Prezident ÜST-ü hədələdi: Trampın izi ilə gedəcəyik
6-06-2020, 14:28
Braziliya Prezidenti Jair Bolsonaru ABŞ-dan sonra Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılacağı ilə bağlı qurumu hədələyib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Jair Bolsonaru ABŞ lideri Donald Trampın ÜST-ün maliyyəsini dayandırmaq qərarını xatırladıb və Braziliyanın onun izi ilə gedəcəyini açıqlayıb. Prezident qurumu ideoloji əsas olmadan işləməyə çağırıb.
“Sağlamlıq baxımından tədbirlərin həyata keçirilməsində kənardan gələn insanlara ehtiyacımız yoxdur”, - deyib.
Bundan əvvəl Cenevrədəki mətbuat konfransında təşkilatın sözçüsü Marqaret Harris koronavirus səbəbilə qoyulan məhdudiyyətləri aradan qaldırdığı üçün Braziliyaya çox tələsik davrandığı barədə xəbərdarlıq etmişdi. O, Latın Amerikasında COVID-19-un ciddi narahatlıq yaratdığını qeyd etmişdi.
Xatırladaq ki, Ağ Ev ÜST-ə maliyyə yardımını aprelin ortalarında dayandırıb. Tramp “Cavabdakı səhvlər və koronavirusun yayılmasının gizlədilməsi” məsələsi araşdırılmayana qədər belə bir tədbirin qüvvədə qalacağını deyib. Prezident aprelin sonunda ÜST ilə Çini SARS-CoV-2 barədə məlumatları gizlətməkdə ittiham edib və mümkün fərziyyənin araşdırılması barədə tapşırıq verib.
İyunun 6-na olan məlumata görə, dünyada 6,69 milyondan çox insan koronavirusa yoluxub, onlardan 392 min nəfəri ölüb, 2,9 milyonu sağalıb. Ən çox yoluxanlar ABŞ, Braziliya, Rusiya, İngiltərə və İspaniyadadır.