edib, danışmışıq. Onlar bizim işimizə müdaxilə etmirlər. Bildirdilər ki, məktəblər, ali təhsil ocaqları, bağçalara özləri nəzarət edirlər, onlarla bağlı işlər görülür, qərarlar qəbul edilir. Mənə dedilər ki, Şeyx, sən özün qərar verməlisən və sənin adamların da özləri qərar verməlidirlər, bu işdə xalqa, cəmiyyətə, dövlətə köməklik göstərməlidirlər. Mən buraya sizi özüm topladım ki, biz məsləhətləşək. Bunu mənə dövlət tapşırmayıb. Mənə dedilər ki, siz özünüz camaata ağsaqqallıq edirsiniz, dövlət bu məsələlərdə dinin işinə qarışmır. Biz hamımız bir gəminin sərnişinləriyik, məscidlərdə olduğu kimi kilsələrdə də insanlar toplanır və təhlükə hər yerdə ola bilər. Bizim borcumuz insanların səhhətini qorumaqdır. Mən ”məscidlər bağlansın" demirəm, sadəcə, tədbir almaq lazımdır. Elə eləməliyik ki, İranda baş verənlər bizim ölkəmizdə olmasın. Bəzi dindarlar deyir “mən gedib İmam Rza əleyhissalamın məzarı başında dua edərəm, məzarın məhəccərlərini yalayaram, bir şey olmaz”. Biz Allaha, peyğəmbərə, imamlara inanırıq. Bunlar ruhun təmizliyi üçündür. İman gözəldir, amma iman mikrob öldürmür. “Duanı oxudum, mənə heç nə olmaz” demək olmaz. Həkimdən yardım almaq lazımdır. Dualar ruhumuzu təmizləyir, bədənimizi həkim sağaldır. Biz müəyyən dövr ərzində məscidlərdə insanların toplanmasını bir qədər məhdudlaşdırmalıyıq".
Şeyxülislam onu da bildirib ki, ehsanların verilməsi tövsiyə edilmir: 30-dan çox insanın bir yerə toplanması virusun yayılması üçün şərait yaradar. Bəziləri bizi başa düşmürlər, bizi hədələyirlər ki, bizi ehsan verməyə niyə qoymursunuz. Ancaq çalışmaq lazımdır ki, çoxlu insanların yığışdığı belə tədbirlər az olsun. Şəxsi möhür və təsbehlərdən istifadə edin, dəstəmazı evinizdə alın. Heç məscidə gəlməyin demirəm, amma imkan varsa, namazı evdə qılın. Ancaq məscidlər bağlanmır, axundlar gedib evdə oturmayacaqlar. Əksinə, onlar məsciddə olmalıdırlar ki, insanlara kömək etsinlər. Məscidlərə Epidemiologiya İdarəsi çağırılmalıdır, hər yer dezinfeksiya olunmalıdır. Məsələn, baş nazirimiz də tədbir olaraq ailəsindəki toy şənliyini təxirə saldı, amma yası təxirə salmaq olmur. Yas tədbirlərini elə qurmaq lazımdır ki, hər şey normal olsun. Rayonlarda dezinfeksiya idarələrinə zəng etmək , məscidləri, yuyat yerlərini dezinfeksiya etdirmək lazımdır".
QMİ yazılı tövsiyə də yayaraq, bildirib ki, bu müvəqqəti çətinlik dönəmində dindarlarımız həkimlərin məsləhətlərinə ciddi şəkildə riayət etsinlər, məscidlər, ziyarətgahlar, dini tədris müəssisələri və Quran kurslarında dezinfeksiya işlərinin aparılması üçün müvafiq dövlət tibbi-sanitariya müəssisələrinə müraciət edilsin, ələlxüsus namaz zalları, dəstəmazxana, meyitxana və sanitar qovşaqlarının təmizlənməsinə xüsusi diqqət yetirilsin: Rica edirik ki, uzaq yoldan gələnlər, yaşlı insanlar, eləcə də özündə soyuqdəymə əlamətləri hiss edən xəstə şəxslər namazlarını evlərində qılsınlar, məscidə gələn dindarlar şəxsi təsbehlərindən, canamazlarından, möhürlərindən istifadə etsinlər, mümkün qədər dəstəmazlarını evdə alsınlar. Eyni zamanda məscidə gələn şəxslər bir-biri ilə yaxın təmasdan, əl görüşmələrindən çəkinsinlər.
QMİ kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərimizdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlarımıza tövsiyə edir. İmkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmasını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görürük. Həqiqətən də, başqalarını yoluxucu xəstəliklərə düçar etməmək üçün Cümə namazı və digər mərasimləri müəyyən bir müddətə təxirə salmaq şəriətimizə uyğundur, lakin bu heç bir şəkildə məscid və ziyarətgahların bağlanması anlamına gəlmir. Qazilərimiz və din xadimlərimiz öz yerlərində dindarlara və icma üzvlərinə mövcud vəziyyətlə əlaqədar mövqeyimizi və tövsiyələrimizi çatdırmağa məsuldurlar".
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat