Vilayət Quliyev Dilarə Əliyeva və Aydın Məmmədovdan yazdı

20-04-2020, 10:07           
Vilayət Quliyev Dilarə Əliyeva və Aydın Məmmədovdan yazdı
1991-ci il 19 aprel.İki tanınmış alim, iki millət vəkili - Aydın Məmmədov və Dilarə Əliyevanın həlak olduqları gün. 29 il keçdi. Hər ikisini yaxşı tanıyırdım. Dilarə xanımla Ədəbiyyat İnstitutunda eyni şöbədə işləyirdik. Aydınla yaxınlığımız o, "Sovetskaya tyurkologiya" jurnalına gələndən sonra başlandı. İş otaqlarımızın arası bir neçə metr idi.

Xüsusi ilə həyatının son 3 ilində xeyli birgə səfərə çıxmışdıq. Ailəvi Şəki səfərlərindən başqa birlikdə Aşqabadda, Alma-Atada, Bişkekdə, bir neçə dəfə Moskvada olmuşduq.1988-ci ildə Ə.Naxçıvani küçəsində, Yazıçılar evində mənzil almışdıq. Qapıbir qonşu idik. Yaxın qonşuluq münasibətlərinin elmi və yaradıcılıq işlərinə təsiri ilə bağlı planlar qururduq. Amma mən o mənzilə köçənə qədər Aydın dünyadan köçdü...

Aydın pozitiv, həyatsevər insan idi. Bu gün onu xatırlayanda yadıma bir yerdə dinlədiyimiz maraqlı bir əhvalat düşdü.

1988-ci ildə Moskvada olanda məşhur türkoloq, eyni dərəcədə məşhur "Русские фамилии тюркского происхождения" kitabının müəllifi Nikolay Aleksandroviç Baskakovun yanına getmişdik. Daha doğrusu, Aydının onunla görüşü vardı, mənə də birgə getməyi təklif etdi. Baskakov özünün türk kökləri ilə fəxr edən, bunu heç vaxt gizlətməyən rus ziyalılarından idi və çox da söhbətcil, baməzə kişi idi. Elmi söhbətlərdən yorulandan sonra bizə başına gəlmiş lətifəvari bir əhvalat danışdı.

Deməli, qaraqalpaq, ya da özbək əsilli gənc və gözəl bir aspirantı olur. Xanım dissertasiyasına bitirib elmi rəhbərinə verir. Baskakovun gözlərində problem yarandığından xeyli müddət dissertasiya ilə tanış ola bilmir. Təklif edir ki, qız gəlib işi evdə oxusun, o qeyd və məsləhətlərini desin. Lakin qız gəlmək istəmir. O biri tərəfdən də müdafiə şurasının vaxtının bitməyinə az qalır. Xanım belə getsə çox gözləməli olacağını görüb nəhayət dəvəti qəbul edir. Bir neçə gün dalbadal gəlib işi oxuyur, rəhbərinin müsbət rəyini alır. Baskakov rəyə imza atandan sonra aspirantını qapıya qədər yola salır, qapının ağzında əlindən tutub zarafatla deyir: "Вот видишь, проблему решили благополучно. Как говорится, и волки сыты, и овцы целы. А ты боялась...". Gənc xanım gülərək qocanın əlini bərkdən sıxır, gözlərində cinlər oynayan bir təbəssümlə "И это всё? Вот этого и я боялась!" - deyərək fırlayıb qapıdan çıxır.

Həmin vaxt yaşı artıq 80-i keçmiş Nikolay Aleksandroviç hadisəni danışandan sonra sadəlövh bir şəkildə bizdən soruşdu: "Ребята, как вы думаете, она издевалась надо мною, или действительно думала, что у меня было какое-то нехорошое намерение в отношение к ней?"

Biz hər şeyi qızın güclü yumor hissinə və hazırcavablığına bağladıq. Amma o gündən sonra "И это всё?" sözləri sevimli ifadəmizə çevrildi. Yarlmçıq görülən iş, yerinə yetirilməyən vəd haqqında danışanda "И это всё?" kəlamını yada salırdıq...

Aydının yarıda qırılmış ömrü də məndə eyni sualı doğurur.


Vilayət Quliyev
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.