Natiq Cəfərlidən qiymət artımı ilə bağlı maraqlı şərh: “Heç olmasa, buna görə ayağa qalxın”

22-12-2015, 15:21           
Natiq Cəfərlidən qiymət artımı ilə bağlı maraqlı şərh: “Heç olmasa, buna görə ayağa qalxın”
İqtisadçı ekspert Natiq Cəfərli sonuncu devalivasiya ilə bağlı özünün facebook hesabında maraqlı status paylaşıb.
Ekspert qiymətlərin bahalaşma səbəbini fərqli formada izah edib. Həmin statusu olduğu kimi sizlərə təqdim edirik:
“Deyirəm, bəzi mifləri dağıtmağa davam edək:
1) Birinci mif: “Ölkə özünü ərzaq məhsulları ilə 60-70% təmin edir, ona görə də ərzaq məhsullarının qiyməti dollar qalxdı deyə, qalxmayacaq” – Ölkədə yerli istehsal adı altında mağazalarda satılan məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Marketlərdə ən çox yerli mal kimi satılan məhsullardan biri çaydır, ölkədə o qədər çay bitmir, bu məhsul xaricdən alınır, 4-cü növ ucuz və az keyfiyyətli çay xaricdən ölkəyə gətirilir, burada qablaşdırılır. Hətta o qablaşdırma zamanı istifadə edilən yapışqan belə xaricdən gətirilir. Çay dollarla alınır, indi dollar qalxdı, çay niyə qalxmamalıdır, sırf burada qablaşdırıldığı üçün?!
Marketlərdə yerli mal kimi çox satılan digər ərzaq süd məhsullarıdır. Siz elə bilirsiniz ki, o südü inəkdən sağırlar? Ölkədə o qədər inək yoxdur axı, o məhsullar süd tozundan hazırlanır, həmin toz da Ukraynadan, İrandan, Türkiyədən gətirilir, burada istehsalda istifadə edilir, dollarla alınırsa, süd məhsullarının qiyməti necə qalxmaya bilər ki?!
2) İkinci mif: “Həsən dayı Tovuzda kartof əkir, Məsmə xala Lənkəranda kələm becərir, Dadaş kişi Bərdədə mal saxlayır, onlar qiyməti qaldırmayacaqlar” – Həsən dayının nəvəsi pampers taxır, evdə yuyucu tozdan, diş məcunundan, istifadə edirlər, LG tv-ni kreditə götürüb, yoldaşı paltar istəyir, oğlu şalvar, qızı ayaqqabı – bütün bunlar da xaricdən gəlir, qiyməti qalxır, dayının xərcləri artır, o niyə kartofunu ucuz satmalıdır ki?!
Məsmə xalanın dollarla krediti var, yazıq arvad təzəcə azaltmışdı krediti ki, hökumət onu yenə aldatdı, krediti manatla 1 ildi ödədiyindən də artdı, Məsmə xala niyə kələmini ucuz satmalıdır ki?!
Dadaş kişinin oğlu pullu təhsil alır, özünə təsərrüfatda işlətmək üçün kreditə maşın götürmüşdü, kredit də dollarla idi, qız köçürməlidir, soyuducu, TV, paltaryuyan maşın almalıdır, onlar da xaricdən dollarla alınır, qiymətləri 35-40% qalxdı, Dadaş kişi niyə mal ətini ucuz satmalıdır ki? İnəyi vətən otu yeyib deyəmi?! Bəs malına iynə-dərman xaricdən gəlir, onu neynəsin?!
Bir sözlə, bizdə yerli istehsal azdı, istehsal edənlərin də dərdi çoxdu, ona görə də bu günlərdə sizə TV ekranlarından hansı məmur desə ki, yerli məhsulların qiyməti qalxmayacaq, qalxmamalıdır, utanmayın, yerinizdən, heç olmasa, buna görə ayağa qalxın, ekrana yaxınlaşın və ürək sözlərinizi, heç olmasa, ekrana deyin…”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.