ABŞ Azərbaycana sanskiya tətbiq edə bilər – Rəsmi Bakı iki od arasında

11-04-2020, 21:10           
ABŞ Azərbaycana sanskiya tətbiq edə bilər –
Bir həftə vaxtımız var

ABŞ Prezidenti Donald Tramp, vətəndaşlarını bu ölkədən geri qaytarmayan və ya bu prosesi pandemiyada səbəbindən gecikdirən ölkələrə qarşı viza sanksiyası tətbiq edəcək.
Ovqat.com verir ki, president artıq bu sanksiyaların tətbiqinə dair memorandum imzalayıb.
Dünən Ağ Evin mətbuat xidməti tərəfindən yayılan sənəddə göstərilir ki, "Koronavirus "SARS-CoV-2"un səbəb olduğu pandemiya dövründə vətəndaşlarını qəbul etməyən və ya əsassız şəkildə bunu təxirə salan ölkələr amerikalıların ictimai sağlamlıq sahəsi üçün təhlükə yaradır və ABŞ qanunlarını pozan xarici vətəndaşlar ölkələrinə qayıtmalıdırlar.
Trampın təlimatına görə, ABŞ Daxili Təhlükəsizlik Departamenti bu ölkələrin siyahısını dövlət katibinə təqdim etməli, dövlət katibi isə siyahını aldıqdan sonra 7 gündən gec olmayaraq viza sanksiyaları planını qəbul edib həyata keçirməlidir.
Qeyd edək ki, Trampın bu qərarı rəsmi Bakını da ciddi şəkildə düşündürməlidir. Çünki ABŞ-da azımsanmayacaq sayda Azərbaycan vətəndaşları yaşayır. Qeyri-rəsmi məlumatlara görə, sayı 1 milyondan çox olan azərbaycanlıların ən az 200 mini bizim ölkədə doğulub. Digər böyük qismini isə Cənubi Azərbaycanlılar təşkil edir. Şimali Azərbaycanda doğulan soydaşlarımızın da az qismi ABŞ vətəndaşlığını qəbul edib. Böyük əksəriyyəti hələ də Azərbaycan vətəndaşlığını qoruyur.
Sirr deyil ki, Azərbaycan da Trampın dediyi kimi, xaricdə yaşayan vətəndaşlarının geri qayıtmasına xoş baxmır, hətta XİN səviyyəsində bəyanat yayaraq, açıq-aşkar “orda qalın” mesajı vermişdi.
Belə görünür ki, rəsmi Bakı ya onminlərlə soydaşımızın geri qayıtmasına razılıq verəcək, ya da bir həftədən sonra ABŞ-ın sanksiyaları ilə üzləşməyi gözə alacaq.
Məsələni tündləşdirən bir başqa məqam da var. ABŞ-da yaşayan azərbaycanlıların böyük əksəriyyəti koronavirusun episentri sayılan Nyu-yorkda məskunlaşıb və aralarında bu xəstəliyə yoluxanlar da az deyil. Bu isə onların qayıtması halında koronavirusun da ölkəmizə daşınması anlamına gəlir. Hər halda bu ehtimalı müddət əvvəl Türk Amerikan Dərnəkləri Federasiyasının (TADF) rəhbəri Tulga Tekmanın mediaya verdiyi açıqlamalar da təsdiqləyir.
Tulga Tekmanın sözlərinə görə, ABŞ-da pandemiya qurbanlarının yarıdan çoxu Nyu-Yorkda Türkiyə əsillilərin sıx yaşadığı dörd əyalətdədir: "Amerikada yaşayan azərbaycanlıların əksəriyyəti də türklərlə işləyir, bu səbəbdən onların yaşadığı ərazilərdə məskunlaşıblar".
Hazırda ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Azərbaycan vətəndaşı Elvin Qoca da mətbuat açıqlamasında vəziyyətin gündən-günə çətinləşdiyini demişdi: "Biz telefon və sosial media üzərindən yaratdığımız qruplar vasitəsilə bir-birimizlə əlaqə saxlayırıq. Hər kəs qorxu içərisindədir və koronavirusa yoluxan bir neçə həmvətənimiz var".
Amerikada ölənlərin sayının hər gün artdığını da söyləyən E.Qoca özlərinin də eyni təhlükə ilə üz-üzə qaldıqları barədə narahatlığını açıq şəkildə dilə gətirərək demişdi: "Açığı, ilk günlər mən də bu ölkədə yaşayan digər azərbaycanlılar kimi məsələnin ciddiliyinə inanmırdım. Ancaq gün keçdikcə vəziyyətin nə qədər təhlükəli olduğunun fərqinə vardıq. Bir neçə azərbaycanlının yoluxduğundan məlumatımız var”.
Vəziyyətin getdikcə tündləşdiyi bu şəraitdə Azərbaycan hakimiyyətinin qarşısındakı iki çətin variant qalır – ya vətəndaşlar, ya da sanksiya. Rəsmi Bakının bu iki variantdan hansına üstünlük verərəcəyi maraq doğurur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.